Onlayn ictimai-siyasi qəzet
“Qarabağda olan infrastrukturun hər biri sıfırdan qurulub. Həmin ərazilərdə bərpa-quruculuq işlərinə 7 milyard dollar sərmayə qoyulub. Biz hazırda sülhə yaxınıq. Ümid edirik ki, çox yaxın zamanda yerdə qalan digər məsələlər həll olunacaq”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən konfransda deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da 2 gün öncə parlamentdə etdiyi çıxışında sülh müqaviləsinə yaxın olduğunu və bunun yaxın zamanlarda imzalanacağını, Azərbaycanla aralarında olan bütün fikir ayrılıqlarının artıq həll olunduğunu, yeganə məsələnin razılaşmaların sülh müqaviləsinə köçürülməsi olduğunu qeyd etmişdi.
O, noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan COP29-un sülh müqaviləsinin imzalanması üçün əla fürsət olması ilə bağlı bəyanatları da şərh etmişdi:
“Ümid edirəm ki, razılıq əldə olunacaq, daha dəqiq desək, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, sonra Soçidə, Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində təkrarlanması qalır. Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var. Görəndə ki, bu iş başa çatıb, nəticələr yekunlaşıb və biz imzalamaya keçməliyik, yeri və vaxtı müəyyən etmək daha sonra müzakirə olunacaq başqa bir məsələdir”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ