Onlayn ictimai-siyasi qəzet
Saat 12-yə olan məlumatda MSK 17 faiz seçici aktivliyindən bəhs etmişdi, lakin mən bunu təvazökarlıq kimi qiymətləndirirəm. Əslində seçki məntəqələrində əhali sıxlığı, basabas vardı, bəzi məktəblər pik vaxtının “28 may” metrosunu xatırladırdı. Yüz minlərlə insan bələdiyyə seçkisində səs vermək üçün can atırdı, buna fürsət tapmayanlar isə - axı məntəqə axşam saat 7-də bağlanmalıdır – binaların önündə əyləşib ağlaşırdılar. Mən hələ belə aktiv seçki görməmişdim. Sevindirici haldır ki, aktivlik hər seçkidə daha da artır. Yəqin növbəti dəfə 200 faiz aktivlik olar. Təbrik edirəm. Bütün bələdiyyə üzvlərinə zibil pulunu vaxtında toplamağı arzulayıram.
Mövzumuz isə bu deyil. Təzəlikcə özbək futbolçu Abduqodir Xusanov İngiltərə peşəkar futbol liqasına, ünlü “Mançester Siti” klubuna 4 illiyə transfer olundu. 40 milyon avroya. Xusanovun müdafiəçi olduğunu nəzərə alsaq, yetərincə yaxşı qiymətdir.
Bir türk oğlunun dünyada tanınmasına sevinirəm, ancaq öz liqamızdan niyə belə oyunçular çıxmır? Ən bərkgedən oyunçumuz Almaniyanın ikinci liqasında oynayır. Özbəklərdən isə hətta İtaliyanın “Roma” klubunda forma geyən olub (Eldor Şomurodov). Həmçinin, Özbəkistanın 23 yaşa qədər milli futbol komandası 2023-cü ildə Asiya çempionu olub, özü də bütün turnir boyu qapısından cəmi 1 top buraxmaqla. Bizim 23 yaşlılar isə bəlkə də bütün tarixləri boyu 23 qol vurmayıblar.
Niyə bizim futbol bu gündədir? Niyə biz hansısa azərbaycanlını dünya liqalarına çıxması münasibətiylə təbrik etmək yerinə, “hansı oyunda dava düşüb”, “Qurban qurban gedəcəkmi” tipli diskussiyalar açmağa məcburuq? Axı Azərbaycan və Özbəkistan eyni rejimin – SSRİ-nin bətnindən çıxıb, eyni vaxtda müstəqil olmuşuq, start vəziyyətimiz fərqli deyildi. Amma nisbətən nüfuzlu Avropa liqasında oyunçumuz da deyəsən elə SSRİ vaxtından qalma, 1990-cı illərin əvvəlində İspaniyada oynamış Vəli Qasımov olub. Vəssalam, şüttəmam.
Əvəzində futbol federasiyamıza başçılıq (bəlkə “kolxoz sədri” yazmaq daha uyğundur) edənlər Avropada yaxşı pul oynadıblar, varlanıblar, hallanıblar. Bunun özü də tragikomediyadır ki, biz futbolçularımızdan çox, federasiya müdirlərimizin fəaliyyətini izləmişik.
Tək futboldurmu? Yenə özbəklərdən misal çəksək, bu saat beynəlxalq şahmat federasiyası FİDE-nin dünya reytinqində, kişilər arasında ilk yüzlükdə neçə özbək şahmatçı var, bilirsinizmi? 5 nəfər! Adbaad yazıram: Nodirbek Abdusattarov (6-cı yer), Cavohir Sindarov (37), Rüstəm Qasımcanov (45), Şamsiddin Vohidov (52), Nodirbek Yakubbəyov (67). Həmişə güclü şahmat ənənələri ilə seçilən Azərbaycandan isə ilk 100-lükdə cəmi 3 idmançı qalıb, onlardan ən yaxşı göstəricili Şəhriyar Məmmədyarov isə 21-ci yerdədir. Məmmədyarovun bir zamanlar yazdığı “Artıq laqeyd münasibətdən bezmişəm” məzmunlu məktub kimin yadındadır? Yəqin heç kimin. Yaddan çıxmasa, tənəzzülə uğramazdıq ki.
Əslində, mənasız bir mövzu açdığımı anlayıram və dəyərli oxuculardan üzr istəyirəm. Çünki bizim idman başbilənlərini uğursuz saymaq olmaz. Onlar çox güclüdür, etiraf edək. Misal istəyirsinizsə, yazıram: Rafael Ağayevin başına gələnlər.
Karateçi. 6 dəfə dünya çempionu olub. 11 dəfə Avropa çempionu olub. Olimpiadada gümüş medalı da var. Yalan olmasın, adamın medallarını daşımağa “KAMAZ” lazımdır. Ancaq bizim idman məmurları Ağayevi elə fəndə saldılar, nə cür zərbə vurdularsa, tatamidən uçub qırağa düşdü. Federasiyada vitse-prezidentlikdən istefa verdi, deyir maaşsız qalmışam, bəlkə ümumiyyətlə Azərbaycandan çıxıb gedəcəyəm.
Mənə bircə o qaranlıqdır ki, Rafael Ağayevi “döymüş” bu adamlar, idmanımızın müdirləri turnirlərə niyə özləri getmir? Yəqin şərait yaradan yoxdur.
Ya da ola bilər hamısı bələdiyyə seçkisindədir.
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ