Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, onun müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Onlar barəsində rüşvətalma, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı araşdırma aparılır.
Musavat.com icra başçısı Musa Şəkiliyevin dosyesini təqdim edir:
Musa Şəkiliyev Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib. Həmin il Rostov vilayətinin Novoçerkassk şəhərində yerləşən Novoçerkassk Mühəndis-Meliorasiya İnstitutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlayan Musa Şəkiliyev 1981–1986-cı illərdə burada meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə isə İlisu Dövlət Qoruğunun direktoru vəzifələrində çalışıb.
1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatı İdarəsinin direktoru, 2002–2010-cu illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası İdarəsində rəis əvəzi, daha sonra Meşələrin İnkişafı Departamentində direktor müavini olub.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 aprel tarixli, 850 nömrəli sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
İqbal RZAYEV,
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ