İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SON DƏQİQƏ açıqlamaları

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunda çıxış edir.

Musavat.com "Haber Global"a istinadən Türkiyə liderinin çıxışını təqdim edir:

“Savaşların, toqquşmaların və ölümlərin ağrı-acısını ürəyində daşıyan bütün məzlumlara ölkəm və millətim adından salam göndərirəm.

Dünyanın müxtəlif ölkələrindən forumumuza təşrif buyuran qonaqlara təşəkkür edir, təşkilata dəstək verən bütün qurumları təbrik edirəm.

Forumun dünya miqyasında xarici siyasət və beynəlxalq hadisələr baxımından qazandığı xüsusi diqqətdən məmnunluq duyuram. Antalyadan dünyaya verdiyimiz sülh və dostluq mesajı bu forumu bənzər tədbirlərdən fərqləndirir. Qlobal diplomatiyanın ürəyi 3 gün boyunca Antalyada döyünəcək.

Terror, aclıq, yoxsulluq, irqçilik, islamofobiya və iqlim böhranı kimi qlobal problemlərlə mübarizədə beynəlxalq ictimaiyyətin yetərsiz qaldığını görürük. “Dünya beşdən böyükdür”, çünki bəşəriyyət beşdən böyükdür. Türkiyə bu mesajı dünyaya ən rahat şəkildə verə bilən ölkələrdən biridir. Biz rahat bir coğrafiyada yerləşmirik – daim böhranların potensial mənbəyi olan bir bölgədəyik. Tarix boyu belə olub. Birinci Dünya Müharibəsindən Soyuq Müharibəyə qədər ən çox təsirlənən coğrafiya məhz buradır. Bu gün də bir çox münaqişə və savaşlar bizim yaxın ətrafımızda baş verir. Biz bu bölgənin yalnız sakinləri yox, həm də sahibləriyik. Min ildir buradayıq və əsrlər boyu burada olmağa davam edəcəyik.

Biz artıq qarşıdurmaların deyil, uzlaşmanın, qan və göz yaşının deyil, rifahın hakim olduğu bir coğrafiyada yaşamaq və övladlarımıza da belə bir dünya buraxmaq istəyirik.

Qonşularımızla yaxşı münasibətlər quraraq, tərəflər arasında dialoq yaratmaqla ölkəmizin ətrafında sülh qurmaq niyyətindəyik. Heç kimin torpağında və ya sərvətində gözümüz yoxdur – biz insanlara və insan həyatına dəyər veririk.

Biz, qonşumuz Suriya ilə bağlı 14 illik münaqişənin ağırlığını daşıyan ölkələrdən biriyik. Əldə olunmuş fürsətin boşa getməsinə izin verməyəcəyik. Suriya ilə bağlı torpaq bütövlüyü və sabitliyi özümüzdən ayrı görmürük.

Bizim məsələləri dialoqla həll etməyə üstünlük verməyimiz heç kim tərəfindən yanlış başa düşülməməlidir. Türkiyə xarici siyasətdə gizli niyyətlərlə deyil, prinsiplərlə hərəkət edən bir ölkədir. Bütün bölgə xalqları üçün sülh, rifah və təhlükəsizlik istəyirik.

Hörmətli Tramp və cənab Putinlə daim anlayış və dialoq içindəyik. Lazım olan bütün addımları atmaqda qərarlıyıq. Biz həm Avropa ölkəsi, həm də Asiya və Afrika ölkəsiyik”.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR