Onlayn ictimai-siyasi qəzet
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov Səudiyyə Ərəbistanında əldə olunan razılaşmaları açıqlayıb.
Musavat.com xəbər verir ki, o, özünün X hesabında Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək və enerji infrastrukturuna hücumlara tam qadağa tətbiq etmək üçün ABŞ ilə razılaşmaların əldə olunduğunu təsdiqləyib:
"Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Bütün tərəflər Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam qadağan edilməsi ilə bağlı prezidentlərin razılaşmalarını yerinə yetirməyə razılaşıblar".
Nazir vurğulayıb ki, "Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq hissəsindən kənara hərəkəti bu sazişin ruhunun pozulması, Qara dənizdə naviqasiya azadlığının təmin edilməsi üzrə öhdəliklərin pozulması və Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək".
Həmçinin, Umerovun sözlərinə görə, "bütün tərəflər enerji və dəniz sazişlərinin həyata keçirilməsinə dəstək vermək üçün üçüncü ölkələrin iştirakını alqışlayır; bütün tərəflər davamlı və dayanıqlı sülhə nail olmaq üçün işləməyə davam edəcək".
O bildirib ki, Birləşmiş Ştatlar məhbusların mübadiləsi və mülki məhbusların azad edilməsinin həyata keçirilməsinə köməklik göstərdiyini təsdiqləyib:
"Sazişlərin səmərəli həyata keçirilməsi məqsədilə onların icrası, monitorinqi və nəzarətin bütün detalları, aspektləri üzrə razılığa gəlmək üçün mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin keçirilməsi vacibdir".
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ