Onlayn ictimai-siyasi qəzet
Müğənni Fədayə Laçın ona fəxri ad verilməməsindən gileylənib.
Sosial şəbəkə hesabında bu barədə paylaşım edən sənətçi oxuya bilməyənlərin ad almasına etiraz edib: “Deyirəm, mən oxuya bilirəm, ad vermirlər, eybi yoxdur. Onda oğluma ad versinlər, oxuya bilmir. Əslində, ad oxuya bilməyənlərə düşür. Çünki onlar oxuyanda zülm çəkirlər”.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov bildirib ki, fəxri adlar ümumiyyətlə, yığışdırılmalıdır, çünki bu, sovet dövründən qalma bir ənənədir:
“Bu fəxri adlar kimə maraqlıdır bilmirəm, amma şəxsən mənə maraqlı deyil. O adlar dəyişdirilməlidir, hamısı sovet ideologiyasından qalmadır. Demokratik ölkələrin hansında bu cür fəxri adlar var? Sənət adamlarına verilən bu adlar da fikrimcə, silinməlidir. Axı bu nəyə lazımdır?
Nə qədər vaxt keçib biz hələ də “oraq-çəkic”də qalmışıq, bunu dəyişməliyik. Yəqin ki, yeni Mədəniyyət nazirimiz də bunu fikirləşər. Mən bu adalara ehtiyac görmürəm. Heç yerdə bu adlar qalmayıb, bizsə, fəxri ad uğrunda içi mən qarışıq, mübarizə aparırıq ki, mənim adım nə oldu? Sənin adın var da, atan, anan sənə ad verib.
Bizim xanəndələrimiz, böyük sənət adamlarımız var, onlar üçün nə isə başqa bir şey fikirləşmək lazımdır. Onlar üçün dövrümüzlə ayaqlaşan adlar verilməlidir.
Fədayə xanım da bunu deyibsə, bəlkə də zarafat edib. Amma mən fəxri ada ehtiyac görmürəm. Özüm 25 ilə yaxındır ki, Biləsuvarda mədəniyyət idarəsində çalışıram, hələ bir dəfə gedib deməmişəm ki, siz Allah, mənim üçün də təqdimat göndərin, ad alım. Bu günə kimi bu məsələyə görə bir nəfərə də ağız açmamışam, çünki bunu lüzumsuz hesab edirəm”.
Sənətçinin sözlərinə görə, artıq gənc nəsil də fəxri adları qəbul etmir və bu adların verilməsinin heç bir mənası yoxdur:
“Bu cür fəxri adlar artıq çox adama verilib, ona görə mənası qalmayıb. Zeynəb Xanlarovanın, Rəşid Behbudovun dövründə bu, gözəl idi, o zaman sovet vaxtı idi. İndi ideologiya dəyişib, heç kəs əvvəlki kimi düşünmür. Artıq cavanlar da bunu qəbul eləmir. Onlar da yeni bir şey istəyirlər.
Biz üçrəngli bayraq altında yeni Azərbaycan yaratmışıq, torpaqlarımız işğaldan azad olunub, şanlı ordumuz bizə zəfəri yaşadıb, amma bu tərəfdən başlamışıq ki, “Mənə ad ver”. Bu mövzu artıq bitdi. Bu düşüncə dəyişməlidir, fəxri adlar zamanla ayaqlaşmır. Biz indi Azərbaycanımızın gələcəyini düşünməliyik.
Özü də bu fəxri adlar sənət adamları arasında narazılıq yaradır, birinə verirsən, o biri narazılıq edir. Hamı bu adı istəyir, çünki hamının beyninə girib ki, uzun illərdir oxuyuramsa, mən də ad almalıyam.
Həm də maraqlı bir məqam var, bir sənət adamına həmin fəxri ad verilən kimi çəkilir kənara, yeni iş ortaya qoymur, deyir ki, nəyimə lazımdır, adımı almışam, edəcəyimi etmişəm. Elə bilir ki, böyük bir şey alıb. Qardaş, sən xalq sevgisini qazanmalısan. Sənət xalqdadır. Mədəniyyəti yaşadan xalqdır”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ