Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Şimali Kipr Cümhuriyyəti Məclisinin sədri Zorlu Törə və nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.
Musavat.com bildirir ki, iyunun 7-də səfər çərçivəsində Zorlu Törə və nümayəndə heyəti Əbədi Birlik Gənclər İctimai Birliyi ilə görüş keçirib.
"Şimali Kipr - Şərqi Aralıq dənizində türklərin əbədi qalası" adlanan görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner, Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, birliyin sədri Şahin Əliyev, Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, qazi və şəhid ailələri iştirak edib.
İlk öncə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Şimali Kipr Cümhuriyyəti Məclisinin sədri Zorlu Törə çıxış edərək, Azərbaycanda olmaqdan çox məmnun olduğunu, ölkələrimizin arasında münasibətlərin mütərəqqi inkişafına böyük inamını qeyd edib.
"Əgər biz türküksə demək ki, hamımız qardaşıq və türk millətinin mənafeyi üçün nə lazımdırsa edər, türk dövlətlərinin birliyini qoruyar, müdafiə edərik.
Türk dünyası zəncir kimi bağlanmalıdır. Bizi bir-birimizə qarşı düşmənə çevirmək istəyənlər olacaq, lakin biz onlara qarşı mübarizə aparacağıq. Yolumuza davam etməliyik”.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev tədbirin məqsədi, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin inkişafı, təşkilat tərəfindən Şimali Kipr ilə bağlı həyata keçirilən proqramların əhəmiyyəti barədə ətraflı məlumat verib. Şahin Əliyev Azərbaycan dilində yazdığı “Kıbrıs: Şərqi Aralıq dənizində türklərin əbədi qalası” adlı kitabından söz açaraq, türkdilli ölkələrin dostluq, qardaşlıq və müttəfiqlik bağlarının möhkəmlənməsi üçün çalışmalı olduqlarını vurğulayıb.
Daha sonra tədbirin musiqi hissəsi keçirilib. Əbədi Birlik Gənclər İctimai Birliyinin Mədəniyyət komitəsinin sədri Cəmilə Məmmədli Azərbaycan, Türkiyə və Şimali Kiprə həsr olunan mahnılar ifa edib.
Tədbirin sonunda Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre Azərbaycan və türk dünyası gəncləri adından təltif edilib, rəssam Nizami Huseynovun çəkdiyi portret və Turan bayrağı təqdim olunub.
Zorlu Töre isə Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevə Şimali Kipr Məclisini təmsil edən hədiyyə təqdim edib.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ