Onlayn ictimai-siyasi qəzet
Yazıq Handon... sən yanlış zamanda yanlış ölkədə, yanlış paralellərdə, yanlış qitədə doğulmusan. Bir az bərilərdə, Rusiyada, Türküstan ellərində, Qafqazda, Balkanlarda, Karpatlarda, nə bilim, Skandinaviyada doğulsaydın, məmur olub bildiyin kimi işləsəydin, başına bu iş gəlməzdi.
Demirəm, səni tutmazdılar. Heç “mütləq tutardılar” da demirəm. Ola bilərdi, bəxtin gətirərdi, yaxan ələ keçməzdi, ya da day-dayın dalından qaçardı, səni ənsələyib qoyardılar içəri, amma törətdiyin əməllər üçün sənə “güllə” verməzdilər.
Bax, dünən bizdə bir xəbər vardı ki, Kürdəmirin sabiq İH başçısı Ceyhun Cəfərov və onun birinci müavini korrupsiyaya görə aldıqları cəzanı çəkib azadlığa çıxıblar. Onu 4 il yarım əvvəl tutmuşdular. O vaxt başımız pandemiyaya, bir az da “müharibə bu gün başlayar, sabah başlayar” söhbətinə qarışıb, çox adam fikir verməyib. İndi azadlığa buraxıldığı üçün yada düşdü. 4 il yarım nədir ki? 2020-ci ilin avqustunda aldığımız maskalar hələ də pencəyimizin cibindən çıxır, amma adam artıq o boyda ittihamın cəzasını çəkib gəlib.
Yazıq Handona (şəklinə diqqət edin, görün, necə nurani bir insandır) isə məhkəmədə ölüm hökmü kəsiblər, ağladır, sonra “iki illiyə təxirə salırıq” deyib kiridirlər.
Çünki Handon qəliz ölkədə doğulub, böyüyüb, işə girib, məmur olub, rüşvət alıb, 34 milyon dollar qapazlayıb, amma iki il öncə ilişib. Kimsə adamın torbasını tikib. Hər yerin mərdüməzarı, işverəni var.
Burda olsa, yazıq Handon Ceyhun müəllimlə “xlebnik” olardı, bəlkə də Alimpaşa müəllimlə eyni “zon”da yatardı, onun kimi şeir yazardı, ya da dinə gələr, namaz qılıb, oruc tutardı və bir gün azadlığa çıxardı. 4 il nədir ki? Bu saat yazıq Handona desələr ki, səni güllələməyəcəyik, 8 il iş veririk, amma günə-gün yatacaqsan, sevindiyindən 8 dəfə dombalaq aşar.
Hətta adamın ağlına gəlir ki, Handon buralarda tutulsaydı, özünü yalandan xəstəliyə vurar, pandemiyadan istifadə edib türmədən çıxar, sonra gedib vəkilini, dostlarını başına yığar, qəşəng ziyafət masası açar, viski vurduğu yerdə şəklini paylaşar, pəhriz məqsədilə çovdar çörəyi yeyərdi.
Amma adamın bəxti gətirməyib. Daha dəqiqi, Handonun bəxti əvvəlcə yaxşı gətirib, doğma, əziz partiyası ona etimad göstərib, irəli çəkib, ağzını çörəyə çatdırıb, amma Liu (Handonun adı belədir) hesab edib ki, fürsətdən istifadə edərək bir-iki milyon qabağa düşsə, pis olmaz. Handon 24 il ərzində babat pul toplayıb, amma axırda şansının üzü çönüb, hesab edib ki, Handon onu çox zorlayır.
Heç demə, Handon rüşvət müqabilində torpaq mülkiyyəti ilə bağlı qanunsuz xidmətlər göstərirmiş, anlaşıqlı dildə desək, torpaq satırmış.
Bax, bu detal da Handonun yanlış ölkədə doğulduğunu göstərir. Məsələn, bizdə torpaq işlərinə baxan məmurlar Abşeron yarımadasını diricə satıblar – ha-ha (yəni hektar-hektar), sot-sot, sonuncu kvadratmetrinə qədər. Amma baxaq, görək, Handon kimi tutulan varmı? Yoxdur. Ona görə ki, biz humanist camaatıq, satılmış torpağa, dövlətə dəyən ziyana, ümumiyyətlə, dünya malına görə insan canına qıymarıq.
Hərçənd biz qanunsuz toplanmış varidatı korrupsionerdə qoymuruq, dartıb əlindən alır, müsadirə edir, villalarını satdırırıq. Liunun da başına elə bir iş gəlib. Təqsirini boynuna aldığı, istintaqla əməkdaşlıq etdiyi və oğurlanmış vəsaitlərin qaytarılmasına kömək göstərdiyi üçün hələlik güllələnməsə də, bütün əmlakı dövlət mülkiyyətinə keçib.
“Oğurlanmış vəsaitin qaytarılmasına kömək göstərmək” söhbəti sizə elə-belə gəlməsin. Bu işdə bizimkilər çox dirəşkəndirlər, oğurladıqları vəsaitin qaytarılmasına kömək göstərmirlər, bir yarısını qaytarsalar da, o biri yarısını gizlədirlər, 3-4 ildən sonra azadlığa çıxanda isə iş adamı olurlar.
Yazıq Handon isə iş adamı ola bilməyəcək. Hələ onun işi bir az yaxşıdır, 3-4 ay əvvəl Çinin mərkəzi bankının müdrinin keçmiş müavini Fan Yifeyi 55 milyon dollar rüşvət aldığı üçün ölüm cəzasına məhkum ediblər və ona möhlət verməyiblər.
İndi siz işə baxın, ötən əsrin 60-cı illərində bizim ölkədə “sexovşik”ləri korrusioner elan edib güllələyəndə Çində onlara şərait yaradırdılar ki, yeni-yeni sexlər açsınlar, nəsə istehsal edən iş adamı olsunlar. İndi onlarda korrupsionerləri güllələyirlər, bizdə isə şərait yaradılır ki, türmədən çıxıb iş adamına çevrilsinlər.
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ