İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əmək pensiyaları haqqında" Qanuna mühüm dəyişikliklər-komitə sədri detalları açıqladı

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə barədə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olmuş və Sizin müzakirənizə təqdim edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə AR Qanun layihəsi pensiya təminatı sahəsində sosial sığorta prinsiplərinin gücləndirilməsi, sosial ədalətin qorunması, pensiya təyinatında vahid yanaşma üsulunun daha geniş dairədə tətbiqi,   pensiya təyinatının avtomatlaşdırılması və proaktiv təyinatların dairəsinin genişləndirilməsi istiqamətlərində hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb.

M.Quliyevin sözlərinə görə, qanunun 5 maddəsinə 17 dəyişiklik və 1 keçid müddəası təklif edilir. 

Dəyişikliklər mahiyyət etibarı ilə 3 istiqaməti əhatə edir:

  1. Dəqiqləşdirici xarakterli texniki dəyişikliklər;
  2. Sosial sığorta prinsipinin daha da gücləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edən dəyişikliklər;
  3. Elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədi ilə təltif edilən dəyişikliklər;

1-ci qrup dəyişikliklər "Əmək pensiyaları haqqında" Qnunun  müvafiq  maddələrini özündə ehtiva edir. Bu maddələrə təklif edilən dəyişiklik qanunun digər maddələrində təsbit olunmuş "hərbi qulluqçulara pensiya təyinatının onların hərbi xidmətdən buraxıldığı gündən" hesablanması müddəasının qeyd edilən maddələrdə də öz əksini tapması zərurətindən irəli gəlmişdir.

2-ci qrup dəyişikliklər də Qanunun bir sıra maddələrinə edilən dəyişikliklərdir. Komitə sədri dedi ki, bu müddəaların bir qədər ətraflı şərh edilməsini məqsədəuyğun hesab edir: “Məlum olduğu kimi "Əmək pensiyaları haqqında" qanunun 20- ci maddəsinin təsir dairəsinə düşən şəxslərə Qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərdə tutulur.

Bu şəxsləri şərti olaraq 3 kateqoriyaya ayıra bilərik:

1-ci kateqoriya. Dövlət qulluqçuları və pensiya təyinatı zamanı onlara bərabər tutulan şəxslər (hakimlər və prokurorlar)

2-ci kateqoriya . Hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər (polis, DTX, gömrük xidməti)

3-cü kateqoriya. 1 səlahiyyət dövrünə görə qulluq əlavəsi almaq hüququ olan şəxslər ( deputatlar, MSK üzvləri, Hesablama Palatası üzvləri, Ombusman).

Yuxarıdakı 1 və 2-ci kateqoriya şəxslərin pensiyalarının hesablanması Qanuna daha əvvəllər edilmiş dəyişikliklərlə sığorta pensiyası prinsiplərinə uyğunlaşdırılmışdır. Belə ki, bu kateqoriyadan olan şəxslərin pensiyası pensiya hüququ yaranan  vaxtda onların vəzifəsində işləyən şəxslərin əmək haqqı və əmək haqlarına əlavələrin cəminin məbləğinə uyğun hesablanır. Misal üçün, əgər hərbi qulluqçu, yaxud dövlət qulluqçusu xidmət dövründə vəzifə maaşı və 2 növ maaşa əlavə alırdısa, o vəzifədən gedəndən sonra 3-4-cü növ yeni əlavə təsis olunarsa, həmin şəxsin pensiyası hesablanarkən yeni təsis edilən bu əlavələr nəzərə alınmır”.

Komitə rəhbəri qeyd etdi ki, hazırda təklif olunan dəyişikliklərin mahiyyəti bu Qanunun  müvafiq maddələrinin təsiri altına düşən şəxslərin pensiya təyinatı aparılarkən yuxarıdakı qaydanın tətbiqinə hüquqi baza yaratmaqla pensiya təminatlarını sığorta pensiyası prinsiplərinə uyğunlaşdırmaqdan ibarətdir: “Belə ki, 1 səlahiyyət dövrünə görə qulluq əlavəsi almaq hüququ olan şəxslər nə vaxt pensiya yaşına çatmalarından asılı olmayaraq, onlara həmin vaxt fəaliyyətdə olan müvafiq səlahiyyətli şəxsin aldığı əmək haqqına görə pensiya hesablanacaqdır. Yəni bu qrupdan olan  şəxslər növbəti dönəmdə vəzifəyə seçilmədikdə, yaxud təyin edilmədikdə yeni təsis olunan əlavələr onların pensiyası hesablanarkən nəzərə alınmayacaqdır. 

Başqa sözlə, hər kəsin pensiyası sonrakı artımlar da nəzərə alınmaqla, onun qazandığı məvacibə uyğun olaraq hesablanacaqdır. Bu həm sosial sığorta, həm də sosial ədalət prinsipinə uyğundur. Onu da qeyd edək ki, layihəyə təklif olunan Keçid Müddəaya görə  bu dəyişikliyin təsir dairəsi Qanun qüvvəyə minənədək 1 səlahiyyət dövrünə görə sığorta stajı əldə etmiş şəxslərə şamil edilməyəcəkdir. Qanunun 20.16.2 maddəsinə təklif edilən dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu qəbildən olan şəxslərin  orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi zamanı onların pensiyasının məbləğinin təminat xərclərinin 60%- dən 70% ə qaldırılması təklif edilir. Layihənin əlavə maliyyə yükü 110 -120 min manat təşkil edəcək. Dəyişiklik təklifinin 3-cü istiqaməti  avtomatlaşdırılmış pensiya sisteminin təkmilləşdirilməsi və proaktiv pensiya təyinatı dairəsini genişləndirmək məqsədi daşıyır. Qanunun 22-1.5 maddəsinə təklif edilən dəyişiklik sosial müavinətdən pensiyaya keçidin qaydasını dəqiqləşdirir”.  

M.Quliyev dedi ki, müzakirəyə təqdim olunan "Əmək pensiyaları haqqında" AR Qanununa dəyişiklik edilməsi barədə Qanun layihəsi pensiya təminatı sahəsində aparılan ardıcıl islahatların mühüm bir mərhələsi kimi əhəmiyyətlidir və sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlığının artmasına xidmət edəcək.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR