Onlayn ictimai-siyasi qəzet
Ölkədə piyadavurma halları artır, yol polisi həyəcan təbili çalır; ekspert əsl səbəbləri açıqladı
“Dəfələrlə real kadrlara istinad edilərək aparılan təbliğat işlərinə baxmayaraq, təəssüf ki, təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan piyadaların sayı hələ də çoxluq təşkil edir”. “Yeni Müsavat” bildirir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Abşeron və Xəzər rayonlarında qeydə alınan piyadavurma hadisələri deyilənləri bir daha təsdiq edir. Fevralın 12-si saat 07 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Rəsul Rzalının idarə etdiyi “Hyundai” markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub. Fevralın 13-ü, saat 04 radələrində isə “Nissan” markalı avtomobillə Bakı-Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov paytaxt sakini Günel Şərbətovanı vurub və arxadan gələn “Ford” markalı avtomobil piyadanın üzərindən keçib. Nəqliyyatın intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu qanunla nəzərdə tutulmayan yerdən və heç bir təhlükəsizlik tədbiri görmədən keçməyə çalışan hər iki piyada hadisə yerindəcə həyatlarını itiriblər. BDYPİ bir daha piyadalara müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.
“Yeni Müsavat”a danışan nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyevin fikrincə, piyadavurma halları ciddi təhlil olunmalıdır və səbəbləri araşdırılmalıdır. Onun sözlərinə görə, səbəblər fərqlidir: “Günahkar axtarmaqdansa təhlilin tərəfdarıyam. Piyada yol hərəkət iştirakçısıdır. Bu piyadanın yolu nə vəziyyətdədir? Yolu pis vəziyyətdə olanda onda hansı vərdişlər formalaşır? Səkisi zəbt edilibsə, kəsilib yola qatılıbsa, kəsilib parkinq üçün şərait yaradılıbsa, belə olan halda piyadanın hərəkəti yolun hərəkət istiqamətində olacaq. Nəticədə xaotik vəziyyətdə davranış formalaşır, piyada həm öz həyatına, həm də sürücülərin hərəkətinə təhlükə yarada bilər”.
Ekspert hesab edir ki, piyada yolun bir tərəfindən digər tərəfinə keçmək üçün metrlərlə yaxud yüz metrlərlə yol qət etməməlidir: “Şəhərin daxilində birmənalı olaraq eyni səviyyəli işıqforla nizamlanan, iki zolaqdan artıq olan küçələrdə təhlükəsizlik adacığı ilə təmin olunan, yaxşı işıqlandırılan keçidlər təmin olunmalıdır. Şəhərin daxilində birmənalı olaraq yeraltı və yerüstü keçidlər olmamalıdır. Biz bu problemləri aradan qaldırmalıyıq, çünki şəhərdə ən çox hərəkət edən piyadadır”.
R.Ağamirzəyevə görə, digər məsələ şəhərətrafı sürətli yollarda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir: “Şəhərətrafı yollarda, sürətli yol tipində isə müxtəlif səviyyəli keçidlər olmalı, amma mümkün dərəcədə pilləsiz olmalıdır. Elə şərait yaradılmalıdır ki, əlində yük olan, velosipedlə, əlil arabası ilə, uşaq arabası ilə hərəkət edən insanlar yolun bir tərəfindən digər tərəfinə heç kəsin kömək olmadan keçə bilsinlər. Keçidlərdə liftlər, eskalatorlar quraşdırıla bilər, amma təcrübə göstərir ki, onlar xarab olanda aylarla düzəlmir-ehtiyat hissəsi gətirilmir, bahadır və s. Hər gün hərəkətdə olan insan yolun bir tərəfindən digər tərəfinə keçmək üçün əziyyət çəkir və bu uzun müddət davam edəndə insanlar qısa yol axtarırlar. Ona görə bu məsələlər ilkin olaraq ciddi təhlil olunmalıdır”.
Mütəxəssis təklif edir ki, insanların ölümü ilə bağlı sosial videoçarxlar çəkmək olar, bu, fərqli effekt də verə bilir: “”Vision Zero" konsepsiyasına görə insan səhv edə bilər, əsas hədəf səhv nəticəsində insan həyatının itirilməməsidir. Yəni, qəzalar dünyanın hər yerində baş verir, əsas məsələ qəzanın nəticəsinə təsir edəcək qərarlar verilməsidir. Yüngülvari xəsarət, yaxud maddi ziyan olsa, bunlar hamısı düzələndir. Amma piyada ölümü nəticəsində bir insan dünyasını dəyişir, digər insan isə həbsə gedir. Bu günə qədər verilmiş qərarlar düşünürəm ki, natamamdır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas hədəfi yollarda ölüm halını 30 faiz azaltmaq idi. Proqram tam icra olunmadı. Yollarda ölüm halları, nəinki azalmadı, hətta artdı. Son illərdə verilmiş önəmli qərarlar da vacibdir, amma tam olmadı. Şəhər daxilində sürət həddi aşağı salındı, cərimələr yuxarı qaldırıldı, amma bununla da məsələ bitmir, bunun ardı gəlməlidir. Trafiki sakitləşdirəcək elementlərin sayı artırılmalıdır. Şəhər daxilində zolaq ensizləşdirilməsi əməliyyatı görülüb, bu, sabit axının təmini yönündə önəmli bir qərardır. İki zolaqdan artıq olan küçələr və prospektlərimizdə, keçidlərdə təhlükəsizlik adacığı təmin olunmalıdır".
Ekspert fərqli tədbirlərin ayrı-ayrı qurumların öhdəliyində olmasının yaratdığı çətinlikləri də diqqətə çatdırıb: “Həm Bakı şəhərində, həm respublika yollarında işıqlandırma problemli bir sahə çevrilib. İşıqlandırma təhlükəsizliyin əsas elementlərindən biri olsa da, təəssüf ki, ona yetərincə diqqət ayrılmır. Bu sahəyə hansı qurumun məsul olduğunu tapa bilmirik. Yolun hərəkət hissəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxırdı, panduslar və üfüqi nişanlamaya AYNA baxır, işıqfora NİİM baxır, səkilərə icra hakimiyyəti baxır, amma orada da demək olar ki, vəziyyət o qədər də yaxşı deyil. Yaşıllaşdırma da Bakı Şəhər İcra Hakimiyyətindədir. Düzdür, son zamanlar verilmiş qərarlardan biri Nəqliyyatın Əlaqələndirmə Şurasının yaradılmasıdır. Bu, koordinasiya baxımından yaxşı yanaşmadır. 31 küçə transformasiyası lahiyəsi icra olundu. Bunu ümumi olaraq qənaətbəxş hesab etmək olar, amma orada da çatışmayan bəzi elementlər var. Düşünürəm ki, onlara da diqqət ayrılarsa, daha effektiv layihə icrası təmin oluna bilər. Ümumiyyətlə, fərqli hərəkət iştirakçıları üçün şərait yaradılmalıdır və hər hansı baryer yaranırsa, şikayət üçün vahid zəng mərkəzi olmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, bir küçədə, şəhər daxilində boya-boy səki, mikromobillik zolağı, avtobus zolağı, yerin altında metrodursa, yerin üstündə tramvay, şəhərətrafı elektrik qatarı şəbəkəsi təmin olunmalıdır: “Qoy şəhər sakini özü qərar versinv-piyada getsin, yaxud ictimai nəqliyyatdan istifadə etsin. Piyada hərəkətində, velosiped zolağında, avtobus zolağında hərəkətə maneə törədən hal varsa, bunun aradan qaldırılması 24 saat ərzində təmin olmalıdır. Müvafiq olaraq, ya portal, ya qaynar xətti nömrəsi ilə bu məsələlərin aradan qaldırılması təmin olmalıdır. Belə olduğu təqdirdə, küçələrimizdə insanlarımız daha təhlükəsiz olar və ölüm hallarımız az olar. Düşünürəm ki, bu indiki rəqəmlərin ciddi azalmasına səbəb olacaq”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ