İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmi “zakladka”

Alimlərimiz hər gün daha bir yeni mərhələ adlayırlar. Bakıda iranlı narkotik tacirindən 5 kilo marixuana almaq istəyən həmyerlimiz tutulub. Adam deyir iranlı (həmşərimizin ismi-şərifi Seyid imiş, əlhəmdüllah; ola bilsin bu cinayət işinə baxan hakimin və müstəntiqin əli quruyacaqdır) narkotiki Azərbaycan Milli Elmlər Akademiyasının binasına qoymuşdu: “Getdim iki dəfə binanın ətrafına fırlandım, lakin narkotiki götürmədim, sonra polis məni yaxaladı”.

AMEA-nın narkotik saxlancına çevrilməsi maraqlı hadisədir. Slenq dildə, rusca belə gizli yerlərə “zakladka” deyirlər, fikrimcə, AMEA Nəsimi adına Dilçilik İnstitutu bunun ana dilimizdə qarşılığını tapmağa borcludur. Öncə vətəndir! Üstəlik, hazırda rus dilinə qarşı üsyana qalxmışıq. (Milli üsyançılarımızın çoxunun soyadı “ov” və “yev”lə bitir, özü də SSRİ dağılandan 35 il sonra. Ancaq bunun məsələyə dəxli yoxdur. İndiki pəhrizlərdə turşulu aş yeməyə icazə verilir).

Belə elmi işlərdə təcrübəmiz yoxdur, heç kristal kokain nədir, onu da bilmirəm, ancaq mənə bu “zakladka” işi maraqlı gəldiyi üçün internetdə baxdım. Sən demə, narkotik alverçilərinin belə gizli məkanlarına kitablar, otluqlar, daşların altı, hasar dibi, transformator budkası, ictimai binalarda pəncərə araları, hətta həyətdə uşaqların oynadığı qum topaları daxil imiş. Bəzən siqaret qutusuna qoyub yerə atırmışlar. Məsləhət görülür ki, belə kriminal maddələr aşkar ediləndə qəti əl vurmayasınız, özünüz ləğv etməyə çalışmayasınız, polisə məlumat verəsiniz - saytda belə yazılmışdı. Lakin orada “alimlər laboratoriyaya gedərkən 5 kilo narkotik tapsalar nə etsinlər” temasında hər hansı izahat yox idi.

Uzun sözün qısası, “zakladka”lar arasında akademiya yox idi. Mənə elə gəlir bu işdə əski elmi kadrlarımızın araşdırılması məqsədəuyğun olardı. Misal üçün, elə AMEA-nın keçmiş müdiri Ramiz müəllim. Onsuz suç keçisi modelinə çox uyğun gəlir. Niyə təzə keçi axtarmalıyıq? Kənd təsərrüfatımızın tərəqqisinə də ziyandır. Ramiz müəllim üzdən Pablo Eskobara oxşayır, təbii, bığ qoysaq. Bu isə əlaqədar orqanlarımızın əlində çox asandır. İndiyə qədər o qədər adama bığ, saqqal, buynuz qoyublar ki, saysız-hesabsız... Əsl donor təşkilatıdır.

Prinsipcə, narkotikin elmi məqsədlərlə istifadəsi məlumdur. Ondan dərman alınır, ağrıkəsici kimi istifadə edilir və sairə. Ələmut qalasındakı qədim həmyerlimiz Həsən Sabbah müəllim isə narkotikdən assasinləri - dünya tarixinin ilk terrorçu qruplaşmasını yaratmaq üçün yararlanıbdır. Həmçinin Marksın din və opium barədə müdrik fikri vardır, məncə, şanlı marksist olaraq yoldaş Mehdiyev bunu da bilməlidir. Yoxsa onu Azərbaycan SSR Kommunist Partiyasında ideoloji şöbəyə niyə müdir qoymuşdular?

Bunlar hamısı sıx surətdə əlaqəlidir. Elə indicə ideologiya yazdıq, Bakıda fövqəladə halların bağladığı şadlıq sarayının adı nə olsa yaxşıdır? “İdeal”!

Fısqırıqdır. Yanğınsöndürmə idarəsi şadlıq sarayında o qədər yanğın təhlükəsi tapıb ki, saydıqca bitmir, bəlkə indiyəcən orada toy eləyənləri Allah saxlayıbdır. Az qala keçən toydan qalma “paytaxt” salatına da çınqı vursan yanarmış. Söz oyunu olmasın, FHN orada “Yanıq Kərəmi”yə oynayanları da aşkar edib götürmüşdür.

İndi mən sizdən soruşuram: əgər adı “İdeal” olan toyxana pis vəziyyətdədirsə, adı, misal üçün, “Əyrim-üyrüm”, “Çirkin” olan yerlər nə gündədir?

Sonda sadiq oxucularımızdan Vüsal müəllimin müşahidəsi: prospektdə yol çökmüşdü, su idarəsi çala qazmışdı, iş gedirdi, ancaq çalada 1 nəfər, qıraqda isə 17 nəfər durmuşdu. Deyir göstəriş verən iş görəndən çox olduğu üçün inkişafımız yoxdur. Mən ona Leninin “Sosializm hər şeydən öncə uçotdur” aforizmi ilə cavab verdim. Hesablamaq, müşahidə eləmək, qıraqdan baxmaq və buyruq vermək daha vacibdir. Düzdür, həmin metodun axırında SSRİ dağıldı, lakin biz gələcəyə inamla baxmalıyıq.

Alimlərimiz də çalışırlar, yuxarıda yazdıq. Nə olsa elmi şəkildə olacaq. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR