İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək və sosial siyasət komitəsinin iclasında bu məsələlər müzakirə olundu - DETALLAR

İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 2 məsələ daxil edilib.

İclasda, əvvəlcə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Qanun layihəsinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdıran Komitə sədri deyib ki, bu gün yeni rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin surətlə inkişafı fonunda bir sıra peşələrin sıradan çıxması, yenilərinin əmək bazarına daxil olması, həmçinin əhalinin məşğulluğu və işsizlik problemləri bütün dövlətlərin və cəmiyyətlərin qarşısında duran əsas problemlərdəndir.

Untitled (3)-39.jpg (296 KB)

Ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsinin sosial müdafiə siyasətinin tərkib hissəsi kimi daim ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayan Musa Quliyev, təklif olunan dəyişikliklər barədə məlumat verib, bu dəyişikliklərin sosial müdafiəyə ən çox ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının daha da genişləndirilməsi, bu sahədə mövcud olan hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıdığını bildirib. Həmçinin qeyd olunub ki, dəyişikliklər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədilə vəsaitlərin ayrılmasını da nəzərdə tutur.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O, 2018-ci ilin iyun ayında qəbul edilmiş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun məşğulluq sahəsində bir sıra mütərəqqi və zamanın təxirəsalınmaz sosial tələblərindən irəli gələn normaları təsbit etdiyini, ötən 6 il ərzində bütövlükdə 56 adda dəyişikliyi özündə ehtiva edən 14 qanun layihəsinin müntəzəm ardıcıllıqla parlament tərəfindən qəbul edildiyini bildirib.
Təqdim olunan qanun layihəsində 2 maddə üzrə nəzərdə tutulan mahiyyət xarakterli dəyişikliklər barədə danışan şöbə müdiri bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə hər il üçün təsdiqlənən İşsizlikdən Sığorta Fondunun büdcəsində məqsədli proqramların həyata keçirilməsi, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədi ilə vəsaitlər ayrılır. Bununla belə, “Məşğulluq haqqında” Qanunda sözügedən tədbirlərin təşkili qaydaları ilə bağlı müvafiq tənzimləmə yoxdur.

Untitled (2)-42.jpg (279 KB)

Qeyd olunub ki, təqdim edilən qanun layihəsində də məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır.

Əhalinin məşğulluğu ilə bağlı görülən işlərdən danışan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkə başçısı tərəfindən təsdiq olunmuş Məşğulluq və Sosial-iqtisadi inkişaf Strategiyalarının icrasından söz açıb, bu sahədə həyata keçirilən müxtəlif proqramların əhəmiyyətini qeyd edib. O, son illər ərzində qəbul olunmuş “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” mühüm qanunların işsizlikdən sığorta mexanizmlərinin tətbiqini, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizmlərinin formalaşdırılmasını, həmçinin məşğulluq xidmətlərinin yeni modelinin tətbiq edilməsini təmin etdiyini deyib.

Nazir müavini bildirib ki, nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya sistemində Məşğulluq altsistemi və Vakansiya bankı fəaliyyət göstərir və bu sahədə göstərilən bütün xidmətlər elektronlaşdırılıb.

Diqqətə çatdırılıb ki, son altı ildə həyata keçirilmiş islahatlar nəticəsində 545 min şəxs işlə təmin olunub, 131 mindən artıq şəxsin haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğuna nail olunub, 80 minə yaxın şəxsin özünüməşğulluq proqramlarına cəlb olunması təmin edilib.

Untitled (1)-46.jpg (255 KB)

İndiyədək 27 mindən çox şəxsin peşə hazırlığı keçdiyini deyən nazir müavini, bu gün 130-a yaxın peşə hazırlığı mərkəzləri ilə əməkdaşlığın həyata keçirildiyini, həmçinin ölkə üzrə nazirliyin tabeliyində olan mərkəzlərin sayının 10-a çatdırılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd olunub ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq.

Diqqətə çatdırılıb ki, hər iki dəyişiklik sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına çıxışını artırmaq məqsədi daşıyır. Təqdim olunan dəyişikliklər qəbul olunacağı təqdirdə il ərzində əlavə olaraq 15 minə yaxın işsiz və iş axtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması təmin edilə bilər.

Sonra gündəlikdə duran növbəti məsələ barədə danışan Komitə sədri Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda komitənin müzakirəsinə çıxarılıb. Qanun layihəsinin Milli Məclisdə səsə qoyularaq ikinci oxunuşda qəbul edildiyi diqqətə çatdıran Komitə sədri deyib ki, qanun layihəsi ilə bağlı Komitəyə heç bir təklif daxil olmamışdır.

Müzakirələrdə komitənin sədr müavini Məlahət İbrahimqizi, üzvləri Vüqar Bayramov, Aqil Məmmədov, Jalə Əliyeva, Ziyad Səmədzadə, Sevinc Hüseynova, Əziz Ələkbərov və Rauf Əliyev təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, sualları cavablandırıblar.

Müzakirəyə çıxarılan qanun layihələrinin hər ikisi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Tədbirdə komitənin üzvü İlham Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev iştirak ediblər.​

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR