Onlayn ictimai-siyasi qəzet
Londonda keçirilən II Xəzər Bağlantı Konfransı olduqca vacib və rəmzi məna daşıyır. Böyük Britaniyanın son zamanlar istər Orta Dəhlizə, istərsə də Türk Dövlətləri Təşkilatına marağı çox artıb.
Bu sözləri Londonda keçirilən ikinci Xəzər Bağlantı Konfransında iştirak edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov AZƏRTAC-a məxsusi açıqlamasında deyib. O, Britaniyanın xarici işlər naziri Devid Kemeronun bu yaxınlarda Mərkəzi Asiyaya səfərini xatırladıb və Britaniyanın Orta Dəhlizə marağının artmasını müsbət inkişaf kimi dəyərləndirib.
“Britaniya da anlayır ki, bu regionlar, bağlantılar gələcək üçün olduqca böyük strateji əhəmiyyət daşıyır. Konfransda çıxış edənlər Azərbaycanın bu dəhlizdə aparıcı ölkə olduğunu bir daha vurğuladılar. Eyni zamanda, Azərbaycanın iqtisadi və biznes mühitinin nə qədər açıq, münbit olduğu qeyd edildi, ölkəmizin həm regional, həm də qlobal önəmi vurğulandı”, - deyə səfir diqqətə çatdırıb.
Elin Süleymanov Azərbaycanın Orta Dəhliz marşrutunda çox önəmli rol oynadığını deyib. Qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzunmüddətli uğurlu strategiyanın nəticəsidir.
Səfir vurğulayıb ki, bu konfransda ilk dəfə olaraq Ermənistanın Londondakı səfirinin də iştirakı və ölkəsinin regional inteqrasiya layihələrinə marağını səsləndirməsi də Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sülh gündəliyinin nəticəsidir.
“BP-nin baş beynəlxalq məsləhətçisi Maykl Denison çıxışında bir daha təsdiqlədi ki, Azərbaycan olduqca etibarlı və nümunəvi tərəfdaşdır, götürdüyü bütün beynəlxalq öhdəliklərə daim sadiqdir. Azərbaycanın sözü və imzası dəyişməzdir. Məhz buna görə də bütün tərəfdaşlar Azərbaycana güvənirlər”, - deyə E.Süleymanov diqqətə çatdırıb.
Diplomat vurğulayıb ki, Azərbaycan regionda inteqrasiya və bağlantıların inkişafına töhfə verməyə davam edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ