İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcnəbi robotla əməliyyat edir, bizdə isə...

Müasir tibbi texnologiyalarla işləmək üçün yalnız texniki biliklər deyil, həm də spesifik cərrahi bacarıqlar tələb olunur... 

Qırğızıstanda robotların cərrahiyyə əməliyyatında istifadəsinə hazırlıq gedir. Bildirilir ki, qırğızıstanlı mütəxəssislər Çin klinikalarının işi ilə tanış olublar və real şəraitdə cərrahi robotlardan necə istifadə edildiyini görüblər və yaxın vaxtlarda ortopediya və travmatologiya sahəsində bu texnologiyaların tətbiqinə başlamağı planlaşdırırlar. Bəs Azərbaycanda uyğun sahədə vəziyyət necədir? Tibb sahəsində müasir texnologiya və avadanlıqların istifadəsi, kadr hazırlığı üçün işlər görülürmü?

Məlumdur ki, Azərbaycanda tibbi texnologiyaların tətbiqi son 10 ildə əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Bakı şəhərində yerləşən dövlət və özəl klinikalar müasir diaqnostik avadanlıqlarla təmin edilib. Neyrocərrahiyyə, kardiocərrahiyyə və onkologiya sahəsində yüksək texnoloji cihazlardan istifadə edilir. Lakin bu inkişaf daha çox müayinə və diaqnostika sahəsini əhatə edir, cərrahi robot texnologiyaları hələ ilkin mərhələdədir.

Məlumatlara əsasən, bəzi özəl xəstəxanalar “Da Vinci” tipli robot cərrahiyyə sistemlərinin gətirilməsi üçün danışıqlar aparır, lakin praktiki tətbiqə keçid baş verməyib. Bunun səbəbləri arasında yüksək maliyyə, ixtisaslı kadr çatışmazlığı və struktur uyğunlaşmasının olmaması göstərilir. Eyni zamanda müasir tibbi texnologiyalarla işləmək üçün yalnız texniki biliklər deyil, həm də spesifik cərrahi bacarıqlar tələb olunur. Azərbaycanda tibb təhsili sahəsində yeniliklərə baxmayaraq, robot texnologiyaları üzrə ixtisaslaşma proqramları hələ tətbiq olunmur. Xaricdə təcrübə keçən həkimlər var, lakin bu proses sistemli deyil və geniş auditoriyanı əhatə etmir.

TƏBİB sədri Vüqar Qurbanov ötən il açıqlamasında Azərbaycanda robotik cərrahiyyənin hələ də olmamasının səbəbini özəl klinikaların hərəkətsizliyində görüb: “Özəl klinikalar səhiyyə yeniliklərində rəqabətdə olmalıdırlar. Bu gün dövlət xəstəxanalarında bütün növ əməliyyatlar icra edilir. Özəl klinikalar dünya yeniliklərini ölkəyə gətirməkdə maraqlı olmalıdırlar. Məsələn, bu gün bizdə robotik cərrahiyyə yoxdur, heç bir özəl klinikada yoxdur. Amma olsa, rəqabət olar”.

Qeyd edək ki, robot cərrahiyyə sisteminin qollarının uclarında olan alətlər insan biləyinin hərəkət qabiliyyətindən çox irəlidədir və 7 fərqli oxda 540 dərəcə bucaqla hərəkət edə bilir. Bununla cərrah dar və kiçik sahələrdə kritik cərrahi müdaxilələri müvəffəqiyyətlə həyata keçirə bilər. Demək olar ki, bu xüsusiyyəti ilə cərrahın 3-cü əli kimidir.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Qırğızıstanda belə bir cəhdin olması olduqca təqdirəlayiqdir. Ümumiyyətlə, robotik cərrahiyə yeni deyil, artıq on ilə yaxındır ki, dünyada tətbiq olunmaqdadır. Xüsusən ortopedik cərrahiyyə, urologiya sahələrində də daha çox tətbiq olunur. Qardaş Türkiyədə artıq bir neçə ildir ki, xəstələrin müalicəsi bəzi klinikalarda robotik cərrahiyyə vasitəsilə aparılır. Sadəcə, işin həyata keçməsi bəlli bir avadanlıqların quraşdırılmasından və buna müvafiq olan treninqlərin keçirilməsindən asılıdır. Robotik cərrahiyyənin üstünlüyü ondan ibarətdir ki, burada məsafədən prosesi idarə etmək mümkün olur. Təbii ki, yerli olaraq robotun çalışdığı köməkçi insanların olması lazımdır. Amma bəzən olur ki, hansısa bir mütəxəssisin müəyyən məsafədən bu işə müdaxilə etməsinə ehtiyac olur. Belə hallarda da robotik cərrahiyyə öz "sözünü" deyir. Azərbaycanda bu sahədə bir qədər lənglik var. Ola bilər ki, gündəlik həyatda tələbat hiss olunmasın. Ortopediya sahəsində ölkəmizdə kifayət qədər uğurlu işlər aparılır. Xeyli peşəkar mütəxəssislər var ki, bu gün müasir əməliyyatları lazımi səviyyədə həyata keçirirlər. Çində robotik kurslar bu şəkildə həyata keçirilirsə, artıq qısa müddətdə bütün dünyaya yayılacaq. Ola bilər eksperiment üçün müəyyən pilot layihələr də həyata keçirilir. Çünki Çinin bu məsələlərdə baxışları kütləvi şəkildə avadanlıqların satılmasından ibarət olur. Fikrimcə, proses bu şəkildə başlayıbsa, yaxın müddətdə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda robotik cərrahiyyə ilə mümkün olan əksər əməliyyatların icra olunmasının şahidi ola biləcəyik".

Afaq MİRAYİQ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR