İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan-Putin görüşləri: Azərbaycana və Ermənistana nə vəd edir...

Rusiya və Türkiyə liderləri Səmərqənddə görüşəcəklər, kollektiv Qərbin Putin Rusiyasını bitirməyə çalışdığı bir zamanda bu yaxınlaşma təhlükəli deyilmi - ekspert şərhi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin növbəti dəfə görüşəcəklər. “Yeni Müsavat” yazır ki, Özbəkistanın Səmərqənd şəhərində 15-16 sentyabrda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində iştirak edəcək Ərdoğan təşkilata üzv digər ölkələrin də liderləri ilə görüşəcək. Onun xüsusən rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır. Son vaxtlar Putinlə Ərdoğan həm regional, həm də qlobal məsələlərin müzakirəsi ilə bağlı intensiv olaraq görüşürlər. Əlbəttə, Ərdoğan bu görüşlərdə Qarabağa dair xüsusi diqqət ayırır. Eyni zamanda Ukrayna məsələsində prinsipiallıq nümayiş etdirir. Paralelində isə Türkiyə-Rusiya arasında əməkdaşlığın yüksəldilməsi, qarşılıqlı etimadın yaranması, tərəfdaşlıqla bağlı proseslərin yüksəldiyi sezilməkdədir.

Kollektiv Qərbin Rusiyanı və Putini bitirməyə çalışdığı bir zamanda qardaş Türkiyənin və onun prezidenti Ərdoğanın Rusiya lideri ilə bu cür yaxınlaşması təhlükəli deyilmi? Ekspertlərin bu yöndə fikirləri haçalanır. Eləcə də bu yaxınlaşmanın neqativ tərəfləri yaxın gələcəkdə, konkret olaraq, 2023-cü ildə  Türkiyədəki prezident seçkilərində özünü göstərə bilərmi? Bəs Ərdoğan-Putin yaxınlaşması Azərbaycanı necə təsirləndirir? İndiki zamanda Rusiyanı neytrallaşdıraraq, Azərbaycana Qarabağda rahat ‘’işləmək’’ və öz ərazisində suveren haqlarını bərpa etmək imkanları yaradır; lakin bunun müddəti nə qədərdir? Putin Rusiyası artıq Ukraynadakı savaş meydanında məğlub olur və bu prosesin Kremldə hakimiyyət dəyişikliyinə səbəb olacağı qaçılmazdır. Əgər bu dəyişiklik bir ilin zərfində baş verərsə, Ermənistanla münasibətlərimiz və gündəliyimizdəki sülh sazişi nə dərəcədə zərər çəkmiş olar? Əgər post-Putin dövrünə qədəm qoysaq, Qarabağ mövzusunda Fransa və ABŞ-dan bizə təzyiqlər arta bilərmi? Türkiyənin bu məsələdə vəziyyəti necə olacaq? Suallar çoxdur, gedişat isə göstərir ki, Rusiya Ukrayna bataqlığında çabalayır...

Bu arada, Ərdoğanın Putinlə görüşünün gündəliyi açıqlanıb. “CNN Turk” yayıb ki, görüşdə müzakirə olunacaq başlıca məsələ Ukraynadakı vəziyyətlə bağlı olacaq. Habelə Ukrayna taxılının idxalının davam etdirilməsi də müzakirə ediləcək. Türkiyə liderinin rusiyalı həmkarına Ukrayna prezidenti Zelenski ilə görüşü yenidən təklif edəcəyi gözlənilir. Bundan başqa, Ərdoğan Suriyanın şimalında terrorçu PKK qruplaşmasına qarşı antiterror əməliyyatı keçirmək planını Rusiya liderinin diqqətinə bir daha çatdıracaq.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Politoloq Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə-Rusiya əməkdaşlığı xüsusi xarakter daşıyır. Onun fikrincə, bu əməkdaşlığı şərtləndirən amillər var: əsasən də geopolitik və coğrafi faktorlar daha çox prioritetdir. T.Zülfüqarov hesab edir ki, hər iki tərəf öz yerini və nüfuzunu artırmağa çalışır: “Onlara mane olan tərəfi başa düşürlər - bu Qərbdir. O baxımdan gah Türkiyə ilə Rusiyanın yaxın olması, gah bir-birinə konfrontasiyaya getməsini görməkdəyik. Bu, Azərbaycan üçün müsbət haldır. Sadəcə, strateji cəhətdən Türkiyənin yanında olmalıyıq ki, öz maraqlarımızı təmin edə bilək. O ki qaldı Ukrayna müharibəsindən sonra post-Putin dövrünə hazırlığa, indidən bunu müəyyənləşdirmək olar. Yəni Rusiyanın mövqeyi müxtəlif bölgələrdə zəifləyəcək, amma o demək deyil ki, yerini Qərb tutacaq”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə düşünür ki, Rusiya-Türkiyə yaxınlaşması taktiki və zəruri bir mərhələdir. Onun sözlərinə görə, bu ölkələrin uzunmüddətli yaxınlığını təsəvvür etmir: “Amma Qərb cəbhəsinin siyasəti və regiondakı proseslər, Suriya, Liviya, Qarabağ və Ukrayna mövzuları Ankara ilə Moskvanı qarşılıqlı kompromisə getməyə, koordinasiyalı addımlar atmağa vadar edir. Lakin bu siyasət hər zaman dəyişə bilər. Bu gün Putin Ərdoğana böyük hörmət bəsləyir, onunla danışır, hətta Vladivostokda açıqladı ki, taxıl mövzusunda Ərdoğanla məsləhətləşəcək...Yəni Rusiya indi Türkiyədən bərk yapışmağa məcburdur. Putinlə heç bir dünya lideri dialoq aparmır, izolyasiya edilməkdədir, bölgədə isə maraqlar Türkiyə ilə tam toqquşmur deyə münasibətlər inkişaf edir. Azərbaycan isə bu əlaqələrdən yararlanmağa çalışır. Biz Türkiyə ilə Şuşa Bəyannaməsi, Rusiya ilə strateji müttəfiqlik bəyannaməsi imzalamışıq, indi bu münasibətlər fonunda Ermənistanı sülh müqaviləsinə qol çəkməyə vadar etmək siyasəti yürüdürük”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR