İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Kəlbəliyevlə bağlı qərardan protest verildi

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı qərardan protest verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Kəlbəliyev Elşad Məhərrəm oğlunun təqsirləndirildiyi əməlin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməsi və cəzasının azaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından Baş Prokurorluq tərəfindən Ali Məhkəməyə kassasiya protesti verilib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərara əsasən Elşad Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib. O təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəsissəsində çəkəcək.

Xatırladaq ki, 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsili bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.
Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR