Onlayn ictimai-siyasi qəzet
Müharibə, ideologiya və proteksionizm dünyanı ayrı-ayrı bloklara böldüyü, ABŞ və Avropanın hökmran olduğu qlobal maliyyə sisteminin dağıldığı bir zamanda, xüsusilə inkişaf etməkdə olan ölkələr bu sistemin yerinə yenisinin gələcəyi günə hazırlaşmaq üçün külçə külçə qızıl ehtiyatı toplayırlar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı xüsusi məlumat yayıb.
Sayt ekspertlərinin bildirdiyinə görə, nəticədə qiymət artımlarında rekordlar yenilənib və ötən həftə tarixdə ilk dəfə qızılın qiyməti unsiyasına görə 2800 dolları (31,1 qram) keçib. Qızıl təkcə bu il 35% bahalaşıb və ABŞ səhmlərindəki 20%-lik artımı, habelə istənilən Avropa fond indekslərinin ikiqat artımını çox üstələyib.
“Goldman Sachs”dan Lina Tomas qızılın qiymətinin gələn ilin sonuna kimi 3000 dollara çatacağına inandığını söyləyib.
Belə bir fəaliyyətin mərkəzində mərkəzi banklar, xüsusən də ABŞ sanksiyaları altında olan və ya gələcəkdə belə bir təhlükə ilə üzləşəcəyindən qorxan banklar dayanır. Ukraynada müharibə başlayandan bəri Çin 316 ton qızıl alıb. Yaxın Şərq, Mərkəzi Asiya və Hindistanın mərkəzi bankları kimi, Rusiya da əsas alıcılardan birinə çevrilib. Son vaxtlar isə satınalmalarda iki ölkə önə çıxıb: Macarıstan və Polşa.
Anonimlik şərti ilə “Politico”ya danışan bir avropalı böyük bankir, “Bu, yaxınlaşan müharibələrin əlamətidir,” deyə qeyd edib.
Həm ABŞ, həm də Avropa uzunmüddətli perspektivdə dayanıqsız görünən artan borc yüklərindən əziyyət çəkir. Hazırda ABŞ-ın borcu ÜDM-in 124%-ni təşkil edir və bu rəqəm sürətlə artır. Bir çox mərkəzi banklar isə ehtiyatlarının əksəriyyətini ABŞ Xəzinədarlığında saxlayır.
"Böhran zamanlarında insanlar qızıla axışır. Bu, insanların dəyər verdiyi qlobal bir sərvətdir və onlar bunun başqaları tərəfindən qəbul ediləcəyini bilirlər," - Ümumdünya Qızıl Şurasının baş analitiki Krişan Qopaul sayta danışıb.
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ