Onlayn ictimai-siyasi qəzet
Bu yaxında Donald Tramp və Mixail Qorbaçov arasında oxşarlıqlar temasında yazmışdım. Dünən isə ağlıma başqa paralel gəlib: mənim subyektiv fikrimə görə, Tramp, torpağı sanı yaşasın, bizim rəhmətlik Elçibəyə, daha doğrusu, onun pullu versiyasına bənzəyir.
Nəyə görə bu qənaətə gəlmişəm? Özünüz baxın, Elçibəy də eynilə Tramp kimi populizm üzərində hakimiyyətə gəlib. Bəy Bütöv Azərbaycan qurmaq istəyirdi, Tramp isə Amerikanı genəltməyi, onun içinə Meksika, Kanada və Qrenlandiyanı qatmağı fikirləşir. Bu xam (yetişməmiş mənasında) xəyallar üzündən bizim bəy ara yerdə Qarabağ və ətraf rayonları itirdi, Tramp da Amerikanı böyütmək cəhənnəmə, bu fövqəldövlətin dünya nüfuzunu yerlə bir etməklə məşğuldur. Artıq Avropada ABŞ-ın necə etibarsız müttəfiq olması barədə ciddi düşünməyə başlayıblar.
Bəy Meydan hərəkatından topladığı bacarıqsız kadrlarla iş görmək istəyirdi, Tramp da dövlət aparatını bir çox addımları Pənah Hüseynin davranışlarını xatırladan İlon Maska həvalə edib. Vitse-prezident Vens o dövrdə bizim dövlət katibi olmuş Əli Kərimliyə oxşayır - bəzən Trampın üstündən kiməsə kəllə atmaq istəyir, lakin ara yerdə biabırçılıq olur.
Nəhayət, Əbülfəz bəyin “kriminal” keçmişi vardı, Sovetin dövründə türməyə düşmüşdü, Trampın da üstündə bu saat həll olunmamış yetmiş yeddi maddə var.
İkinci mövqeyi isə ombudsman haqda yazıma dəyərli həmkarım, qazi Məğrub Bədəlsoy göndərib. Mən ombudsmana şikayətlərin hər il eyni sayda olmasından şübhələrimi ifadə etmişdim, Məğrub bəy isə bunu belə izah edir: “Bizim ombudsman ölü insan hüquqları müvəkkilidir. Yalnız təyyarə və sairə qəzalarında, 20 yanvar, 26 fevral, 31 mart kimi kütləvi qırğın günlərində ombudsman bəyanatlarla müvəkkillik edir. Ölən insanlar da ombudsmana şikayət edə bilmirlər. Ona görə müraciət sayı orta statistikdir”.
Yaxşı təsbitdir, lakin uğurlarımıza kölgə salmaq cəhdidir. Bəyəm ölülərin hüquqları ola bilməz? Bu da vacibdir. Məsələn, hazırda bütün müsəlman aləmi Ramazan bayramını qeyd edir, onun üçün Ay təqvimi lazımdır, amerikalılar isə qəsdən Ayın üzərində yeni bir kosmik qurğu göndəriblər. Ayın üstündən Günəşin doğmasının fotosunu da çəkmişlər. Bəyəm başqa vaxt yox idi? İstər-istəməz bizim müqəddəs Ayımızı, onun üzünü ləkələyirlər. İndi belə çıxır ki, biz Aya baxıb salavat çevirəndə oradakı Amerikan zonduna da salavat çevirmiş olacağıq. Şübhəsiz, lənətə gəlmişlərdir yankilər...
Bəzi məsələlər isə sırf hüquqi yanaşma tələb edir. Bizim korrupsiya ilə mübarizə qanununda hansı məbləğin rüşvət sayıldığı konkret göstərilib: “Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz” (maddə 8). Təzəlikcə Pirallahı rayonunda bir məktəb direktorunun müəllimlərdən və şagirdlərdən 600 manatlıq hədiyyə aldığı, daha doğrusu, bunu “dilənçi payı” sayması haqda səs yazısı ortaya çıxdı. Təhsil Nazirliyi direktoru işdən çıxartdı. Lakin bununla iş bitmir axı. Ortada cinayət var. Prokurorluq, digər hüquq orqanları isə fil qulağında yatıb. Halbuki mətbuatda çıxan faktlar əsasında cinayət işi açmaq səlahiyyəti barədə də qanun var.
Bəlkə də “direktor həmin hədiyyəni dilənçi payı adlandırıb, götürməyib, o üzdən cinayət də yoxdur” məntiqi işləyər, lakin başqa oxşar hadisələr var. Məsələn, yenə bu yaxında bir AYB üzvü birliyi ciddi korrupsiyada suçladı. Deyir ev alveri edirlər. Torpaq satırlar və sairə. Hətta birliyin üzvü Rəşad Məcid də buna münasibət bildirəndə “Bu, məhkəməlik söhbətdir” söyləmişdi. Məhkəmə isə yoxdur. Cinayət işi açan da yoxdur.
İndi bu kimi hallara nə ad qoyasan?
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ