İnsanlara hürriyət, millətlərə istiqlal!

Efirlərdəki Xəlilov necə Əliyev olub?- Şirkət direktoru Şimali Makedoniyada tutulub

Xaricdə təhsil və iş üzrə “Smart Business Group” şirkətinin direktoru Anar Xəlilov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Onun daha əvvəl də oxşar ittihamlarla məhkum edildiyi məlum olub. Anar Xəlilovun işində 5 nəfər zərərçəkən olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı məlum olub ki, Anar Xəlilov zərərçəkmişlərin ziyanını ödəyib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Anar Xəlilovun özünü Anar Əliyev kimi təqdim etdiyi məlum olub.

Uzun müddət televiziya kanallarında ekspert kimi də çıxış edən Anar Xəlilovun şirkətinin dövlət qeydiyyatına alınmadığı, dövlət reyestrinə daxil edilmədiyi istintaq zamanı müəyyən edilib. Amma A.Xəlilov ifadəsində bununla razılaşmayıb. Lakin rəsmi sorğular A.Xəlilovun şirkətinin dövlət qeydiyyatına alınmadığını sübut edib.

Məlumata görə A.Xəlilov iş üzrə zərərçəkmiş 5 nəfərin hər birindən Türkiyənin Samsun şəhərində yerləşən “Ondokuz Mayıs” universitetinə qəbul etdirmək adı ilə pul alıb. Onun sözlərinə görə bu günə qədər xarici universitetlərə qəbul etdirdiyi tələbələrlə bağlı heç bir problem yaşamayıb. Problemlər ancaq pandemiya dövründə yaranıb və bu problemlər də ondan asılı olmayıb.

İstintaqla müəyyən edilib ki, A.Xəlilov zərərçəkmişlərdən 3000-6500 manat arası pul alıb. Zərərçəkmişlərdən birindən isə Türkiyədə ev almaq adı ilə külli miqdarda pul alaraq onu aldadıb. Həmin şəxsə dəymiş zərər 85 min manat olaraq müəyyən edilib.

Məhkəmədə ifadə verən A.Xəlilov bildirib ki, özünü Azər Əliyev kimi təqdim etməsi yalandır. İşləri çox olduğu üçün Azər Əliyev adlı işçisi onun tapşırığı ilə müqavilələr imzalayıb.

İttihamların əsassız olduğunu deyən A.Xəlilov qeyd edib ki, onun şirkəti yeganə şirkət kimi tələbələr universitetə qəbul olduqdan sonra ödəniş alırmış.

5 nəfərin ondan şikayət etməsini A.Xəlilov ifadəsində belə izah edib: “Səbəb pandemiya başladıqdan sonra bütün quru sərhədlərin bağlanması, Türkiyədə distant təhsilə keçilməsi oldu. Distant təhsilə qoşulmaq üçün tələbələrin xüsusi avadanlıqları olmalı, xüsusi proqramlar yüklənməli, bəzən dərslərə güzgü platforması ilə daxil olunmalı idi. Bunu isə hər tələbə bacarmırdı və ya bununla maraqlanmırdı. Həm də Azərbaycanda Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş xaricdə təhsil proqramına əsasən distant təhsilə üstünlük verilmir və distant təhsillə universiteti bitirmiş tələbələrin diplomu çox vaxt təsdiqlənmir. Yaranan problemlərdən biri də bu idi”.

İstintaq dövründə müstəntiqin fəaliyyətindən narazılığını bildirən A.Xəlilov qeyd edib ki, ona qarşı qərəzli münasibət olub.

Daha əvvəl 2013-cü ildə məhkum olunduğunu deyən A.Xəlilov məhkumluğunun ödənildiyi halda müstəntiqin bunu nəzərə almadığını qeyd edib. Bildirib ki, müstəntiq ağırlaşdırıcı hal kimi onun məhkumluğunun olmasını yalandan qeyd edib.

A.Xəlilov 2020-ci ildən Azərbaycandakı fəaliyyətini dayandırıb ailəsi ilə Kanadaya köçüb və orada işləməyə başlayıb. O, başqa ölkələrə səyahət etdiyi zaman Azərbaycan tərəfindən İnterpol xətti ilə “Yaşıl” bülletenlə axtarıldığını öyrənib.

“Kanadada daimi yaşamaq hüququm  var. Kanadada saxlanıldıqdan sonra sərbəst buraxıldım. Bundan sonra dəfələrlə İnterpol ofisinə zəng etdim. Məqsədim işlə bağlı sübutlarımı təqdim etmək idi. Hava limanlarında dəfələrlə saxlanılmışam, biletlərim batıb. Sonda özüm Şimali Makedoniyada könüllü şəkildə təslim oldum. Əvvəl də ABŞ, Serbiya, Türkiyə, Dominik Respublikası hava limanlarında saxlanılmışdım. Azərbaycana təhvil verildikdən sonra məhkəmə tərəfindən ev dustaqlığına buraxıldım. Səbəb isə zərərçəkənlərə pullarının bir hissəsinin qaytarılması, sübutların məhkəmə təqdim olunması idi. Bir il qurama istintaq getdi. Sonra müstəntiq dəyişəndə məni həbs etdilər”.

Özünü qətiyyən günahkar bilməyən A.Xəlilovun əsas ittihamı Türkiyədə ev alınması epizodu üzrə olub. Onun vatsap yazışmalarında bunu etiraf etdiyi istintaq zamanı üzə çıxıb. Sonra həmin zərərçəkənlə də barışıq əldə edə bilib. Digər zərərçəkənlərin də pulunu ödəyib.

Məhkəmə bütün bunları nəzərə alaraq A.Xəlilova ittiham olunduğu maddə ilə nəzərdə tutulan cəzanın aşağı həddi ilə cəza təyin edib. Məhkəmə A.Xəlilovun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR