İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana qarşı su-qəsd planı? – Türkiyədə seçkilər yaxınlaşdıqca...

Bu günlərdə “Rossiya-1" telekanalının efirində yayımlanan ”Solovyovla axşam" tok-şousu zamanı ekspertlər Rusiya-Türkiyə tərəfdaşlığı barədə fikir mübadiləsi aparıblar. Qonaqlardan biri - Rusiya Strateji Kommunikasiya Mərkəzinin direktoru Dmitri Abzalov Ankaranın Moskva üçün çox vacib tərəfdaş olduğunu bildirib.

“Ərdoğan bir çox məqamlarda NATO və ABŞ-ın planlarına qarşı çıxaraq ədalət tərəfində olur”, - deyə o qeyd edib.

Bu zaman verilişin aparıcısı Vladimir Solovyov isə onun sözünü kəsərək belə bir ifadə işlədib: “Amma bizdə belə bir əminlik yoxdur ki, Ərdoğan bir ildən sonra sağ-salamat olacaq. Ona qarşı artıq bir dəfə sui-qəsd təşkil olunub (15 İyul hərbi çevriliş cəhdi nəzərdə tutulur - red). Belə bir şey yenidən ola bilər. Bu, Amerikanın məkrli planıdır. Onu aradan götürmək üçün avtomobili partladıla və yaxud hər hansı bir qiyam maliyyələşdirilə bilər”.

Putin State TV Ally Once Said Anyone Invading Ukraine Would Be a Criminal

Vladimir Solovyov

Solovyevin rəsmi Kremlin ruporlarından biri olduğunu nəzərə alsaq, onun fikirləri çox düşündürücüdür. O, niyə belə desin ki? Bu onun şəxsi proqnozudur, yoxsa...

Xatırladaq ki, gələn il iyunda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Şeçkilər yaxınlaşdıqca belə bir ehtimal nə dərəcədə ciddiyyət qazana bilər?

Bəllidir ki, ABŞ prezidenti Co Bayden hələ prezidentliyə namizəd olarkən Ərdoğan iqtidarının dəyişdirilməsini hədəflərdən biri olduğunu gizlətməmişdi. Gələn ilki seçkilər isə bir çox anlamda qardaş ölkə üçün kritik sayılır. Eyni zamanda, Cümhuriyyətin 100-cü ildönümünə təsadüf eləməklə yeni bir eranın başlanğıcı hesab ediləcək.

Mövzuya yaxından-uzaqdan dəxli olan maraqlı bir detal: xəbər verildiyi kimi, Ərdoğan AK Partiya toplantısında Putinin taxıl müqaviləsini dayandırmasından sonra yaranan böhranın Türkiyənin səyləri nəticəsində aradan qaldırıldığını söyləyib. Görüşdən sonra Türkiyə liderinin jurnalistə verdiyi cavab isə gündəm olub. Belə ki, mətbuat mənsubları “Putini necə razı saldınız” deyə soruşub. Ərdoğan isə “Öncə Baydenə, sonra sizə deyəcəm”, - bildirib.

Türkiyə rəhbərinin yaxın günlərdə mövzu ilə bağlı daha ətraflı açıqlama verməsi gözlənilir. Lakin niyə məhz öncə Baydenə? Ərdoğan bununla nəyə işarə edir?

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

 İlham İsmayıl 

“Təhlükəsizlik” Araşdrıma Mərkəzinin rəhbəri İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, ABŞ-ın Türkiyə prezidentinə sui-qəsd planının olması doğru deyil: “Amerika Ərdoğana sui-qəsd etməyəcək. Mümkündür ki, ona müxalif olan qüvvələri dəstəkləyəcəklər. Kürdlərə, HDP-yə dəstək verməklə onu zəiflətməyə çalışacaqlar. Türkiyədə seçkilər öncəsi elə addımlar ata bilərlər ki, ölkədə iqtisadi durum daha da çətinləşər. Türkiyə iqtisadiyyatının inflyasiya həddinə gətirilməsi üçün planlar ola bilər. Yəni Ərdoğanın seçki yolu ilə uzaqlaşdırılmasına nail olmaq üçün çalışacaqlar. Amma sui-qəsdlə onun uzaqlaşdırılması planı yoxdur. Belə planlar Rusiyanın, solovyovların təfəkkürünün məhsuludur. Paşinyana sui-qəsd ürəklərindən keçir, bunu açıq demirlər, amma hərəkətlərindən sezilir”.

Mərkəz rəhbəri deyir ki, Co Baydenlə Rəcəb Tayyib Ərdoğanın münasibətləri gərgindir: “Xüsusilə İsveçrə və Finlandiya ilə bağlı məsələlərdə bu narazılıqlar açıq görünürdü. Gələn il Türkiyədə seçkilər keçiriləcək. Əlbəttə ki, hazırda Ərdoğan üçün ölkədaxili durum o qədər də yaxşı deyil. Ciddi iqtisadi problemlər var. Bundan istifadə etməyə çalışacaqlar. Co Bayden hələ prezident seçilməzdən öncə Ərdoğanla bağlı fikirini açıqlayıb, onun postundan uzaqlaşdırılmasını hədəf kimi göstərib. Əvvəlki Türkiyə siyasəti belə idi ki, birmənalı şəkildə ABŞ-ın istəkləri həyata keçirdi. ABŞ-ın dediklərinə Türkiyə ”ləbbeyk" deyirdi. Hətta Türkiyənin maraqlarına ziyan olsa belə, ABŞ-ın maraqlarına uyğun addım atılırdı. ABŞ belə məsələlərdə adətən demokratiyanı önə çəkib istəklərinin təmin olunmasına nail olmağa çalışır. Demokratiya bəzi hallarda bir pərdədir. ABŞ bu gün Səudiyyə Ərəbistanı ilə də dostluq edir. Məgər Səudiyyə Ərəbistanında demokratiya var? Ərdoğan bir lider olaraq öz mövqeyini yeri gələndə çox kəskin şəkildə yeritdiyi üçün Bayden onu qəbul etmir. Bundan öncəki ABŞ prezidenti Donald Tramp da müəyən mənada Ərdoğanı qəbul etmirdi. Amma bu, ona qarşı sui-qəsd həddinə qədər addımların atılacağını heç bir halda şərtləndirmir".

Müsahibimizin sözlərinə görə, hazırda Türkiyədə iqtisadi durum olduqca gərgindir və bu, gələn il keçiriləcək seçkilərdə Ərdoğanın əleyhinə işləyən əsas amildir: “Bundan başqa, Ərdoğana qarşı cəmiyyətdə kifayət qədər əks qüvvələr, etirazlar var. Əsas narazılıqlar isə iqtisadiyyatdan qaynaqlanır. Amma Ərdoğanın komandası da çalışır. Bu gün ”TOGG"u işə saldılar, sabah buna oxşar layihələr, ehtiyat variantları da işə sala bilərlər. Türkiyə iqtisadiyyatında yeni dövr başlaya bilər. Belə bir durumda 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın seçiləcəyini və ya seçkiləri qazanmayacağını söyləmək çətindir".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR