İnsanlara hürriyət, millətlərə istiqlal!

Donuz ürəyi gəzdirənlər - tibbi transplantasiyada şok, suallar da var...

Cərrah: “Uzun müddət yaşaya bilər, bir şərtlə ki...”; ilahiyyatçı: “İslam alimlərinin məsələyə münasibəti birmənalı deyil, amma...”

ABŞ-da cərrahi kardiologiya növbəti ilkə imza atıb. Daha doğrusu, bu, ikinci presedent olub. Belə ki, Merilend Universitetində xəstəyə - Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosettə geni dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib.

ki, Fosett əvvəllər keçirdiyi ürək-damar xəstəliyi və daxili qanaxma ilə bağlı ağırlaşma səbəbindən insan ürəyi transplantasiyasına yararlı olmayıb. Lakin o, əməliyyatdan sonra orqanizminin donor orqanına uyğunlaşması üçün xüsusi preparatlar qəbul etsə də, cəmi 6 həftə (ayyarım) yaşaya bilib.

Bundan öncəki analoji əməliyyat da 2022-ci ildə, həmin tibb mərkəzində aparılmışdı. Donuz ürəyi köçürülən 57 yaşlı pasiyent iki aydan sonra həyatını itirmişdi.

Qeyd edək ki, geni dəyişdirilmiş heyvan orqanlarının insanlara köçürülməsi donor orqanı çatışmazlığı problemini həll etməyə yönəlib. Hazırda təkcə Birləşmiş Ştatlarda orqan transplantasiyası növbəsinə dayananların sayı 100 mini ötüb. Bir müddət öncə Nyu-York Universiteti nəzdində fəaliyyət göstərən Lanqon Tibb Mərkəzində beyin ölümü diaqnozu ilə daxil olan pasiyentə donuzun qaraciyəri köçürülmüşdü. Heyvan orqanı insan orqanizmində rekord müddətdə - 61 gün işləmişdi.

Bəs niyə məhz donuz ürəyi və ya qaraciyəri? Nədən pasiyentlər az yaşayıb? Yaş amili önəmlimi? Azərbaycanda transplantasiya sahəsində vəziyyət necədir? Neçə xəstə “təzə ürək” gözləyir?

Yeri gəlmişkən, tibdə donuzdan istifadə olunması onların bir çox cəhətdən insanlara yaxın olması ilə bağlıdır. Ekspertlər hesab edir ki, meymun da insana yaxın olsa da, amma bəzi cəhətlərinə görə donuz insana daha yaxındır. Donuzları yetişdirmək, onların üzərində manipulyasiya aparmaq da meymunlardan daha asandır. Meymun yetişdirmək çətindir. Meymunların çoxu da balaca olur, orqanları da kiçik olur. Bir insana 1 kq qaraciyər köçürmək üçün belə meymun tapmaq və yetişdirmək çətin məsələdir. Amma donuzları yetişdirmək hər cəhətdən asandır. Donuz 12 bala doğur.

Dr. Eldar Bağırov - YouTube

Eldar Bağırov

Ürək-damar cərrahı Eldar Bağırov da “Yeni Müsavat”a dedi ki, insan bədəninə toxuma olaraq ən yaxın heyvan donuz toxumalarıdır: “Niyə donuz transplantasiyasından sonra insanlar yaşaya bilmirlər? Bir var ürək qapaqlarına donuz toxumalarından istifadə oluna, bir də var bütün orqan transplantasiya oluna, təbii ki, fərqi olur. Ürəyin özünəməxsus xüsusiyyətləri var, olduqca mürəkkəbdir. Nə qədər toxumalar yaxın olsa da, genetik olaraq insanla heyvan arasında təbii ki fərqlər var. O insanın da çox yaşamaması normaldır. Hələ ki bu, nəzəri cəhətdən tətbiq edilir, bununla bağlı çalışmalar yenidir. 67-ci ildə bir insandan başqa birisinə ilk ürək transplantasiyası olanda da o xəstə 6-7 ay yaşaya bilmişdi. Amma sonra inkişaf edə-edə bu müddət 10-15 ilə uzadıldı. İndi burada da araşdırmalar aparılsa, prosedurlar olsa, insan transplantasiya sonrası daha uzun müddət yaşaya bilər”.   

Cərrah əlavə edib ki, Azərbaycanda bu günə kimi ürək transplantasiyası olmayıb və ümumiyyətlə, bizdə transplantasiya sahəsi çox zəifdir: “Yalnız qaraciyər, böyrəkdə aparılır. Transplantasiya əməliyyatı texniki olaraq çətin deyil, amma onun sonrakı gedişatı, müalicənin aparılması, xəstənin bu müalicəni necə qəbul etməsi olduqca vacib məsələdir. Çünki mən özüm də Türkiyədə üç il transplantasiya üzrə işlədim, orada bunların şahidi oldum. Azərbaycanda bunun bünövrəsi yaxşı olmalıdır, kardiologiyanın inkişafı baxımından, immunodepressiv dərmanların olması, yəni köklü bir iş olmalıdır. Türkiyədə olduğum zaman da həyata keçirilən ürək transplantasiyası sonrası əsasən xəstənin qəbul etdiyi dərmanlar, verilən müalicəyə olan reaksiyalara diqqət edirdik. Burada çox faktorlar rol oynayır. Bədənin zəif olması, insanın cavan olub-olmaması burada rol oynayır. Ümumilikdə isə əməliyyatdan sonra ortalama yaşama dövrü 5-10 il arasındadır. 

Bəs İslam donuz ürəyi köçürməsinə necə baxır? Yeri gəlmişkən, yaxınlarda halal dərmanlarla bağlı standart qəbul edildi. Bu standart İslam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Bəs görəsən, bu donuz ürəyi köçürülməsinə də şamil edilirmi?

Misal üçün, Misirin Ali Dini Əmrlər Şurası - “Dar əl-İfta”nın bu məsələ ilə bağlı fətvasında deyilir: “İnsan həyatı üçün təhlükə olduqda; orqanlardan birinin itirilməsi, xəstəliyin artması və ya davam etməsi, orqanizmin vəziyyətinin ciddi şəkildə pisləşməsi halında donuz ürəyinin qapaqlarından istifadəyə icazə verilir”.

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

Mövzu ilə bağlı araşdırmaçı jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a dedi ki, xəstə insanlara orqan köçürülməsi 20-ci yüzildə tibbə gətirilən təcrübədir: “Bu baxımdan, dinin məsələyə münasibətini öyrənmək istədikdə bu inanc sisteminin qadağalarına və icazə verildiyi hallara diqqət etmək lazım gəlir.

Din istisna hallarda qadağan olunan, yəni haram hökmündə olanların istifadəsinə icazə verir. Bu da insanın ölüm təhlükəsi ilə üzləşdiyi zəruri hallarda özünü göstərir.

Bir çox ölkələrdə insanın ürək qapağına donuzun ürək qapağının köçürülməsi təcrübəsi də özünü göstərib. İslam alimlərinin məsələyə münasibəti birmənalı olmadığı üçün bu barədə konkret fikir söyləmək də çətinlik yaradır.

Dini qaydalar, yəni şəriət bir çox hallarda hansısa dini inanca sahib olan xalqların örfünü də özündə ehtiva edir. Məsələn, bir çox müsəlman ölkələrdə haram sayılmayan qidaların Azərbaycan xalqının qida rasionunda yer almaması təbiidir. Bu baxımdan, orqan köçürülməsinə də bu kontekstdən yanaşmaq lazımdır. Hansısa azərbaycanlı böyrək çatışmazlığına görə ona donuzun böyrəyinin köçürülməsinə razı olacaqmı?

Təcrübə də göstərdi ki, donuz böyrəyi köçürülən amerikalı xəstə cəmi iki aya yaxın yaşaya bilib. Demək, həyata keçirilən təcrübə müsbət effekti özündə ehtiva edə bilmədi.

Qurani-Kərimin bir çox ayələrində haram qılmaq səlahiyyətinin yalnız Allaha məxsus olması israrla vurğulanır. Çünki halal və haram qılmaq bilavasitə iman və tövhidə aid olan bir məsələ olduğundan hansısa insanın haram olanı halal, halal olanın isə haram olduğunda israr etmək səlahiyyəti yoxdur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR