İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada buğda ucuzlaşır, Azərbaycanda un bahalaşır - səbəb

Bu ilin dörd ayında buğda idxalı 36 faizə qədər azalıb

Azərbaycanda unun qiymətində artım müşahidə olunur. “Xəzər TV”nin məlumatına görə, əgər ötən ay 50 kiloqramlıq unun kisəsi 25,05 manata satılıbsa, may ayında bu qiymət 27,35 manat olub. Bu faktı məhsulun satıcıları da təsdiqləyir. Əsas səbəb kimi isə məhsul qıtlığı göstərilir. 

Regionlardan aldığımız məlumatlarda unun qiymətində bahalaşma olduğu təsdiqini tapır. Bəzi regionlarda bir kisədə 2 manat, bəzilərində 1-1,5 manat bahalaşma olduğu bildirilir. Aran regionunda un çatışmazlığı olmadığını bildirsələr də, Qərb bölgəsində topdansatışdan az məhsul buraxıldığını deyirlər. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər bu ilin birinci rübündə ölkədə un və çörək istehsalının azaldığından xəbər verir. Belə ki, 2024-cü ilin ilk rübündə Azərbaycanda 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır. Azalma həmçinin buğda ununda da müşahidə edilir. Məsələn, 2023-cü ilin birinci rübündə 391.07 min ton buğda unu istehsal edildiyi halda, bu, 2024-cü ildə azalaraq 365.38 min tona düşüb. Bu da 6.5 faiz azalma deməkdir. Unlu qənnadı məhsullarının istehsalı illik 0.2 faiz azalaraq 18.1 min tona düşüb. Birinci rübdə yalnız makaron məmulatlarının istehsalında artım qeydə alınıb - 1643 ton təşkil etməklə 14 faiz.

Maraqlıdır ki, Azərbaycanda un və çörək istehsalında azalma 3-cü ildir qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına görə,  2022-ci ildə ölkədə un istehlakı 1 milyon 540 min ton təşkil edib. Bunun 479916 tonu bilavasitə əhalinin şəxsi istehlakı, 959111 tonu ərzaq məhsullarının istehsalına gedib. İl ərzində ölkədə 1 365 163 ton un istehsal olunub, daha 106 597 tonu isə idxal edilib. Çörək istehsalı isə 1 245,9 min ton təşkil edib. 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azalaraq 1 milyon 328,75 min tona, çörək isə 3.1 faiz azalaraq 1 milyon 207.15 min tona düşüb.

Bu ilin ötən dövründə Azərbaycana buğda idxalında ciddi azalma var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk dörd ayında ölkəyə xaricdən əsasən Rusiyadan olmaqla 409.038 min ton (124 milyon dollarlıq ) buğda idxal edilibsə, cari ildə bu rəqəm 266 min 609 tona (59.697milyon dollar) düşüb. Buğdanın bir tonu 2023-cü ilin birinci rübündə Azərbaycana 303 dollara başa gəldiyi halda, cari ildə bu rəqəm 224 dollara qədər azalıb. Maraqlıdır ki, idxalçılar belə əlverişli qiymət şərtlərindən istifadə edərək buğda alışını artırmaqdansa, azaldırlar.

Məlumat üçün bildirək ki, Azərbaycanda hazırda 25-dən çox un istehsalçısı var. Bu istehsalçılar vəziyyətlərindən kifayət qədər narahatdırlar. Onların nümayəndələri bildirirlər ki, hökumət 2021-ci ildə dünya bazarında buğdanın qiyməti bahalaşanda un istehsalçılarına qısa müddət dəstək verib: “İlk vaxtlar mexanizm sadə idi: istehsal olunan 1 ton una görə istehsalçıya 35 manat dövlət dəstəyi verilirdi. Sonra hökumət mexanizmi o qədər mürəkkəbləşdirdi, o qədər əlavə şərtlər müəyyənləşdirdi ki, istehsalçıların xeylisi dəstəkdən yararlana bilmədi. İndi buğda ucuzlaşıb deyirlər, un, çörək niyə elə ucuzlaşmır? Buğda ucuzlaşsa da, heç də bütün istehsalçıların onu özünün alıb gətirmək imkanı yoxdur. Buna görə də bir çoxları idxal edən şirkətlərdən buğdanı əvvəlkindən cüzi fərqlənən qiymətə alır”.

Azərbaycanın ərzaqlıq buğdaya olan illik tələbatı 1,8-2 milyon ton təşkil edir. Bu da ondan irəli gəlir ki, Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehak edən ölkələr sırasındadır - ildə adambaşına 123 kq. Yeri gəlmişkən, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir.

Çörək əsas qida məhsulu olduğuna görə un və çörək bazarındakı dəyişiklik əhalinin büdcəsinə ən çox təsir edən amilə çevrilib. Belə şəraitdə idxalın azalması, yerli istehsalın artmaması qiymət bahalaşmasına gətirib çıxaran əsas faktor ola bilər. 

Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həm payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır.  Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2  ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb. 

Aydın məsələdir ki, əhalisi çörək yeməyə meylli olan ölkə üçün ərzaqlıq buğda təminatında böyük ölçüdə idxaldan asılılıq ciddi təhdidlər formalaşdırır. Yerli buğda istehsalı həcmini bu təhdidləri neytrallaşdıracaq həddə çatdırmaq uzun illərdir əsas prioritetlər sırasında olsa da, bu, hələ də əlçatmaz olaraq qalır. Bunun əsas səbəbi isə buğda becərilməsində, xüsusilə suvarma sahəsində müasir texnologiyaların çox məhdud tətbiqidir. 2023-cü ildə Azərbaycanda müasir suvarma sistemi olan sahələr cəmi 98,5 min hektar təşkil edib. Bu, 1,5 milyon hektarlıq ümumi əkin sahələrinə nisbətdə çox cüzi bir göstəricidir. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür. 

Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qaldığı ölkələrdən biridir. Rəsmi məlumata əsasən 2020-ci ildə 68.6 min ha, 2021-ci ildə 42.2 min ha, 2022-ci ildə 101.4 min ha və 2023-cü ildə 178.3 min ha sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub. Bu isə müasir və qənaətli suvarma sistemlərinin tətbiqini son dərəcə aktuallaşdırır. 

Dövlət müasir və qənaətli suvarma sistemlərinin tətbiqini genişləndirmək üçün bir sıra stimullaşdırıcı addımlar atıb. Məsələn, Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib. 

Lakin proseslərin gedişi göstərir ki, buğda təminatında təhlükəsizliyin təmin olunması ən yaxşı halda 3-4 ilə mümkün olacaq. Azərbaycan üçün buğda təminatında çətinlikləri azaldan əsas amil iki əsas buğda ixracatçısı olan ölkə - Rusiya və Qazaxıstanla qonşu olmağıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin yaydığı proqnoza əsasən 2024-2025-ci il mövsümündə Rusiyada buğda istehsalı 88 milyon ton, ixracı isə 52 milyon ton təşkil edəcək. Rusiyanın ən yaxın rəqibi olan Aİ-nin buğda ixracı ilə bağlı proqnoz isə 34 milyon tondur (ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz proqnozlarında Krım və Ukraynadan ilhaq edilən digər ərazilərə dair məlumatları nəzərə almır).

Nazirliyə görə, yeni kənd təsərrüfatı ilində qlobal buğda istehsalı 798,19 milyon ton, yemlik taxıl 1 milyard 512,62 milyon ton, qarğıdalı 1 milyard 219,93 milyon ton səviyyəsində qiymətləndirilir.

Buğda istehsalının artması onun dünya bazar qiymətinin əlverişli həddə qalmasını təmin edir. Dünya Bankının əmtəə bazarları ilə bağlı hesabatına əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır. DB-nin proqnozuna görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır. Beləliklə, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8  faiz, 2025-ci ildə isə 1,7 faiz azalacaq.

Lakin bu proqnozların özünü doğrultması hazırda ciddi sual altındadır. Belə ki, Azərbaycanın əsas idxal bazarı olan Rusiyada may ayında müşahidə olunan kəskin soyuqların buğda istehsalında ciddi azalmaya gətirib çıxaracağı gözlənilir. Rusiya Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutu (ICAR) bir ayda üçüncü dəfə buğda istehsalına dair proqnozunu aşağı salıb. ICAR-ın baş direktoru Dmitri Rılkonun İnterfaks-a verdiyi məlumata görə, yeni proqnoz əvvəlkindən 2,5 milyon ton azdır - 86 milyon tona qarşı 83,5 milyon ton. 

Buğdanın ixrac potensialı üzrə proqnoz isə 47 milyon tondan 45 milyon tona endirilib. ICAR indi ümumi taxıl yığımını 135 milyon tona qarşı 132 milyon ton, ixrac potensialını isə 59,5 milyon tona qarşı 57 milyon ton səviyyəsində qiymətləndirir. Rılkonun sözlərinə görə, proqnozlar Rusiyada bütün may ayı boyu müşahidı olunan əlverişsiz hava şəraiti ilə əlaqədar azaldılır.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi də bu il üçün taxıl yığımı proqnozuna düzəlişləri istisna etmir - hələlik proqnoz 132 milyon ton təşkil edir. Nazirlikdən verilən məlumata görə, bir sıra mərkəzi rayonlarda şaxta ilə əlaqədar 900 min hektar sahədə əkinlərin təkrar aparılması zərurəti yaranıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR