Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) daxil olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.
O, MIT-in “Maliyyə” ixtisası üzrə magistr səviyyəsində təqaüdlə təhsil almaq hüququ qazanıb:
“Nəzrin Balayeva UNEC-ə 660 balla daxil olub və universiteti 99,03 ortalama ilə bitirib. O, beynəlxalq nüfuzlu Chartered Financial Analyst (CFA) level 1 sertifikasiyanı (ilk 10%-də) qazanan ən gənc tələbə olub. UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb”.
Qeyd olunur ki, N.Balayeva “SOFAZ Stock Pitch Competition”, “Azerbaijan Business Case Competition (ABCC)” və “Enactus World Cup” yarışmalarının qalibidir: “Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda "Moonwake Investment" şirkətində biznes analitik kimi çalışır".
“Yeni Müsavat”ın əməkdaşı Nəzrin Balayeva ilə əlaqə saxlayıb. Müsahibəni təqdim edirik:
- Nəzrin xanım, ilk növbədə sizi təbrik edir, təhsil həyatının yeni pilləsində uğurlar diləyirik. İstərdik, sizi yaxından tanıyaq.
- Təşəkkür edirəm. Orta təhsilimi 146 saylı orta məktəbdə almışam. 2024-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda “Moonwake Investment” şirkətində biznes analitik kimi çalışıram.
- Magistr təhsili üçün MIT-i özünüz seçdiniz, ya tövsiyə üzrə belə qərar verdiniz?
- Birinci kursdan universitetləri araşdırırdım. Ən maraqlı universitet, ixtisas, imkanlar və s. baxımından MIT mənə xüsusilə maraqlı gəlmişdi. Yəni universiteti özüm seçdim.
- Necə düşünürsünüz, xaricdə təhsil şəxsən sizin üçün nə ilə yadda qalacaq?
- Fikrimcə, xaricdə təhsil ilk növbədə özümü formalaşdırmağımda böyük rol oynayacaq. Təhsil aldığım illərdə hətta başqa rayona, şəhərə belə səfər etməmişəm. Tamamilə başqa ölkədə, başqa mühitdə yaşamaq və təhsil almaq dünyagörüşümü artıracaq, özümü inkişaf etdirməyim baxımından önəmli olacaq. MIT-də təhsil xüsusilə texnologiya, süni intellekt sahələrində yeni bilgilər əldə etməyimə kömək edəcək. Bu universitet ilk növbədə texnologiya universiteti olduğu üçün çox böyük imkanları var.
- Karyera ilə bağlı konkret hədəfləriniz nədir?
- Maliyyə təhsili almışam və təhsilimi bu sahə üzrə davam etdirəcəyəm. İnvestisiyalara marağım var. Sosial sahələr - ekologiya, yenilənən enerjiyə investisiyalara xüsusi marağım var. Bu sahələrdə özümü daha da inkişaf etdirmək istəyirəm. Azərbaycanda neft və qazdan çox böyük asılılıq var. COP29-dan sonra Azərbaycanda və dünyada yaşıl siyasət prioritet istiqamətlərdən birinə çevrilib. Ona görə də bu sahədə peşəkar mütəxəssis olmaq istəyirəm.
- Seçim edərkən əsasən nəyə fikir verdiniz? Başqa universitetlər barədə düşündünüzmü?
- Əsas istəyim MIT idi. Oksford Universiteti, Kembric Universiteti barədə də düşünürdüm. Oksford Universitetinə ona görə müraciət etmədim ki, proqramda ekologiya və s. kimi məni maraqlandıran mövzulara yer verilmir. Kembric Universitetində isə proqram maraqlı, tədqiqatyönümlüdür. Müraciət etmişəm, hələ ki cavab yoxdur.
- Əgər müsbət cavab gəlsə, fikrinizi dəyişə bilərsiniz?
- Xeyr. Haradan qəbul gəlməsindən asılı olmayaraq, təhsilimi MIT-də davam etdirəcəm.
- Sizdən başqa azərbaycanlılar varmı o universitetdə? Maraqlanmısınız?
- Bəli, ötən il dövlət proqramı ilə iki qız bakalavr üzrə qəbul olundu. Bir nəfər isə artıq magistr pilləsində təhsilini başa vurub. Nihad adlı oğlan isə bakalavr təhsilini Sinqapurda bitirib, təhsilini MIT-də davam etdirəcək.
- Nə zaman yola düşəcəksiniz?
- İyunun sonu yola düşməliyəm, dərslər iyulun 1-də başlayır.
- Uğurlar diləyirəm!
Söhbətləşdi: Nigar HƏSƏNLİ
“Yeni Müsavat”
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ