Hər millət dövlət qura, onu yaşada bilmir. Bu tək intellekt məsələsi də deyil. Hər millətin öz çapına görə düşünə bilən insanları var. Əsas məsələ milləti bu ideya, məqsəd uğrunda toplaya bilən intellektuallarının olmasıdır. Dövlət belə yaranır. Onun davamlılığı isə millətə öncüllük edən şəxslərin ideya zənciri yaratmalarına birbaşa bağlıdır. Dövlət düşancəsini toplumda yaymaq, milləti həlqə-həlqə onun çevrəsində birləşdirib nüvənin qoruyucusu halına gətirmək bir ömürlük əmək istər.
Müstəqillik yaddaşı unutdurulmuş millətlərdə bu lap çətindir. Düşünməmək, qərar verməmək vərdişləri ilə korşalmış beyinləri cilalamaq ağacdan ağ vərəq düzəltmək kimi uzun prosesdir. Bunu yalnız intellekti, əzmi, cəsarəti birgə qullanmağı bacaran insanlar edə bilər. Novella xanım kimi…
Bayramlar ayı mart onu sevənlər üçün həm də Novela Cəfəroğlu bayramıdır. Çərşənbələrin, Novruzun, Qadınlar Gününün sırasında bir də Mamaşa Bayramı var. Bir ana öz övladlarını bağrına necə məhəbbət, sevgi ilə basırsa, Novella xanım da Azərbaycanda azad, sağlam cəmiyyət, milli iradəyə söykənən güclü dövlət qurmaq üçün yaydığı ideyaya könül verənləri bağrına elə basıb hər zaman. Bayramımıza ad olan ünvanını da belə qazanıb.
Yaddaşımda onun azad, firavan Azərbaycan üçün mücadilə tarixi ilə bağlı saysız epizod var. Məkanlar da fərqlidir, qarşısındakı insanlar da. Yürüşlər, mitinqlər, hökumət binaları, mətbuat konfransları, beynəlxalq tədbirlərin keçirildiyi böyük salonlar, əsəb, gərginlik, ümid işığı, sevinc göz yaşları, qələbə qəhqəhələri, sonra yenə müzakirələr, müzakirələr, müzakirələr… Qarşısında duranları çoxu indi yoxdur. Aralarında fiziki ömür hələ bitməyənlər də olmamış olmaz - bəlkə də hardasa nəfəs alıb bioloji ömürlərini sürürlər. Amma Novella xanımın daşıyıcısı olduğu ideyanın qarşısında duran düşüncə cəhənnəmə vasil olub. Novella xanım və onun kimi iradəli insanların sayəsində.
Yolumuz uzun olsa da əsas hissəsini aşmışıq. Həm idarəetmə, həm toplum Novella Cəfəroğlunun da daşıyıcısı olduğu fikrin Azərbaycan üçün ən gözəl yol, ən ali dəyər olduğunu qəbul etməkdədir. Bir mücadilə insanı üçün bundan böyük sevinc olmaz.
Tanrı bir də milləti yolundan sapdırmasın. Novella xanım kimi qarşısına çıxan heç bir çətinliyə baxmayaraq yolundan dönməyən insanları da millətin başından əskik etməsin.
Sevgilər, qiymətli, əziz Novella xanım. Ömrünüz bərəkətli, sevinciniz əbədi olsun!
Övladlarınız adından Aygün
ŞƏRHLƏRŞƏRH YAZ