Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda ortamüddətli dövrdə dövlət borcunun məbləğinin artması proqnozlaşdırılır.
Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da əksini tapıb.
Sənədə əsasən ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə qeyri-neft sektorundan əldə olunan gəlirlərin dövlət büdcəsi kəsirini tam təmin etməyə kifayət edəcəyi müddətədək daxili bazarda dövlət qiymətli kağızlarından aktiv istifadə davam etdiriləcək. Bununla yanaşı, müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb.
Proqnoza əsasən 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 30,0 milyard manat səviyyəsinə və ya ÜDM-in 23,0 faizinə çatacağı proqnozlaşdırılır. Həmin dövrdə xarici dövlət borcunun 9,0 milyard manat və ya ÜDM-in 7,0 faizi həcmində, daxili dövlət borcunun isə 21,0 milyard manat və ya ÜDM-in 16,0 faizi həcmində olacağı gözlənilir. Ortamüddətli (2025-2028-ci illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 33,8 milyard manat səviyyəsinə çatacağı və ÜDM-in 23,0 faizdən aşağı olacağı gözlənilir.
Qeyd edək ki, dövlət borcunun (xarici və daxili dövlət borcu) ümumi məbləği 2024-cü il 1 iyul tarixinə 25 milyard 686,1 milyon manat və ya ÜDM-in 21,2 faizini təşkil edib.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ