Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanda məktəbli avtobusu adlı xidmət növü mövcud deyil. Ya fərdi qaydada təşkil olunur, ya da məktəblilər valideynlərin razılığı ilə bunu təşkil edirlər”.
Bu fikirləri Musavat.com-a nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun fikrincə, yanaşma dəyişməlidir, çünki burada söhbət uşaqların həyat və sağlamlığından gedir:
“Məktəblilər yeni, komfortlu, keyfiyyətli nəqliyyat vasitələri ilə daşınmalıdır. Bölgələrdə nəinki uşaqların, böyüklərin də istifadə etdiyi avtobuslar normal vəziyyətdə deyil. Rəsmi fəaliyyət göstərən daşıma şirkəti olsa, nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən olmalıdır. Sürücülər tibbi, avtobuslar isə texniki müayinədən keçirilməlidir. Bu hadisədə məsuliyyət birbaşa sürücünün üzərinə düşür, çünki təhlükəsizliyi təmin etmək üçün tədbir görməyib”.
Ekspert hesab edir ki, nəzarət olmadığı təqdirdə problemlər ortaya çıxır:
“Məktəbli avtobusu daha çox özəl məktəblərdə təşkil olunub. Bunun müqabilində valideynlərdən kifayət qədər vəsait alınır. Buna görə də xidmət normal təşkil olunur. Şəxsi nəqliyyat vasitələri ilə xidmət göstərənlər isə bir növ sərbəstdirlər. Kəndlərarası, qəsəbələrarası vəziyyət ürəkaçan olmadığına görə valideynlər övladlarının daha yaxşı təhsil alması üçün kənddən rayon mərkəzinə avtobus təşkil edirlər. Sahəyə nəzarət olmadıqda da belə hadisələr yaşanır”.
Qeyd edək ki, bu gün Saatlıda 8 şagird və 1 müəllim mikroavtobusda dəm qazından zəhərlənib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənənlər Saatlı rayon xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub. Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ