Onlayn ictimai-siyasi qəzet
“Neftçilər” metrostansiyasının həndəvərində bir küçədə, 50 metrlik radiusda 15 lombard varmış – yan-yana, iç-içə, qucaq-qucağa. Hər 3 metr 33 santimə biri düşür.
Əməkdaşlarımız bu haqda maarifləndirici material hazırlayıblar, ona görə də lombard biznesinin iqtisadi faydaları, maliyyə-kredit sisteminə töhfələri barədə yazmıram. Başqa iki mətləb var.
Biri odur ki, Mumbayda, Qucaratda olduğu kimi, burda da Şakaya pul lazımdır, elə ona görə də camaat lombarda qızıl qoyub pul götürür. Biri qızına cehiz verir, o biri bahalı tibbi əməliyyata girir (tərs kimi, ölkədə ucuz əməliyyat yoxdur), o biri əməliyyat tədbirləri nəticəsində yaxalanmış övladını qurtarmağa çalışır, bu biri nəsə bir alqı-satqı əməliyyatı etmək istəyir və sair və ilaxır. Belə yerdə dada lombard çatır, qızılı lombasıyla aparıb qoyurlar ora, rayon camaatı demişkən, bir “paçka” pul götürüb gedirlər iş-güclərinə. Bu heç. Olan şeydir.
İkinci mətləbə dair mülahizələr isə sırf subyektiv səciyyə daşıyır. Düzdür, tələb təklif doğurur, ona görə də lombardların çox olması normaldır, amma 50 metr radiusda 15 lombardın olmasında, türkün sözü, bir tühaflıq var. Nədən belə olsun? Məsələn, bu tərəfdə 7-si, 200 metr o tərəfdə 5-i, 150 metr bu tərəfdə də 3-ü yerləşə bilməzmi? Bu, “Sədərək” yarmarkasıdırmı ki, bir cərgədə 123 corab-tumuş satan piştaxta olsun?
15 lombardın iç-içə olmasının əsl səbəbi həsəd və bəhsləşmədir. Nə qədər müqəddəs kitab var, yığın gətirin, Trampdan fərqli olaraq, hamısına əl basım, and içim ki, elədir. Bir müddət əvvəl orada heç də bu qədər lombard olmayıb, 1-2 dənə olub. Ancaq müşahidəçilər görüblər ki, o lombardlar yaxşı pul qazanırlar, əlləri qızılla oynayır (lombardçının əlinin qızılla oynaması təbiidir – necə ki bank kassiri eyzən pul sayır). Vəssalam. Həsəd, qibtə, paxıllıq, şirnikmə, “biz kimdən əskik oğlanıq” qürrəsi, bəhsə-bəhs höcətliyi və sair bu kimi insani hisslər cuşa gəlib və lombardların böyür-böyürə düzülməsinə səbəb olub.
Uzun illər öncə eynilə belə bir haqq-hesab “Elmlər Akademiyası” metrstansiyasından Bakı Dövlət Universitetinə uzanan küçənin (indi o küçə şair Bəxtiyar Vahabzadənin adını daşıyır) sağında və solunda yaranmışdı. Küçədə 7 valyutadəyişmə məntəqəsi vardı. Kimsə “Exсhance” açıb 5 “şirvan” (o vaxtların pul vahidi – indiki cavanlar bilməz) pul qazanmışdı, küçə dolmuşdu mübadilə məntəqələri ilə. Sonra görünür, o məntəqələr mənfəətli olmadı, bir-bir azaldılar. Ardınca o küçədə dönərxanalar çoxaldı. Beş tələbə növbəyə durub dönər alıb yemişdi, pul qazanmaq istəyənlər təcili şəkildə küçəni dönərxanalarla doldurmuşdular. “Leş Tofiq”in işi yaxşı gedirdi. Amma bu biznes də çöküşə getdi.
Adamların ağlına gəlmirdi ki, 100-150 metr məsafədə 7 valyutadəyişmə məntəqəsi və ya o qədər dönərxana, iqtisadçılar demişkən, rentabelli işləyə bilməz. Lazım idi ki, iki “Exсhance” olsun, 2 dönərxana, 1 dərzixana, 1 ayaqqabı dükanı, 1 dəttərxana ləvazimatı satan köşk, 1 telefon mağazası, 1 kompüter təmiri sexi və s. Bir küçədə hər xidmət, iaşə, ticarət obyektindən biri işləsə, heç kəs bir-birinin çörək qazanmasına mane olmazdı.
Uzağa getməyək, 20-ci sahə (“Dvadsatı” – 33 ildir bura da bir düz-əməlli ad tapılmır) dairəsində 6 aptek var – 100 metr radiusda. Namxuda, sağlam xalqımızın sayəsində hamısının alveri də şıdırğı gedir.
Bəkir Çobanzadə küçəsi nəylə məşhurdur? Bəli, onlarla şadlıq sarayının böyür-böyürə düzülməsi ilə. Sanasan, şəhərdə başqa yer yoxmuş, şadlıq sarayları mütləq qonşu olmalıymışlar. Hərçənd fikirləşəndə görürsən ki, guya şəhərin başqa nahiyələri necədir ki? Hara baxırsan, şadlıq sarayıdır. Son vaxtlar lap dəb düşüb, camaat “palace”yə bürünüb, sürünür, köhnə toyxanalar da yavaş-yavaş prestijini itirir, mərasim evlərinə çevrilir. Beləcə, “xoşbəxt olsun” küçəsi “Allah rəhmət eləsin” küçəsinə dönməkdədir.
Bizim istehsalla məşğul olan konsernlərlə, holdinqlərlə, sindikatlarla işimiz yoxdur, bizimki dükandır, piştaxtadır, ticarətdir. 50-60 il əvvəl Çində milyonlarla adam velo-rikşa sürürdü, indi Çin dünyaya hər adda avtomobil satır. Bu ölkə diş çöpündən tutmuş qırıcı təyyarələrə, sualtı qayıqlara qədər milyon adda məhsul istehsal edir. Bir sözlə, əcnəbi holdinq açır, biz hələ hin tikirik.
Nəysə, bu, uzun söhbətdir, iqtisadçıların arealına girməyək.
Yayda “Meyvəli” bazarında arabalarını yan-yana saxlayıb yatışan və cərgələrin arasında ora-bura şütüyən 41 arabaçı saymışdım. Bir il əvvəl onların sayı 3 dəfə az idi, 3-5 manat pul qazanırdılar. İndi həddindən artıq çoxdurlar və qazancları da əvvəlki kimi deyil.
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ