Onlayn ictimai-siyasi qəzet
Türkiyə liderinin mayın 9-da Vaşinqtonda Baydenlə görüşü gözlənilir; masada “F-35", Qəzza, Ukrayna, Cənubi Qafqaz var...
Türkiyə-ABŞ münasibətlərində dönüş baş verə bilər. Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə mayda nəzərdə tutulan səfəri əlaqələrin axara düşməsi üçün fürsət kimi dəyərləndirilir. Hətta bir sıra anlaşmaların əldə edilməsi də mümkündür. Türkiyə mediasının xəbərinə görə, ABŞ-da keçiriləcək seçki prosesi ilə bağlı təqvimdə sıxlıq olmasa, prezident Ərdoğan mayın 9-da Vaşinqtonda amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.
Lakin rəsmi Ankara heç bir informasiya yaymayıb. Əgər bu səfər baş tutsa, tərəflər “F-35" məsələsində problemləri həll edə bilər. ABŞ Türkiyə ilə onun "F-35" qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, biz "F-35" proqramının Türkiyə üçün "S-300" və ya "S-400" raketlərinin istifadəsi ilə uyğun olmadığına dair fikrimizi dəyişməmişik. “Ona görə də biz bu müzakirələri davam etdiririk və əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman onun "F-35" proqramına doğru hərəkəti bərpa oluna bilər”, - deyə Ağ Ev rəsmisi bildirib. Görüş baş tutarsa, Ərdoğanla Bayden Qəzza mövzusunu da müzakirə edəcək. Ötən ilin dekabrında da liderlər Qəzza hadisələri ilə bağlı telefonla danışmışdılar. İsveçin NATO-ya üzvlüyü, “F-16" qırıcıları ilə bağlı məsələlər, eləcə də ikitərəfli əlaqələr müzakirə edilmişdi. Bəs Türkiyə prezidentinin Vaşinqton səfəri indiki situasiyada nə vəd edir? Amerika Türkiyəsiz bölgədə hansısa proses həyata keçirməyin mümkünsüzlüyünü artıq dərk edirmi? ABŞ-da "F-16", Yaxın Şərq, o cümlədən Cənubi Qafqazla, bu kontekstdə Azərbaycan-Ermənistan arasında sülhlə bağlı müzakirələr nəticə verə bilərmi?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-Türkiyə münasibətləri son aylarda düzəlmək ovqatındadır. Q.Hüseynli iki NATO dövlətinin əlaqələrinin pisləşməsinin onların maraqlarına xidmət etmədiyini düşünür. “Ərdoğanın ABŞ səfəri reallaşarsa, xüsusən Qəzza və Ukrayna müzakirə ediləcək. Hər iki münaqişə zonasına Vaşinqtonla Ankaranın fərqli baxışı var. Türkiyə koalisiyaya və sanksiyalara qoşulmayıb. Ankara çalışır ki, Moskva ilə Kiyev arasında atəşkəs əldə edilsin. Amma Qəzza müharibəsində Türkiyə ABŞ-ın müttəfiqi olan İsraili ittiham edir. Zənnimcə, "F-35" qırıcıları mövzusu da masada olacaq. ABŞ artıq sözəbaxan Türkiyə olmadığını qəbul etməkdədir. Digər tərəfdən, Türkiyənin Cənubi Qafqazda varlığı ABŞ-NATO cəbhəsini qane edir. Yəni ümumi strategiyaya ayrı-ayrı kiçik mübahisəli mövzular zərbə vurmamalıdır. Vaşinqton bunu yaxşı başa düşür".
Ramiyə Məmmədova
Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova hesab edir ki, səfər haqda dəqiq tarix göstərilməyib, sadəcə, mətbuat yazır. Onun fikrincə, Vaşinqton-Ankara münasibətləri Baydendən sonra düzələ bilər. Ekspert Trampın seçkidə qələbə şanslarının yüksək olduğunu düşünür: “Noyabrdan sonra ABŞ-Türkiyə əlaqələri haqda danışmaq mümkündür. İndiki şəraitdə Baydenlə görüş böyük ölçüdə nəticə verməyə bilər. Çünki seçki gedir və hər hansı anlaşma imzalanmasını gözləmirəm. Hələ o da bəlli deyil ki, cənab Ərdoğan Amerikaya səfər edəcəkmi... Hər halda, rəsmi açıqlamanın yayılması tərəfdarıyam”. Ekspert iki ölkə arasında müzakirə edilməli çox məsələlər olduğunu bildirir: “Ukrayna mövzusu prioritetdir. İsrail-HƏMAS toqquşması, Suriya, İran, Cənubi Qafqaz mövzuları aktualdır. Bundan başqa, hərbi sahədə müttəfiqliyin inkişaf etdirilməsi vacibdir. Amma Türkiyənin NATO ölkəsi olaraq Rusiya ilə yaxşı münasibətlər saxlaması, sanksiyalara qoşulmaması Baydeni qane etmir”. Analitik istisna etmir ki, iki dövlət "F-35" məsələsində bütün problemləri həll edə bilər: ”Türkiyə noyabrdan sonrakı Amerika ilə münasibətlərə hazırlaşır. Əgər Bayden yenə qələbə qazansa, o zaman əlaqələr gözlənildiyi qədər də yaxşılaşmayacaq. Amma Trampın qalibiyyəti bütövlükdə beynəlxalq münasibətlər sisteminə təsir edəcək. Burada Ukrayna müharibəsinin dayanması və Türkiyənin barışcıl mövqedən olan təşəbbüskarlığının artırılması ön plana çıxa bilər".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ