İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən etibarlı valyutası: dolların yerini nə tutacaq - təhlil

Ekspert: “Qlobal maliyyə dollardan yaradılan binada dövr edirsə, daha etibarlısını inşa etmədən onu yıxsaq, necə olar?”

Rusiya prezidenti Vladimir Putin bir daha bəyan edib ki, dollar əsasında yaradılmış qlobal maliyyə sistemi tədricən dağılır. Bu fikirləri o, “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında çıxışı zamanı deyib.

Putinə görə, Bretton Woods sistemi - bir vaxtlar dollar əsasında yaradılıb və getdikcə dağılır: “Axı valyuta bu valyutanı buraxan ölkənin iqtisadiyyatının gücünün törəməsidir. Amerika iqtisadiyyatının dünya ÜDM-də payı azalır - bu da göz qabağındadır”.

Rusiya prezidenti həmçinin deyib ki, Bretton Woods sistemi dəyişdirilməlidir və ABŞ rəsmiləri dollarla ödənişləri məhdudlaşdıran zaman “öz ayaqlarına güllə atırlar”: “Artıq dedim, çoxları Bretton Woods sisteminin köhnəldiyini düşünür. Bunu tək mən demirəm, bunu deyənlər ekspertlər, Qərb ekspertləridir. Bu, məsələn, inkişaf etməkdə olan iqtisadiyyatların borc öhdəlikləri kimi çirkin hadisələrə gətirib çıxarır. Əlbəttə, bu, mütləq, dünya sistemində dolların tam hökmranlığının nəticəsidir. Mövcud sistemin dəyişdirilməsi baş verəcək, bu, vaxt məsələsidir”.

Rusiyalı maliyyə analitiki, iqtisad elmləri namizədi Mixail Belyayevə görə, “Çin yuanı dünyanın ən etibarlı valyutasına çevrilib”. O hesab edir ki, bu xarici valyuta ayrı bir vahid deyil, iqtisadiyyatdan əldə edilir. “Yuana üstünlük verilməlidir, çünki o, ciddi nəzarət edilən etibarlı iqtisadiyyata əsaslanır. Xüsusən də Çin iqtisadiyyatı dünyada daim yeni üfüqləri fəth etdiyi üçün”.

O hesab edir ki, Amerika iqtisadiyyatının dəfn mərasimi hələ tezdir və Amerika dolları etibarlı xarici valyutalar arasında ikinci yerdə olmalıdır. Üçüncü yeri isə avro tutur. Ekspert əmindir ki, bu üç valyuta arasından seçim etmək lazımdır.

Qeyd edək ki, hazırda Rusiya rublu dollar qarşısında sürətlə dəyər itirir. Bir dollar 101 rubldan yuxarı ticarət olunur. Ekspertlərə görə, bunun əsas səbəbi Rusiyanın əldə etdiyi dolların idxal üçün yaranan tələbi qarşılaya bilməməsidir və bu proses getdikcə daha da sürətlənəcək...

Dolların dünya iqtisadiyyatındakı mövqeyini itirməsi məsələsinə gəlincə, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, ABŞ valyutasının dünya valyuta ehtiyatlarında payı 2022-ci ilin sonunda 0,44 faiz bəndi azalaraq 58,36 faizə düşüb. Bu, son 27 ilin minimum göstəricisidir.

BVF avronun dünya valyuta ehtiyatlarında payının 0,12 faiz bəndi azalaraq 20,47 faizə, yuanın 0,11 faiz bəndi azalaraq 2,69 faizə, Yapon yenisinin 0,01 faiz bəndi azalaraq 5,51 faizə düşdüyünü bildirir.

Bu arada dünya valyuta ehtiyatlarında Avstraliya dolları 0,12 faiz artaraq 1,96 faiz, İsveçrə frankı isə 0,6 faiz artaraq 0,23 faiz təşkil edib. Kanada dolları 2,38 faiz səviyyəsində qalıb. Digər valyutalar isə 0,36 faiz bəndi artaraq 3,45 faizə yüksəlib.

Mütləq ifadədə il ərzində dollar ehtiyatları 8,7 faiz azalaraq 6,471 trilyon dollara, avro ehtiyatları 8,5 faiz azalaraq 2,27 trilyon dollara, yapon yeni 8,2 faiz azalaraq 610,9 milyard dollara, funt sterlinq 5,3 faiz azalaraq 548,9 milyard dollara düşüb. İsveçrə frankı ilə ehtiyatlara qoyulan investisiyalar mütləq ifadədə 21,7 faiz artaraq 25,3 milyard dollara, qeyri-ehtiyat valyutaları isə 2,8 faiz artaraq 382,8 milyard dollara çatıb.

Hazırda qlobal ödənişlərdə dolların payı sürətlə artır. Belə ki, beynəlxalq bank xəbərləşmə sistemi olan SWIFT-lə reallaşan ödənişlərdə dolların payı rekord həddə çatıb. SWIFT-in yaydığı statistikaya əsasən avqust ayı ərzində beynəlxalq ödənişlərin 48,03 faizi dollarla həyata keçirilib. Bu, iyuldakı 46,5 faizdən 2 faizədək çox olmaqla statistikanın aparıldığı son beş ildə maksimumdur.

Sistemlə reallaşdırılan beynəlxalq ödənişlərdə avronun payı azalıb - iyuldakı 24,42 faizə qarşı avqustda 23,2 faiz təşkil edib. Bu, beynəlxalq sistemin hesabatı dövründə Avropa valyutası üçün rekord aşağı göstəricidir.

Beynəlxalq ödənişlərdə ən çox istifadə edilən valyutaların reytinqində üçüncü yeri Britaniya funtu tutur ki, onun payı iyuldakı 7,63 faizdən avqustda 7,14 faizə enib.

Sonrakı yerlərdə payı 3,51 faizdən 3,68 faizə yüksələn Yapon yeni və 3,06 faizdən 3,47 faizə yüksələn Çin yuanı gəlir.

2012-ci ildə Almaniyada koronavirus haqqında nə yazılmışdı? - Xeberler | En  Son Xeberler | Son Xeberler - az24saat.org

Fariz Hüseynli

Dolların belə hökmran mövqeyini yaxın və ortamüddətli dövrdə itirərək dünyanın əsas valyutası rolundan çıxması realdırmı? Maliyyəçi alim, Şimali Dakota Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, çox adam dollar sistemini pis başa düşür, ticarəti bir az anlasa da dollara dayanıqlı maliyyə sistemini heç başa düşmür: “Sistem kompleksdir, hər tərəfini anlamaq mümkün deyil, amma təməl daşlarını heç olmasa başa düşək. Bir bina fikirləşin, mərtəbələr arasında pilləkənlər var, liftlər var. Birinci mərtəbədə FED və bankların rezerv hesabları var. İkinci mərtəbədə banklar və onların müştəriləri var - biznes və şəxslər.

Üçüncü mərtəbədə bank olmayan “kölgə banklar” var. Onlar da pul yığır, kredit verir, fondlaşdırır və s. Bunlar Amerika daxilində olan mərtəbələrdir və hamısının çoxlu fərqli otaqları var.

Amma əsas böyük bazar dördüncü mərtəbə və onun üstündədir- Amerikadan kənarda. Lap 1960-lardan başlayan Avrodollar sistemi dördüncü mərtəbədədir. Amerikadan kənarda dollar hesabları o vaxtdan Avrodollar adlanıb.

Avrodolları indi depozit kimi fikirləşməyin, kreditləşmə kimi fikirləşin. Ticarətin və yatırımların kreditləşməsi. Amerikadan kənarda banklar dollarla kredit verir və depozit yaradır, ya toplayır.

Amerika istəsə də, istəməsə də, Amerikaya sərf etsə də, etməsə də, bu sistem yaranıb və bunu yaradanlar daha çox Amerikadan kənarda olub.

Beşinci mərtəbəyə gələk, burada risklər qat-qat artır. Baş gicəllənir. Kredit riskindən çox likvidlik və dollar riski. Burada svpp, forvard və oxşar törəmə bazarları var. Banklara dollar riskini idarə etmək üçün lazımdır, amma həm də likvidliyi təmin edir. Bax sırf bu bazarın miqdarı 70 trilyonu keçir və bunun da 90 faizi dollardadır. Bundan yuxarıdakı mərtəbələri heç demirəm".

Ekspert qeyd edir ki, gündə dünyada 5-6 trilyonluq pul axışı gedir: “Bunun çox böyük hissəsi (80-90 faizi) dollarladır. Bax, bu pul həmin bu binanın mərtəbələri arasında gedir gəlir. 2008-də bir güclü şok oldu - dünya maliyyə sistemi niyə çökdü. Çünki bu binanın mərtəbələri arasında ”pilləkənlər" uçdu, “lift” xarab oldu. FED “xilaskar” kimi meydana girib dedi mən əlavə lift tikirəm və sizə əlavə dollar göndərəcəm. Ondan sonra hər dəfə kiçik böhran çıxanda yeni liftlər tikir - repo bazarında, məsələn.

Bu bina sağlam bina deyil, amma dünyanı da  bu binadan köçürə bilməzsən, başqa bina yoxdur, qura bilmirsən və qurmaq üçün gərək bu bina çökə, ya da nəsə başqa bir yol ola. Uzun sözün qısası, bir binanın havası da, suyu da, nə bilim suvağı da, rəngi də, zəncəfili, kəlağayısı və s. hamısı dollarla hörülübsə, o binanı dağıtmağa çox da tələsməyin. Çünki insanlar ticarətə, gəzməyə və yatırım etməyə maraqlıdır və hazırkı şərtlərdə ən uyğun yol nədirsə onu da edir.

Dolların bu binasını yıxmaq üçün gərək həmin trilyonları bəsləyəcək başqa nəsə ortaya çıxsın. Hər dəfə hay-küy olanda dollara qaçış daha da güclənir, bu da hamıya ziyan verir. Demirəm, bu sistem elə belə də davam etsin-etməsin, amma bunu özümüz qurmuşuq, hamımız - Amerikası da, Amerika olmayanı da. Alternativini qurmaq asan olmayacaq".

F.Hüseynli deyir ki, ABŞ-nin nəhəng borcunun arxasında dolların rezerv valyuta olması dayanır: “Dünya maliyyə sistemində zəmanət rolunu Amerika borc kağızları oynayır. Pullar qeyd etdiyim binanın içində gəzəndə və qalxıb-düşəndə borc yaranır. Pulun yoxdur, amma ticarət lazımdır - borc verən tapılır (ticarətin tərsi pul dövranıdır). Pulun borcla dövranı üçün də zəmanət lazımdır. Kimsə risk alırsa kimsə onu sığortalayır. Bütün maliyyə modellərinə baxanda görürük ki, içində geri ödənmə riski olmayan borclara istinad var. Niyə? Çünki sistemin işləməyi üçün zəmanət lazımdır. Ən yaxşı zəmanət nədir - Amerika borc kağızları. Böyük bazar, geri ödənməsi hələ ki, problemsiz (borc al ödə), həm də alıb-satmaq asandır. Deməli, hamı əlində bu kağızlarla hər qapıya gedə bilər. Risk alan da, risk sığortalayan da, binanın içində ofisdə çay içəndən tutmuş balkonu artıran, mansard tikənlərə qədər hamının pul hərəkəti bu kağızlardan asılıdır. Bu bazarda iki cür qıtlıq yaranır - birbaşa dollar qıtlığı və zəmanət qıtlığı. Bəzən bir-birini tarazlayırlar, bəzən isə yuxarı qaldırırlar, bəzən də aşağı. Amma borca tələb azalmır, vəziyyət çox pisləşəndə hamı pulunu qorumağa yer axtarır, bax elə onda da zəmanət yada düşür. Yəni rezerv valyutanı bu sistem də bəsləyir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR