Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi ötən gün I və IV ixtisas qrupları üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Bakı şəhəri 64 saylı orta məktəbin məzunu Məmmədov Əbülhəsən Brilyant oğlu göstərib. Əlili Müşfiq Aqil oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (698.3 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 298.3 bal toplayıb. Məmmədov Əbülhəsən Brilyant oğlu isə imtahanın birinci mərhələsində 296.7 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) isə 4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu, Bakı şəhəri 253 saylı orta məktəbin məzunu Abdullayeva Məryəm İlqar qızı, Bakı şəhəri 53 saylı orta məktəbin məzunu Ağaməmmədova Zeynəb Zaur qızı göstərib. Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlar imtahanın birinci mərhələsində 300 bal toplayıblar. Abdullayeva Məryəm İlqar qızı imtahanın birinci mərhələsində 289, Ağaməmmədova Zeynəb Zaur qızı isə 286.7 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Bəs təhsil ekspertləri bu imtahan nəticələrini necə dəyərləndirir?
Təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında bildirib:
"İyulun 24-də açıqlanan I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri Azərbaycan təhsil sisteminin struktur problemlərini bir daha üzə çıxardı. İmtahanlara 29 693 abituriyent buraxılmış, onlardan 897 nəfəri iştirak etməmiş, 8 nəfərin isə nəticələri qayda pozuntusu səbəbilə ləğv edilmişdir. Bu faktlar bir tərəfdən texniki nizam-intizamı, digər tərəfdən isə sistemli nəzarətin natamamlığını göstərir. Abituriyentlərin say göstəricisi ölkədə ali təhsil istəyinin hələ də güclü olduğunu təsdiqləsə də, nəticələrin ümumi mənzərəsi və mükəmməl nəticələrin sayının azlığı narahatlıq doğurur.
İmtahan nəticələri arasında cəmi 6 nəfər – I qrupda 2, IV qrupda 4 nəfər – maksimum 400 bal toplaya bilmişdir. Bu göstərici texniki olaraq yüksək bal əldə etməyin çətinliyini deyil, abituriyentlərin keyfiyyətli tədrisə çıxış imkanlarının məhdudluğunu, məktəb təhsilinin zəifliyini və repetitor asılılığını üzə çıxarır. IV qrupda iki nəfərin – Nurməmmədli Sona və Abdulsəmədli Orxanın 700 bal toplaması sistemdə fərdi istisnaların hələ də mövcud olduğunu göstərir. Lakin bu nəticələr sistemin effektivliyini deyil, fərdi gücün nəticəsini əks etdirir. Əgər ümumi nəticələrdə yüksək bal toplayanların faizi aşağıdırsa, bu, orta məktəb təhsilinin imtahanlara real hazırlıq gücünün zəifliyindən xəbər verir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2013) sənədində qeyd olunur ki, təhsilin keyfiyyət göstəriciləri yalnız summativ nəticələrlə deyil, prosesin özündə əldə edilən nailiyyətlərlə ölçülməlidir. Lakin DİM-in təşkil etdiyi imtahan modeli sırf nəticə yönümlü olub, bu strategiyanın ruhuna zidd bir sistem yaradır. Beləliklə, abituriyent məktəbdəki fəaliyyətinə görə deyil, yalnız test bacarığına görə qiymətləndirilir. Bununla paralel, Elm və Təhsil Nazirliyi isə bu sistemə heç bir alternativ təqdim etmir, marifləndirici tədbirlər keçirmir, məktəb mühiti ilə ali məktəblər arasında körpü yaratmaq üçün mexanizmlər üzərində işləməkdən uzaqdır.
Nazirliyin bu imtahan formatına qarşı alternativ modellər, hazırlıq dəstəyi, məktəblərdə imtahan simulyasiyaları və ya müəllim hazırlığının gücləndirilməsi ilə bağlı sistemli planı yoxdur. Dövlət büdcəsindən ayrılan vəsaitlərlə məktəblərin repetitor funksiyası yerinə yetirməsi mümkün deyil. Şagirdlər dərsdən sonra repititor yanına getməsə, bu nəticələr daha da aşağı olardı. Yəni sistem bu gün ancaq əlavə təhsilə güvənir və məktəb öz əsas funksiyasını itirmiş vəziyyətdədir. Bu isə sosial bərabərsizliyi dərinləşdirir, çünki repititor xidmətlərindən ancaq maddi imkanı olanlar yararlana bilir".
Kamran Əsədov qeyd edib ki, dünya təcrübəsində isə qəbul imtahanları tək test formatı ilə deyil, geniş kompetensiyalara əsaslanan modelə uyğun keçirilir:
"Məsələn, Finlandiyada ali məktəblərə qəbul yalnız akademik nəticələrə deyil, həm də şagirdin məktəbdəki portfoliosuna, fənlərə maraq səviyyəsinə və sosial bacarıqlarına əsaslanır. Almaniyada isə məktəbi bitirənlərin böyük əksəriyyəti universitetə birbaşa qəbul olunur, yalnız yüksək reytinqli ixtisaslar üçün əlavə imtahanlar tətbiq edilir. Azərbaycan isə bu ölkələrin heç biri ilə uyğunlaşdırılmış sistem qurmayıb və beynəlxalq modelə keçid üçün heç bir konkret hədəf göstərmir.
Statistik göstəricilər abituriyentlərin böyük bir hissəsinin 200-300 bal aralığında sıxışıb qaldığını göstərir. Bu isə həm məktəb hazırlığının, həm də test suallarının keyfiyyətinin sual altında olduğunu göstərir. DİM sualları bəzən fundamental biliklərdən çox texniki tələblərə söykənir və real həyatda tətbiq imkanları zəifdir. Bu model düşünməyi deyil, əzbəri stimullaşdırır.
Elm və Təhsil Nazirliyi bu nəticələri analiz edib cəmiyyətə izah vermir, problemli sahələri dəyərləndirib rəsmi hesabat təqdim etmir. Halbuki bu nazirlik təhsilin nəticələrinə görə məsuliyyət daşıyır. Hər il bu tip nəticələr sadəcə statistika kimi təqdim olunur, lakin bu statistikanın mahiyyəti, səbəbləri və həll yolları barədə ciddi dövlət sənədləri və proqramlar ortada yoxdur. Nazirliyin öz resursları – məktəblər, müəllimlər, kurikulum və dərsliklər bu nəticələrin bazasını təşkil etdiyi halda, məsuliyyətin yalnız DİM-in üzərinə yüklənməsi sistemli yanaşmadan uzaqdır".
Ekspertin fikrincə, nəticələrin bu cür qalması gələcəkdə ali təhsilin səviyyəsinə də mənfi təsir edəcək:
"Orta balı aşağı olan tələbələrin universitet mühitində dərsləri mənimsəmə faizi də aşağı olur, müəllim-tələbə münasibətləri gərginləşir, təhsil keyfiyyəti zəifləyir və diplomun dəyəri sual altına düşür. Ali məktəblər özəl kurslara və distant hazırlığa alternativ ola bilmədiyi üçün təhsil sistemi ikili paralel quruluşa malik olur: biri formal məktəb və universitetlər, digəri isə qeyri-rəsmi, lakin real nəticə verən repetitor bazarı.
Bu mənzərə dəyişməlidir. Məktəbə və müəllimə güvən bərpa olunmadan, təhsil sisteminə inam artmadan nəticələrdə ciddi dəyişiklik gözləmək mümkün deyil. Elm və Təhsil Nazirliyi imtahan nəticələrinin səbəblərini dərin təhlil etməli, məktəb mühitini yenidən qurmalı, müəllimlərin real bacarıqlarını artırmalı, alternativ qiymətləndirmə modelləri üzərində çalışmalı və valideyn-şagird-məktəb üçbucağında effektiv koordinasiyanı təmin etməlidir. Əks halda hər il 6 nəfərlik uğur hekayələrini eşitsək də, on minlərlə gəncin uğursuzluğunu susqunluqla izləməyə davam edəcəyik".
Xalidə Gəray
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ