İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşməni tükəndirmə savaşı – Rusiya Ukraynanın, Qərb isə Rusiyanın tükənəcəyini gözləyir

1 il 9 aydır davam edən Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Kremlin planı 3 günə Kiyevi tutmaq idi, ancaq bu, heç üç həftəyə, üç aya, üç yüz günə də başa gəlmədi. Rusiya ilk günlərdə Ukrayna ərazisində nə qədər irəliləyə bilmişdisə, elə 1 il 8 aydır həmin yerlərdədir.

Əslində, Rusiya tərəfindən işğal edilən yerlər – vilayətlər, rayonlar az deyil. Bu gün Donetsk vilayətinin təxminən beşdə üçü, Luqansk bölgəsisinin onda doqquzu, Xarkov və Nikolayev vilayətlərinin ərazilərinin bir neçə faizi, Xerson və Zaporojye vilayətlərinin təxminən beşdə üç hissəsi Rusiyanın nəzarəti altındadır.

russkk.JPG (65 KB)

Tərəflərin bir-birinin insan itkilərinə dair açıqladığı statistik rəqəmlər heyrətamizdir. Əgər bu iddiaların yarısı doğrudursa, onda belə çıxır ki, bu mənasız müharibədə tərəflər yüz minlərlə gənc kişi itiriblər.

Darmadağın edilən tikililər, körpülər, yaşayış üçün yararsız hala düşmüş şəhərlər, qəsəbələr, minalanmış çöllər, yandırılmış meşələr, bərbad hala salınmış, metalllolom materialına çevrilmiş hərbi və mülki texnikalar, dağılmış infrastrukturlar... daha nələrə dair səhih statistik göstəricilər yalnız müharibədən sonra açıqlanacaq.

İndi Rusiya-Ukrayna cəbhəsində belə bir durum yaranıb: RF tərəfi hərbi taktikasını dəyişib, yeni ərazilər zəbt etmək üçün hücum cəhdləri etmir. Bu, ağır itkilərə səbəb olur. Artıq Rusiya əhali resursunun, hərbi potensialının, iqtisadi gücünün Ukraynadan dəfələrlə üstün olduğuna güvənərək “tükətmə savaşı” aparır. Moskva düşünür ki, müharibə bu ritmlə, lokal toqquşmalarla, artilleriya savaşıyla davam etsə, Ukraynanın resursları tükənəcək, müqavimət gücü zəifləyəcək, o zaman Moskva Kiyevdə qələbə paradı keçirə biləcək.

Paradoksal olan budur ki, Ukrayna və ona hərbi-siyasi-iqtisadi planda dəstək verən kollektiv Qərb də Rusiyaya tətbiq edilən hərtərəfli sanksiyalar sayəsində bu ölkənin resurslarının tükənəcəyini, necə deyərlər, dizinin yerə gələcəyini düşünürlər.

oooop.jpg (244 KB)

Son dönəmlər Rusiyada Ukraynanın “tükənmişlik sindromu”na yaxalandığına dair yazılar, teleçıxışlar artıb. Eyni zamanda Rusiya mediası başdan-başa Avropa ölkələrinin Ukraynaya dəstək verməkdən bezdiklərini, yorulduqlarını, Kiyevin müharibədən qalib çıxacağına dair şübhələrinin şiddətləndiyi barədə xəbər və şərhlərlə doludur.

Rusiyalı jurnalistlər bu cür xəbərləri Qərb mediasından götürür və həvəslə təkrar çap edirlər.

Gerçəkdən Avropada belə söhbətlər çoxalıb. Ən çox Almaniya Rusiya-Ukrayna müharibəsinə dair şübhə ifadə edir, Ukraynaya hərbi yardımın kəsilməli olduğui barədə açıqlamalar verirlər. Əvvəlcə federal kansler Olaf Şolts bu mövzuda laübalı danışır, sonra hökumət üzvləri, ardınca parlamentin deputatları, daha sonra keçmiş diplomatlar eyni ritorikanı təkrar edirlər. Çox keçmir, məlum olur ki, Almaniya Ukraynaya daha bir partiya “Leopard” tankları göndərir. O nə bəyanatlar idi, bu nə təchizatdır?

1638956188_olaf.jpg (145 KB)

Müharibə başlayandan bəri bu cür ikili hərəkət edən ölkələrin sırasında İtaliya, Hollandiya, Belçika, Polşa, Norveç və başqa ölkələr də var. ABŞ və İngiltərə Ukraynaya hərbi yardım işini axsatmasa da, bu ölkələrdə “çatlaq səslər” daha gur çıxır. Keçmiş diplomatlar, deputatlar, kəşfiyyat zabitləri və başqaları tez-tez Rusiyanın hansısa haqlarının təmin olunmasından, bu ölkəyə güzəştə getməyin, Ukraynaya hərbi yardımı dayandırmağın vacibliyindən danışırlar. Son aylarda bəzi prezidentliyə namizədlər də o dəstəyə qoşulub. Arada adamda belə təəssürat yaranır ki, Ukraynaya yardım məsələsində Bayden tamamilə təklənib. Çox keçmir ki, ABŞ Konqresi Ukrayna üçün daha 100 milyard dollar ayırır.

Qərb mediası Rusiyanın hərbi gücünü öyməkdə, ayrı-ayrı şəxslər müharibənin Rusiyanın qələbəsi ilə başa çatacağı barədə proqnozlar verməkdə davam edirlər. Hər belə kampaniyadan sonra həmin “yorulmuş, bezmiş” ölkələrin siyasi dairələri Ukraynaya növbəti hərbi dəstək kampaniyası başladırlar.

Belə xəbərlər, açıqlamalar Rusiyanın daxili auditoriyası üçün hava-su kimi lazım olduğundan onlar bütün bu materialları sevə-sevə dərc edir, həm özlərini, həm də Rusiya vətəndaşlarını aldadırlar. Sıravi vətəndaşlar bu cür xəbərləri oxuyaraq, eşidərək bu qənaətə gəlirlər ki, bir şey qalmayıb, yaxın vaxtlarda müharibə qələbə ilə bitəcək, bir azca da dözmək, sıxıntılara tablaşmaq lazımdır.

Onlar bu cür aldanışlarla artıq ilyarımdır ki, yaşayırlar, müharibə isə bitmir.

1701165602.0667.jpg (41 KB)

“Düşməni tükəndirmə savaşı” ona görə bu tezliklə bitməyəcək ki, dünyanın ən nəhəng ölkəsi olan Rusiyanın gerçəkdən də hərtərəfli geniş resursları var və o, belə tezliklə tükənən deyil. Eyni zamanda onun qarşısındakı təkcə Ukrayna deyil, bütövlükdə dünyanın ən zəngin ölkələridir və kollektiv şəkildə birləşərək Rusiya ilə müharibə aparırlar.

Bütün bədbin proqnozlarına, “giley-güzarları”na, Rusiyaya ümid verən açıqlamalarına baxmayaraq, Avropa ölkələri Ukraynaya dəstək verməkdən vaz keçməyəcəklər və Rusiya ilə “ağzından qarmağa ilişmiş balığı suda üzdürüb yormaq” taktikası ilə davranmaqda davam edəcəklər.

Ara yerdə postsovet məkanında ölkə, vətən dəyişmiş yüz millətin yüz minlərlə oğlu məhv olub gedir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR