İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın diqqəti İstanbul razılaşmasında - Qlobal ərzaq böhranı olacaqmı?

Azərbaycan ərzaq təminatı üçün nələr edir...

ABŞ rəsmiləri gizli şəkildə iri banklardan bəzi Rusiya şirkətlərinə bir sıra bank xidmətlərinin göstərilməsini davam etdirmələrini xahiş edirlər. “Bloomberg” Agentliyinin bank mənbələrinə istinadən yaydığı məlumata əsasən ölkənin Xəzinədarlıq və Dövlət Departamenti “JPMorgan” və “Citigroup” da daxil olmaqla, bankları sanksiyalardan qismən azad edilən bəzi Rusiya şirkətlərinə xidməti davam etdirməyə çağırır. Agentliyin qeydinə görə, məqsəd qlobal iqtisadi böhrandan yayınmaq, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsirini minimuma endirməkdir.

Məlumata görə, ABŞ-ın bankların işləməyə davam etməsini istədiyi Rusiya şirkətləri arasında dövlətə məxsus qaz nəhəngi “Qazprom”, gübrə istehsalçıları olan “PAO Uralkali”, “FosAqro” da var: “ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin təmsilçiləri kredit təşkilatlarını sanksiyaların müəyyən tələblərinə daxil edilməyən bu şirkətlərə dollarla hesablaşma, pulköçürmələri və ticarə maliyyələşdirməsi kimi baza bank xidmətlərinin göstərilməsinə çağırırlar”.

“Bloomberg”in yaydığı məlumatdan aydın olur ki, ABŞ Avropanın ehtiyacını nəzərə almaqla “Qazprom”a xidmət göstərilməsinin davam etdirilməsini istəyir. Eyni zamanda Ağ Ev Rusiyanın iki gübrə nəhənginə sanksiyaların yaratdığı problemləri aradan qaldırmağa çalışır. Bu, Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasını təmin edən İstanbul razılaşmasının müddətinin uzadılması üçün Rusiyanın irəli sürdüyü əsas şərtlərdən biridir. Belə ki, iyulda BMT, Türkiyə, Ukrayna və Rusiyanın imzaladığı sazişə əsasən Ukraynın Qara dənizdəki 3 limanından kənd təsərrüfatı məhsullarının ixracı həyata keçirilir. Razılaşmaya əsasən taxıl dəhlizinin işinə şərait yaradan Rusiyanın taxıl və gübrə məhsullarının ixracında yaranan problemlər aradan qaldırılmalı idi. Qərbin sanksiyaları birbaşa Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrə ixracına qarşı yönəlməsə də, maliyyə-bank-sığorta sahəsindəki sanksiyalar bu prosesi xeyli ləngidir. Banklar, sığorta şirkətləri Rusiya məhsullarını daşıyan gəmiləri sığortalamaq, bu məhsullarla reallaşdırılan ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina edirlər, çünki çoxsaylı sanksiyalara görə yoxlamalar həftələrlə vaxt aparır. Bu vaxt itkisinə məruz qalmaq istəməyən banklar və sığorta şirkətləri Rusiya mənşəli hər hansı məhsulla bağlı əməliyyatlara girişmirlər.

İstanbul razılaşması qüvvəyə minəndən bir ay sonradan başlayaraq Rusiya dəfələrlə razılaşmanın onun məhsulları ilə bağlı müddəalarının icra olunmamasını diqqətə çatdırıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqladığı məlumata görə, müxtəlif limanlarda 500 min tona yaxın Rusiya gübrəsi yığılıb qalıb. Moskva həmin məhsulların pulsuz olaraq ehtiyaclı Afrika ölkələrinə çatdırılmasını təklif etsə də, sanksiyalar buna imkan vermir.

Bundan əlavə, cari ildə Rusiyada rekord səviyyədə - 150 milyon tona yaxın(təmizlənməmiş çəkidə)  taxıl istehsal olunub ki, bunun da 100 milyon tona yaxını buğdadır. Rusiya Taxılçılar İttifaqının məlumatına əsasən 2022-2023-cü il mövsümündə Rusiya 60 milyon tondan yuxarı taxıl ixrac etməlidir. İndiki templərlə isə buna nail olmaq mümkün deyil.

Artıq Rusiya tərəfi İstanbul razılaşmasının öz məhsulları üzrə bəndlərinin icrasına dair dəqiq öhdəliklər alınmasa, konkret addımların atılmasına başlanmasa, razılaşmanın müddətinin uzadılmayacağını bəyan edib. Dünən BMT və Rusiya nümayəndələrinin İstanbul razılaşmasının taleyinə dair müzakirələrinin başlayacağı gözlənlirdi.

Türkiyə tərəfinin yaydığı məlumatda ABŞ-ın Rusiyanın şərtlərinə real yanaşdığı, tezliklə onların yerinə yetiriləcəyi qeyd olunur.

Bu arada Avropa İttifaqı Rusiyanı dünya ərzaq təhlükəsizliyinə təhdid yaratmayaraq İstanbul razılaşmasının müddətinin uzadılmasına çağırıb. İttifaqın bununla bağlı açıqlamasında qeyd olunur ki, “ərzaq və aclıq heç vaxt müharibə silahı kimi istifadə olunmamalıdır”.

Türkiyə İstanbul razılaşmasının müddətinin 1 illiyə uzadılmasını təklif edir. Ölkənin müdafiə naziri Hülusi Akar bildirib ki, Ukrayna tərəfi taxıl dəhlizinin maneəsiz işləməsi üçün təhlükəsizlik təminatı verməyə hazırdır.

Rusiya isə öz məhsulları üçün yolların açılması üçün noyabrın 18-nədək real addımların atılmasını gözləyir. Rusiyanın BMT yanındakı daimi nümayəndəsinin müavini Dmitri Polyanski bəyan edib ki, BMT Baş katibi Antonio Quterreş Rusiyanın taxıl daşıyan gəmilərinib sığortalanması üçün iri sığorta şirkətləri ilə aktiv danışıqlar apardığını deyib: “BMT Rusiya taxılının ixracına yaranan problemlərin yaxın vaxtlarda aradan qaldırılacağını vəd edib. Bu vədin yerinə yetirilməsi üçün noyabrın 18-dək vaxt var”.

Göründüyü kimi, Rusiya İstanbul razılaşmasının müddətinin uzadılmasına imkan verməsə, qlobal ərzaq bazarında yenidən ciddi bahalaşma prosesinin başlanması qaçılmaz olacaq.

Onu da qeyd edək ki, Azərbaycan növbəti ildən etibarən ölkənin yerli istehsal hesabına ərzaqlıq buğda ilə təminat səviyyəsini əhəmiyyətli şəkildə yüksəltməyə nail olmağı hədəfləyir. Maliyyə naziri Samir Şərifovun Milli Məclisdəki büdcə müzakirələri zamanı dediyinə görə, cari ildəki yüksək buğda qiymətləri Azərbaycanda elə də hiss olunmayıb: “Müharibə olan zamanı bu problemlər gündəmdə idi. Düzdür, qiymətlər artdı, amma dövlət tərəfindən taxılın qiyməti subsidiyalaşdırıldı. 2021-ci ildə sosial müavinətlərin, əməkhaqlarının artımı ilə bağlı qərarlar qəbul edildi. Prinsipcə, taxıl bazarına qarşı getməyimiz olduqca təhlükəli hal olardı. Prezident tərəfindən ölkəmizin idxal olunan taxıldan asılılığının azaldılması üçün müvafiq tapşırıqlar verilib. Bu işlərə başlanılıb. Cari ildə də müvafiq ehtiyatlar yaradılacaq. Artıq müvafiq qurum da formalaşdırılıb. Dövlət Ehtiyatları Agentliyində taxıl ehtiyatlarımızı formalaşdıracağıq. Eyni zamanda, digər ehtiyatlarımızı da formalaşdırmaq istiqamətində iş gedir. Ehtiyatların formalaşdırılması ehtiyatların yenilənməsi siyasəti ilə uyğunlaşdırılmalıdır. Xüsusilə ərzaqların istifadə müddəti var. Yəni Dövlət Ehtiyatları Agentliyi ərzaqları satmaqla, ondan gələn gəlirdən yeni ehtiyatları formalaşdırmalıdır”.

Deputat Eldar İbrahimovun verdiyi məlumata əsasən gələn ilin dövlət büdcəsində ərzaqlıq buğda istehsalı üçün 800 milyon manat vəsait ayrılır: “İlk dəfədir ki, ərzaqlıq buğda istehsalı üçün bu qədər vəsait ayrılır. Bundan başqa, kənd təsərrüfatına da ayrılan vəsaitin bundan öncəki büdcə zərflərindəkindən çox olması iqtisadiyyatımızın inkişafını göstərir”.

Qeyd edək ki “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

Kənd təsərrüfatında suvarma problemləri (Firudin Tağıyev) - ARB24 (Gündəm)  - YouTube

 Firidun Tağıyev

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firidun Tağıyevin “Report”a dediyinə görə, Azərbaycanda ərzaqlıq buğdaya 5 il müddətinə subsidiya tətbiq ediləcək təsərrüfat sahibləri ilə müqavilələrin imzalanmasına başlanılıb. Onun sözlərinə görə, pivot suvarma sistemlərinin mövcud olduğu 20 min hektar sahə üzrə 18 subyektlə müqavilələr bağlanılıb: “Sahəsi 50 hektardan çox olan təsərrüfatlar cəlb edilib. Bağlanmış müqavilələr cari il əkiləcək taxıl üçün nəzərdə tutulur. Fermerlərə məhsul subsidiyasının verilməsi ölkədə ərzaqlıq buğdanın keyfiyyətinin və həcminin artırılmasına səbəb olacaq. Kiçik təsərrüfat sahibləri qonşuları ilə torpaq sahələrini birləşdirərək minimum 50 hektar sahə üzrə müraciət edə bilərlər. Təbii ki, bu, müasir suvarma sistemlərini tətbiq edən təsərrüfat sahələri olmalıdır”.

F.Tağıyev xatırladıb ki, Prezident İlham Əliyev 19 iyul 2022-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında Fərman imzalayıb və tapşırıqlar verilib: “Fərmanda bir neçə qurumla bağlı, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı müvafiq tapşırıqlar var. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülərə) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək”.

O qeyd edib ki, təqribən 30-40 aqroparklarla görüş keçirilib: “Eyni zamanda, 20-dən çox iri fermer təsərrüfatları ilə görüş keçirilib və hazırda bu görüşlər davam etdirilir. Görüşlərimiz əsasən iki istiqamətdə həyata keçirilir. Birincisi, mövcud pivot sistemlərinin tətbiq edildiyi sahələr üzrə müqavilələr imzalanır. İkincisi isə, ərzaqlıq buğda istehsal etmək üçün pivot suvarma sistemlərinin qurulması ilə bağlıdır. Biz bu təsərrüfat sahiblərinin problemlərini də təhlil edirik”.

Nazirlik rəsmisi vurğulayıb ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tədbirlərin icrası ilə bağlı İşçi Qrupu yaradılıb: “Ayda iki dəfə İşçi Qrupun görüşünü təşkil edirik. Həmçinin, aidiyyəti aqroparklardan nümayəndələr və şəxslər də dəvət edilirlər. Onlar öz problemlərini səsləndirirlər. Onların torpaq sahələrini monitorinq edirik, problemlərini öyrənirik. İctimai şəkildə müzakirələr həyata keçiririk və bu müzakirələrdə hər bir aidiyyəti qurum fəaliyyət istiqaməti üzrə iş aparır”.

F.Tağıyev deyib ki, əsas məqsəd pivot suvarma sistemlərinin quraşdırılmasını nəzərdə tutan torpaq sahələrinin müəyyənləşdirilməsidir: “Noyabr ayı ərzində 2023-cü il əkinləri üçün planlar tam yekunlaşacaq. Bununla yanaşı, hədəf dekabrın sonuna qədər 2024-2025-ci illərin planlarının müəyyənləşdirilməsidir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR