Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin oktyabr ayında Rusiyanın Kazan şəhərində keçirilən BRICS Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bir araya gəlib.
Musavat.com hər iki ölkənin mediası və rəsmi qaynaqların yaydığı məlumat əsasında bildirir ki, görüş liderlər üçün regional və qlobal gündəmin müzakirəsi baxımından əhəmiyyətli bir platforma təqdim edib.
Görüş zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsinin gedişatı və bu çərçivədə diplomatik həll yolları müzakirə olunub. Eyni zamanda, İsrailin bölgədə artan təcavüzkar mövqeyi də masaya yatırılıb. Ərdoğan və Putin, bölgədə gərginliyin azaldılması üçün atılacaq addımlar və sülh yolu ilə həll variantları barədə fikir mübadiləsi aparıblar. Liderlər, BRICS üzvü ölkələrin İsrailin Fələstinə qarşı təcavüzkar mövqeyinə qarşı birgə mövqe sərgiləməsinin, Fələstin xalqının haqlı mübarizəsinə güc qatacağını vurğulayıblar.
Prezident Ərdoğan, Türkiyənin PKK/YPG və digər bütün terror təşkilatları ilə mübarizəsində qətiyyətli olduğunu və bu məsələdə Rusiya ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Görüşdə, terrorla mübarizə sahəsində iki ölkə arasındakı əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi zərurəti vurğulanıb.
Görüş, Türkiyə-Rusiya münasibətlərinin gələcəyi baxımından konstruktiv atmosferdə keçib və hər iki lider regional sülh və sabitlik mövzusunda əməkdaşlığa açıq olduqlarını bir daha bəyan ediblər. Ərdoğan və Putin, yaxın gələcəkdə fərqli platformalarda da bu əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını ifadə ediblər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ