Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Cənab Ərdoğan diqqətə çatdırıb ki, İran hazırda bu məsələyə müsbət yanaşır: “Digər tərəfdən, bizim bu (Naxçıvana) səfərimiz bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "İki dövlət, bir millət" ruhunun bütün dünyaya bəyanıdır. Necə ki, BMT-nin tribunasında bunu bəyan etmişik, necə ki, Azərbaycanın doğma yurdu Şuşada bəyan etmişik, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik".
Nəzərə çatdıraq ki, Zəngəzur dəhlizi ilə bağlı alternativ marşrut daha öncələr də müzakirə olunub. İran müəyyən dönəmdə cığallıqlar etsə də, Ərdoğanın açıqlamasından belə başa düşülür ki, Tehran başa salınıb. Ermənistan başa düşməmiş deyil ki, Zəngəzur dəhlizi böyük imtiyazlar və qlobal layihədir. Bu baxımdan, Ermənistanın dirənişi şübhəsiz ki, xarici təsir dairələrinin, bəlkə də İranın təzyiqinin nəticəsidir. Tehran mümkündür ki, bu qlobal layihədən qazancı özünə çəkmək istəyir...
Ərdoğanın dediyi variant realdırmı?
Əhəd Məmmədli: “Biz istənilən halda Zəngəzur hədəfimizdən imtina etməməliyik”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli sona qədər Zəngəzur məsələsində dövlət olaraq irəli getməyimizi vacib sayır: “Eksklavımız olan Naxçıvan Muxtar Respublikasının, Azərbaycanın digər hissəsi ilə birləşdirəcək dəhlizin İrandan keçəcəyi haqqında məlumatlar əvvəl də yayılmışdı. Xəbərlər verilirdi ki, Azərbaycan və İran rəsmiləri bu haqda hətta razılığa da gəliblər. Sonra bu mövzu öz inkişafını tapmadı. Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda ölkə başçısı İlham Əliyevlə görüşdə "dəhliz İrandan keçə bilər" sözləri düşünürəm ki, yenə bu mövzunu aktual edə bilər. İrana gəldikdə isə, əgər dəhliz bu ölkədən keçəcəksə, artıq buna Zəngəzur dəhlizi demək, məncə, düzgün olmaz. Üstəlik, bununla da Tehran Ermənistanla sərhədini qorumuş olur, həm də dediyiniz kimi gözlənilən İpək yolu qlobal layihənin pay sahibi olur. Hesab edirəm ki, biz istənilən halda Zəngəzur hədəfimizdən imtina etməməliyik. Anlayırıq, çətindir, İran imkan vermir, Qərb təzyiq edir və s. Amma yenə də Zəngəzur məsələsində dövlət olaraq dirənişimizi göstərməliyik. Nail olmalıyıq ki, Zəngəzur dəhlizi açılsın və bu qədim türk torpağına Azərbaycan nəzarət etsin".
Elxan Şahinoğlu: “Sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizi istiqamətində ciddi addımlar atmaq mümkündür”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zəngəzur məsələsində seçimin Ermənistan tərəfində olduğunu söylədi: “Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə bir çox mövzunu müzakirə etdi. Bəli, bu sırada Zəngəzur dəhlizi mövzusu da var idi. Bu çox vacib dəhlizdir. Türk dünyasını birləşdirən layihədir. Təəssüf ki, hələ Ermənistan bu layihəyə müqavimət göstərir. Azərbaycan uğurlu antiterror tədbirləri həyata keçirəndən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması perspektivləri artıb. Artıq Paşinyan Qarabağ yükündən qurtulub. Əgər bu ilin sonuna qədər sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizi istiqamətində ciddi addımlar atmaq mümkündür. Sadəcə, Ermənistan tələb edir ki, dəhliz açıq olmamalıdır. Halbuki Azərbaycan onda israr edir ki, dəhliz açıq olmalı, yoxlama olmamalıdır. Rahat yüklər də daşınmalıdır. İnsanlar rahat şəkildə gedib-gəlməlidirlər. Hələ ki fikir ixtilafları var. Ərdoğan haqlıdır. Ermənistan uzatsa, özünə ziyan edəcək. Çünki ötən ilin mart ayında Azərbaycanla İran arasında memorandum imzalanıb. İran ərazisinə Güney Azərbaycandan da nəqliyyat yolu çəkmək mümkündür, dəmir və avtomobil yolu. Bütün xərcləri Azərbaycan öz üzərinə götürəcək. Burada problem odur ki, İran-Azərbaycan münasibətlərində də gərginlik var. Amma bu gərginlik ortadan qalxsa, Ermənistan uduzacaq. Yol Cənubi Azərbaycandan keçəcək ki, milli baxımdan da bu bəlkə bizə daha uyğun oldu. Ermənistan itirəcək və bölgədə əhəmiyyəti bir qədər də azalacaq. Ona görə də seçim Ermənistanındır. Ya qısa müddətdə Azərbaycan və Türkiyənin təkliflərini qəbul edəcək, özü də regional layihələrin iştirakçısına çevriləcək, ya da radikalların təzyiqləri ilə Paşinyan razılaşmayacaq. Nəticədə Ərdoğanın da dediyi kimi, alternativ variant, yəni İran üzərindən nəqliyyat dəhlizlərinin keçirilməsi üzərində ciddi çalışmaq məcburiyyətində qalacağıq”.
Asif Nərimanlı: “İran alternativ marşrut olsa da, əsas prioritet yenə də Zəngəzur dəhlizidir”
Siyasi analitik Asif Nərimanlı rəsmi Tehranın razılığını ifadə etdi: “Ərdoğanın açıqlaması hər şeydən öncə Ermənistana kommunikasiyalardan kənarda qalacağına dair mesajdır və bu, İrəvana vəziyyəti izah etmək məqsədi daşıyır. Lakin İran marşrutu da alternativlərdən biridir və Tehran da buna razıdır. İran əvvəl bölgədəki reallığı dəyişdirmək cəhdi edirdi, amma buna nail ola bilməyəcəklərini anlamış kimi görünürlər. Qarşıdakı dövrdə bölgədə regional birlik məsələsi aktuallaşacaq, bunun təməlini "3+3" formatı təşkil edir və İran regional layihələrdə iştirak etməkdə maraqlıdır. Amma qeyd etdiyim kimi, İran alternativ marşrut olsa da, əsas prioritet yenə də Zəngəzur dəhlizidir. Bu, təkcə Bakı və Ankaranın yox, həm də Moskvanın istəyidir. Rusiya öz hərbçilərinin nəzarət etdiyi bu dəhlizə bölgədəki yeni platsdarm və nəqliyyat layihələrində paya sahib olmaq kimi baxır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ