İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Blinkenə nə dedi - ABŞ dövlət katibini Türkiyəyə gətirən səbəblər

Politoloq: “Amerika sülh sazişini qardaş ölkə ilə razılaşdırılmış şəkildə həyata keçirmək istəyir”

ABŞ dövlət katibi Antoni Blinken yeni ilin ilk günlərində Türkiyəyə səfər edib. Bölgədə kifayət qədər mürəkkəb vəziyyətin yaranması fonunda Blinkenin qardaş ölkəyə gəlişi anlaşılandır. Hazırda ABŞ və Türkiyə arasında çözümünü gözləyən xeyli məsələlər var.  

Nəzərə çatdıraq ki, yanvarın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib. Görüş İstanbulda Vahdettin Köşkündə keçirilir. Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyk də iştirak ediblər.

Blinken Türkiyəyə hansı təkliflə gəlmişdi və nə ilə getdi? Nələr razılaşdırıldı?

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Ərdoğan-Blinken görüşünü belə şərh etdi: “ABŞ Dövlət katibi Antoni Blinkenin Türkiyə və digər region ölkələrinə səfəri ənənəvi xarakter daşımır və qütblərarası ziddiyyətin dərinləşməsi fonunda Qərbin mövqeyini gücləndirməyə hesablanıb. Sirr deyil ki, Türkiyə bütövlükdə Yaxın və Orta Şərqə münasibətdə kilid coğrafiya və açar hərbi-siyasi gücdür. Regionda nəinki uğur qazanılması, hətta mövqelərin qorunması üçün belə Ankara ilə hesablaşılmalı, yaxud Türkiyənin maraqları ilə uzlaşılması şərtdir. O cümlədən də Şərq-Qərb qarşıdurmasının açıq silahlı münaqişə formasına transformasiya olunduğu Yaxın Şərqdə Ankaranın mövqeyinin nəzərə alınmaması sadəlövhlük olar və Vaşinqton bunu yaxşı başa düşür. 

Xüsusən İran və Türkiyə arasında ziddiyyətlərin nisbətən arxa plana keçdiyi, Ankara və Tehran arasında Fələstin məsələsi üzrə faktiki vahid mövqeyin formalaşması fonunda yaxınlaşmanın müşahidə olunduğu bir situasiyada əslində ABŞ Dövlət Katibinin Türkiyə səfəri zərurət idi.

Bildiyiniz kimi, qısa müddət öncə İran Prezidentinin Türkiyəyə səfəri  planlaşdırılırdı, lakin Kermanda yüzdən artıq insanın həlak olması ilə nəticələnən terror aktı ilə Ankarada yüksək səviyyəli təmaslar təxirə salındı. Məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyü terror aktına görə İran ABŞ və İsraili günahlandırsa da, bu sadəcə iddiadır. Lakin dəyişməyən bir reallıq var ki, ABŞ-ın Kerman hadisələri ilə heç bir bağı olmadığı ehtimalında belə, bu terror aktı Vaşinqtona əhəmiyyətli vaxt qazandırdı. Xüsusən terror aktının Ankara-Tehran siyasi trafikində ləngiləmələrə gətirib çıxarması ABŞ üçün yeni gedişlərə, mübaliğəli desək, “at, yaxud fili” oyuna daxil etməyə imkan yaratdı. Blinkenin Türkiyə və digər region ölkələrinə səfəri məhz bu gedişin inikasıdır. 

Görüşün nəticələrinə gəlincə, Türkiyənin indiki mövqeyi aydındır. Amma, təbii ki, dövlətlərin mövqeləri maraqların inkişaf tendensiyasından asılıdır və bağlı qapılar arxasında söhbətin məzmunu, Türkiyəyə verilən vəd, yaxud Ankaranın şərtləri barədə indiki həssas dönəmdə fikir yürütmək çətindir. Amma yalnız bir məqam şübhə doğurmur ki, ciddi siyasi oyunçu olan Rəcəb Tayyib Ərdoğan bu prosesdə Türkiyənin maraqlarını təmin edəcək".

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu səfərin pərdəarxası məqamlarını açıqladı: “Blinken Yaxın Şərq turnesinə çıxarkən qardaş ölkəyə də səfər etdi. Çünki, Türkiyə Yaxın Şərqdə baş verən hadisələrdə aparıcı rolu oynayır. Müxtəlif sülh təşəbbüsləri də var, atəşkəsə çağırışlar edir. Türkiyənin Avrasiya məkanında və Yaxın Şərqdə rolu son zamanlar xeyli artıb. Bunu da Amerika nəzərə almaya bilməz. Yaxın Şərqdə baş verən hadisələri Blinken həm Cümhurbaşqanı Ərdoğanla, həm də xarici işlər naziri Hakan Fidanla müzakirə edib. Çıxış yolları axtarılır. Türkiyənin mövqeyi aydındır. Yəni atəşkəs olmalı, İsrailin Qəzzaya hücumu dayandırılmalı və humanitar məsələlər həll olunmalıdır. Əslində Amerikanın da mövqeyində bu çalarlar var. Sadəcə İsraili əməliyyatları dayandırmaqla bağlı razı sala bilmir. Son zamanlar humanitar mövzunun ağırlıq qazandığını amerikalı rəsmilər də bildirirlər. Çünki, on minlərlə insan həlak olub. HƏMAS-la mübarizə gedir. Mülki insanlar öldürülür və bu da bölgədə vəziyyəti durmadan gərginləşdirir. Həll yolu tapılmalıdır. Ona görə də, Ankarada bu istiqamətdə fikir mübadiləsi aparılıb. Cənubi Qafqazla bağlı da fikir mübadiləsi aparılıb. Çünki Türkiyə də Cənubi Qafqazda aparıcı dövlətdir. II Qarabağ savaşında Azərbaycana böyük dəstəyi olub. Son illərdə Türkiyə faktorunu Cənubi Qafqazda Amerika nəzərə almağa başlayıb. Bölgə dövlətləri olan Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması üçün fəallıqlarını artırıblar. Eyni zamanda, bölgə dövlətləri sülh sazişinin uzaqlarda, yəni Vaşinqton və Brüsseldə deyil, bölgədə imzalanmasının tərəfdarıdırlar. Amerika Azərbaycanla Ermənistan arasında moderatorluğunu davam etdirsə də, onu da anlayır ki, Türkiyənin bölgədəki aparıcı rolu ilə hesablaşmalıdır. Amerikanın Rusiya və İranla münasibətləri gərgindir, yerdə qalıb Türkiyə. Cənubi Qafqazda üç qonşu ölkə var, Rusiya, İran və Türkiyə. Türkiyə həm də NATO ölkəsi olduğundan Amerika məhz sülh sazişinin əldə olunmasını qardaş ölkə ilə razılaşdırılmış şəkildə həyata keçirmək istəyir. Hesab edirəm ki, bu ətrafda da həm Ərdoğan, həm də Hakan Fidanla geniş fikir mübadiləsi aparılıb”. 

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Türkiyə-Amerika arasında hələ həll olunmayan məsələlərin qaldığını bildirdi: “Blinkenin Ankara səfəri Yaxın Şərq turnesinin tərkib hissəsidir. ABŞ dövlət katibi İsrail-Həmas müharibəsinin başlanmasından sonra Yaxın Şərqə dördüncü səfərini edir. Vaşinqtonu iki məsələ narahat edir. Birincisi, Qəzza müharibəsinin necə bitəcəyidir. İsrail müharibəni dayandırmaq fikrində deyil, buna görə ABŞ dilemma qarşısında qalıb. Bir tərəfdən İsrailə dəstəkdən imtina edə bilmirlər, digər tərəfdən, bu mövqe onun Türkiyə də daxil olmaqla ərəb ölkələri ilə münasibətlərini riskə atır. İkincisi, Yaxın Şərqdə yeni və daha böyük müharibə riskidir. Qəzzadan sonra Qırmızı dənizdə baş verənlər bu riski artırır. Bu situasiyada ABŞ-a Türkiyənin dəstəyi lazımdır. Vaşinqton və Ankara arasında fikir ayrılığının olduğu kifayət qədər məsələ var. ABŞ Yaxın Şərqdəki proseslər fonunda Ankaranın dəstəyini almaq üçün bu fikir ayrılıqlarını aradan qaldırmaq fikrindədir. Blinkenin Yaxın Şərq turnesinə Türkiyəyə səfərlə başlamasının səbəbi də budur. ABŞ-ı narahat edən məsələlərdən biri də Türkiyə ilə problemli münasibətlərin Vaşinqtonun Cənubi Qafqaz siyasətinə də təsir edəcəyidir. Çünki Qəzza müharibəsində Vaşinqtonun mövqeyi Ankara tərəfindən qəbul edilmir, buna paralel olaraq, iki ölkə arasında ziddiyyətli məsələlər var və bütün bunlar ABŞ-ın təkcə Yaxın Şərqdəki mövqelərinə yox, Cənubi Qafqazdakı mövqelərinə də mənfi təsir edə bilər, xüsusilə, Azərbaycan-Ermənistan sülh danışıqları fonunda. Blinkenin Ankarada Cənubi Qafqazı da müzakirə etməsi bundan qaynaqlanır. Fikrimcə, mövcud vəziyyətdə ABŞ-ın Türkiyə ilə bütün məsələləri razılaşdırdığını demək çətindir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR