Onlayn ictimai-siyasi qəzet
“Türkiyədə qaz qovşağı layihəsini həyata keçirməkdə hələ də qərarlıyıq, onu ilin sonunadək işə salacağıq”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-i gecə Ankarada qələbə çıxışında deyib.
Xatırladaq ki, Türkiyədə qaz habının yaradılması təklifi ilə ilk dəfə ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin çıxış edib. Ukraynaya hücumdan sonra Avropanın Rusiya qazından imtinası Moskvanın öz məhsulunu satmaq üçün başqa variantlar tapmağa çalışmasına səbəb olub. Putinin təklifini Türkiyə Prezidenti müsbət qarşılayıb və dərhal işlərə başlanıb.
Rusiyalı ekspertlərin hesablamalarına əsasən, 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr - cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Əgər Türkiyə və Avropa ölkələrindən tələbat artarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər. Qardaş ölkənin hazırda Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var. Azərbaycandan Cənub Qaz Dəhlizi ilə ildə 25 milyard kubmetr qaz daxil ola bilər.
Beləliklə, hazırda Türkiyənin 3 ölkədən qaz cəlb etmək potensialı illik 82,5 milyard kubmetrdir. 2022-ci ildə ölkənin özünün boru qazı istehlakının 39,7 milyard kubmetr olduğunu nəzərə alsaq, Türkiyənin formalaşdırılmaqda olan qaz habı ilə Avropaya ildə 42,8 milyard kubmetr qaz ötürmək imkanı ola bilər. Cənub Qaz Dəhlizinə daxil olan TANAP-ın genişləndirilməsi və digər planlar reallaşarsa, bu həcmi 75 milyard kubmetrə çatdırmaq mümkündür.
Türkiyədən Avropaya qaz ötürən iki xətt var: “Türk axını”nın Balkana uzanan hissəsi ilə ildə 15,6 milyard kubmetr (2022-ci ildə 11,6 milyard kubmetr ötürülüb -red.), Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP-la isə ildə 12 milyard kubmetr qaz ötürmək imkanı var. Azərbaycan 2027-ci ilədək TAP-ın genişləndirilməsi planını icra edərsə, ötürücülük gücü ildə 20 milyard kubmetrə çatacaq. Beləliklə, 2027-ci ildə Türkiyə qaz habından Avropaya 35,75 milyard kubmetr qaz ötürmək imkanında olacaq.
Rusiya ekspertləri bildirirlər ki, Azərbaycan qazının ixrac qiymətini bp başda olmaqla xarici şirkətlər konsorsiumu müəyyən etdiyinə görə, Türkiyə yalnız Rusiyadan aldığı qazı özünə sərf edən qiymətə əldə etmək və satmaq imkanında olacaq.
Lakin rusiyalı analitiklərin Türkiyəni bu məsələdə tamamilə Rusiyadan asılı tərəf kimi təqdim etmələrinə baxmayaraq, Ankaranın imkanları yalnız bu ölkəylə bağlı deyil. Əvvəla, TANAP-ın ötürücülük gücünün ikiqat artırılması Türkiyəyə Azərbaycandan daha çox qaz almaq imkanı yaradacaq. Özü də bu qaz yalnız xarici konsorsiumların qazı olmayacaq. Belə ki, Azərbaycanın “Şahdəniz”dən əlavə də qaz yataqları var. Onlardan biri olan “Abşeron” yatağından ilk qazın hasilatına yaxın həftələrdə başlanacaq. Bu yataqdan çıxarılacaq illik 1,5 milyard kubmetr qaz daxili tələbatın ödənməsinə yönəldiləcək, nəticədə Azərbaycan həmin həcmdə qazı ixrac etmək imkanı əldə edəcək. Bundan əlavə, “Ümid” yatağından hasilat getdikcə artırılır. Bundan əlavə, 2026-cı ilin sonunadək Azərbaycanda 1,8 QVt gücündə külək və günəş enerjisi istehsalı imkanı yaradılacaq. Bu isə 1 milyard kubmetr qazın elektrik enerjisi istehsalından ixraca yönəldilməsi potensialı deməkdir. Azərbaycan həmçinin “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarından, “Babək” strukturundan da qaz hasilatını təmin edəcək.
Türkiyənin daha bir imkanı ölkənin özündə qaz hasilatına başlanması ilə yaranıb. Hələlik gündəlik 10 milyon kubmetr olan hasilatın sürətlə artırılması nəzərdə tutulur. Digər tərəfdən, Akkuyu Atom Elektrik Stansiyasından əldə edilən elektrik enerjisinin həcmi artıqca, ölkənin daha çox qazı enerji istehsalından qaz habı vasitəsilə ixraca yönəltmək imkanı yaranacaq. Nəhayət, Türkiyənin maye qaz terminallarının gücü imkan verəcək ki, daha çox maye qaz alaraq onu adi qaza çevirib Avropaya ötürsün. Avropanın Türkiyədən qaz alan cənubunda maye qaz terminalları yox dərəcəsindədir. Bu infrastrukturun qurulması illərlə vaxt və milyardlarla dollar investisiya qoyuluşu tələb edir. Cənubi Avropa ölkələrinin belə imkanları olmadığına görə onlar boru qazına möhtac durumdadırlar.
Beləliklə, aydın olur ki, Türkiyədəki qaz habı yalnız Rusiya qazından asılı olmayacaq. Türkiyənin qaz habı layihəsi üçün yeganə təhlükə qaz qiymətlərinin kəskin azalması ola bilər. Lakin yaxın və ortamüddətli perspektivdə bunun baş verəcəyi real görünmür. Rusiyanın şantajından qurtulmaq üçün Avropa qaz istehlakını kəskin azaltmalı olub. Xüsusilə sənayedə qazdan istifadənin azaldılması iqtisadiyyat üçün problemlər yaradır. Bu baxımdan, təklif imkanları genişləndikcə, istehlakın da artacağı şəksizdir.
Hazırda Avropada qazın qiyməti 280 dollar civarındadır. Yaz başlayandan qaz qiymətləri 45 faiz ucuzlaşıb. Buna mülayim keçən qışdan anbarlarda böyük həcmdə ehtiyatların qalması səbəb olub. Artıq Avropanın qaz anbarlarında 75,3 milyard kubmetr ehtiyat toplanıb ki, bu da ümumi gücün 68,87 faizi deməkdir. Avropa eyni zamanda maye qaz idxalını kəskin artırıb. Mayda qitənin maye qaz terminallarından qaz təchizatı şəbəkəsinə rekord həcmdə - 12,16 milyard kubmetr qaz daxil olub. Lakin Avropada istehlakın artması, eyni zamanda Rusiyadan Ukrayna üzərindən gələn qazın dayanması gözlənilir. Artıq Ukrayna tərəfi elan edib ki, öz ərazisindən Rusiya qazının tranzitinə dair müqavilənin müddətini uzatmayacaq. Müqavilənin müddəti isə 2024-cü ilin yanvarında bitir. Bu, Avropaya gündəlik daxil olan 40 milyon kubmetr - illik 14 milyard kubmetr qazın dayanması deməkdir. Belə şərtlər daxilində Türkiyənin qaz habından ötürəcəyi qaza əlverişli qiymətlərlə alıcı tapmaqda da çətinlik çəkməyəcəyi aydın görünür...
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ