İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əcəb edirəm, mənə olar”  

 

Dünən Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi. “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” adında-mövzusunda müzakirələrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iştirak edib, ətraflı nitq söylədi.

Prezidentin nitqində 3 əsas istiqamət vardı:

- Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yekunları və əldə edilmiş uğurlar;

- Ermənistanın işğalçılığı, milli mədəni irsimizi məhv etməsi, mina problemi;

- Fransanın kolonial siyasəti və s.

Biz bu yazıda Prezidentin - Qoşulmama Hərəkatı sədrinin Fransa ilə bağlı fikirlərinə diqqət çəkəcəyik. “Niyə”si aydındır:

Fransa Prezidenti Makron bizə Ermənistan Baş naziri və Prezidentindən, Fransa parlamenti Ermənistan parlamentindən daha aqressiv davranış sərgiləyir. 44 günlük müharibənin sonucunda yaranmış yeni gerçəkliklərə münasibətdə Fransa daha barışmazdır nəinki Ermənistan… Qəribə deyilmi? Absurd deyilmi? Fransa tam da şüşə evdə oturub daş evləri daşlayan dəcəl oğlan təsiri bağışlayır. Qoşulmama Hərəkatında Fransanın soyqırım aktlarından, fransız işğallarından zülm çəkən ölkələr var.

İlham Əliyev vurğuladı ki, “Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram”.

Fransa ya müstəmləkəçiliyinin XXl yüz ildə də davam etdiyini açıq mətnlə duyurmalı, “əcəb edirəm, mənə olar” deməlidir ya da dəfələrlə üzr istəməlidir - dövlətlərdən, xalqlardan, nəsillərdən, insanlardan, bəşəriyyətdən… Fransa ya “əcəb etmişəm, indi də əcəb edirəm” deməli ya da balaca bacısı Ermənistanın soyqırım aktlarına kar, kor, lal olmamalı və bu azmış kimi, Azərbaycanı yanlış suçlamalardan çəkinməlidir.

Tovuzlular demiş, ya anrılıq olmalıdır ya bərilik… El sözüdür: “Ağıllıya da qurban olum, dəliyə də, vay alayarımçıq əlindən”. - Özü işğalçılıq, müstəmləkiçilik edə-edə sülhdən, demokratiyadan danışmaq alayarımçıqlıq deyilmi? Demokratiya və (dənizaşırı) müstəmləkəçilik bir araya necə sığır? “Biz demokratik işğalçıyıq”mı deyəcəklər, Allah qoymasa. Eynən Ermənistan haqqında da belə bir obraz yaratmağa çalışırdılar - bəs deməzsənmi, Paşinyan demokratdır-filan... Həmən “demokrat” Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyirdi; o Paşinyanın yeganə oğlu məhz Qarabağda hərbi xidmət keçdi. O Paşinyan Cəbrayıla yol çəkməkdən dəm vururdu, onun təhriki ilə qondarma rejim öz “parlament”ini Xankəndidən Şuşaya köçürürdü və s. Doğrudur, Paşinyan başda olmaqla, Ermənistan Dəmir Yumruq yedi və dərsini aldı ancaq Fransa hələ dinc durmur.

Fransa necə demokratik ölkədir ki, 30 illik Etmənistan işğalının acı sonuclarını, dağıdılan abidələri, yıxılan şəhərləri, viran kəndləri görmür, guya bir “erməni kilsəsi”ndən bir kərpic düşən kimi onu görür?!. Bunun adı nədir? Mən belə demokratiya, belə barışdırıcılıq mandatı tanımıram!

“Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir” (İlham Əliyev).

Yaxşı, ey Fransa, dənizaşırı icma və ərazilər sənə bəs etmədimi, Qarabağdan nadürüst əlini çəkmirsən? Əslində, o nadürüst əl Qarabağda deyil, daxil olmaq istəyir - olmayacaq! Uzaqbaşı, “Laçın postu”nun qənşərində durbin tutar…

Qarabağdan bütün nadürüst əllər çəkiləcək. Sülhməramsızlar da o cümlədən!

Başqa yerdə maraqları toqquşan güclərin Azərbaycana, qardaş Türkiyəyə, ümumən Türk-İslam dünyasına münasibətdə (münasibətzisilikdə!) eyni mövqedən (mövqesizlikdən!) çıxış edə bildiyini görmüşük, bilirik…

Biz öz yağında bişmək, öz göbəyini özü kəsmək nədir - çox yaxşı bilirik. “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”! - Xalq şairi QABİLin bu özünüdoğrultmuş poetik dua-çağırışı şüurlara hakimdir. 

Bizi gerçəklilkərlə, “status-kvo” ilə barışmağa təhrik edənlər, özləri yeni gerçəklikləri qəbullanmaq zorundadır. Ali Baş Komandan İlham Əliyev öz şanlı ordusu ilə tarix yazaraq mümkün olmayanı mümkün qıldığımızı bütün dünyaya göstərib.

Parisdə (Fransanın digər şəhərlərində) milyonluq nümayişlərin, üsyankarlıqların, “bespredel”in  intensiv hal alması Makron dönəmində fransızların əldə etdiyi ictimai-siyasi, ideoloji və sosial-iqtisadi “uğurlar”ın göstəricisidir. Belə “parlaq göstəricilər” və üstəlik, “şanlı keçmiş”i olan Fransa ən azı susmağı öyrənməli, susmağa öyrədilməlidir. Qoşulmama Hərəkatının son toplantılarında Hərəkatın sədri tərəfindən xatırladılanlar onlar üçün əyar olsa gərək.

Artıq ox yaydan çıxıb, dünyanın dörd tərəfində fransız müstəmləkələri eşidir, tarixi idrak edir, ayılır və hərəkətlənir…

Makron Fransanın iç üzünü, mahiyyətini (mahiyyətsizliyini!) açmaq üçün davamlı səbəblər yaradır. Yaratsın…

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR