Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Dominikan Respublikasında Venesuela hökumətinə məxsus təyyarənin həbs edilməsi prosesində iştirak edib.
Musavat.com xəbər verir ki, bu barədə "Amerikanın Səsi" məlumat yayıb.
ABŞ hakimiyyəti təyyarənin müsadirə olunması üçün hüquqi əsasların olduğunu müəyyən edib.
Dövlət Departamentinin açıqlamasına görə, təyyarənin həbsi ABŞ sanksiyalarının və ixrac nəzarəti qaydalarının pozulması, həmçinin çirkli pulların yuyulması ittihamları ilə əsaslandırılıb.
Bu, son altı ay ərzində Dominikan Respublikasında ABŞ tərəfindən müsadirə edilən ikinci Venesuela təyyarəsidir. Belə ki, 2024-cü ilin sentyabrında "Dassault Falcon 900EX" tipli Fransız istehsalı olan təyyarə də saxlanılmış və Floridaya yönləndirilmişdi.
Cümə axşamı Mərkəzi Amerika turu çərçivəsində Dominikan Respublikasına səfər edən Rubio, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşının təyyarəyə həbs qərarını yapışdıraraq onu rəsmi şəkildə müsadirə etməsinə şahidlik edib.
Həbs edilən təyyarə Santo-Dominqo hava limanında texniki baxışdan keçirilirmiş.
ABŞ Dövlət Departamenti bildirib ki, Venesuela lideri Nikolas Maduronun hökumətində yüksək vəzifəli şəxslər bu təyyarədən Yunanıstan, Türkiyə, Rusiya, Nikaraqua və Kuba səfərləri üçün istifadə ediblər.
Ötən ay isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Karakasa səfər edərək Maduro ilə danışıqlar aparıb və Venesuelada saxlanılan altı amerikalı məhbusla birlikdə ölkəni tərk edib.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ