İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqətlər Vaşinqton görüşündə - ABŞ-Ukrayna münasibətləri normallaşacaqmı?

Məlum olduğu kimi, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampa müharibənin həlli üçün vahid plan təqdim etmək məqsədilə gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırlaşırlar. İddia olunur ki, Britaniya lideri Zelenskiyə Amerika dəstəyini qazanmaq üçün Trampla münasibətləri düzəltməyin vacibliyi barədə xəbərdarlıq edib.

ZAHİDOV.jpg (248 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a şərhində bildirib ki, bu, təəccüblü deyil, ötən həftə Oval kabinetdə baş verən qalmaqaldan sonra Ukrayna və ABŞ arasında ciddi problemlər yaranıb:

“Görüşdən sonra verilən bəzi qərarlar Ukraynanın vəziyyətini daha da çətinləşdirib. Zelenski London sammitində Avropa ölkələrindən bəzilərinin dəstəyini tam şəkildə aldı. Hətta qərara alındı ki, Ukraynaya dəstək davam etdiriləcək. Eyni zamanda Ukraynanın zəif sülh saziş imzalamasına imkan verilməyəcək və təhlükəsizlik təminatı olacaq. Digər tərəfdən London sammitində Böyük Britaniya tərəfi vurğuladı ki, ABŞ-nin prosesə daxil olması vacibdir. Böyük Britaniya bunu ona görə istəyir ki, ABŞ-nin dəstəyi olmadan Avropanın təkbaşına Rusiyanı Ukraynaya qarşı aqressiyadan çəkindirə bilməyəcəyini anlayır. Avropanın belə imkanı yoxdur.

İkinci Dünya müharibəsindən sonra Avropa hərbi təhlükəsizlik sənayesini arxa plana ataraq, daha çox sosial-iqtisadi proqramlara vəsait ayırıb, nəticədə təhlükəsizlik amili və hərbi imkanları zəif vəziyyətdə qalmaqdadır. Belə olan halda Avropanın təkbaşına Rusiyaya qarşı Ukraynanı müdafiə etməyə gücü çatmaz. Bu fikir daha çox Britaniya və İtaliya tərəflərindən gəldi. Görünür, Fransa və Almaniya daha çox Avropanın müstəqil olmasının tərəfdarı olsalar da, Britaniya hər bir halda ABŞ-nin prosesə daxil olmasını istəyir. Britaniyanın baş naziri Kir Starmer qeyd etdi ki, hər hansı sülh sazişi yaxud atəşkəs imzalanacaqsa, Avropa kontingenti Ukraynaya yerləşdiriləcəksə, ABŞ-nin dəstəyi mütləqdir. ABŞ qoşunları olmasa belə, yazılı formada sülhməramlıların yerləşdirilməsi dəstəklənməlidir ki, artıq həmin qüvvələrin çəkindirici funksiyası yaranmış olsun”.

S.Zahidovun sözlərinə görə, ABŞ-dən dəstək almaq üçün ilk növbədə Trampla Zelenskinin münasibətləri normallaşmalıdır:

“Bu məqsədlə Starmer və Makron Zelenski ilə birlikdə Vaşinqtona yola düşəcək. Bu görüş zamanı ilk növbədə Ukrayna və ABŞ arasında problemlərin aradan qaldırılmasına çalışılacaq. Digər tərəfdən minerallarla bağlı saziş müzakirə olunacaq. Hətta sazişin həmin görüşdə imzalanması mümkün ola bilər. Zelenski də sazişi imzalamağa hazır olduğunu bildirib. Belə görünür ki, Avropa Zelenskiyə ABŞ ilə münasibətləri düzəltməsi üçün təzyiq edib. Zelenski hətta ilk mərhələdə ballistik raket və dronların istifadəsinin qadağan edilməsini, ümumiyyətlə, hava məkanının qapalı zona olmasını, əsirlərin dəyişdirilməsini təklif edib.Bütün bunlar onu göstərir ki, Zelenski ABŞ-nin dəstəyi olmadan müharibənin bitməyəcəyinin fərqindədir.

Vaşinqton görüşündə ilk növbədə münasibətləri tənzimləməyə çalışacaqlar, minerallar bağlı sazişin razılaşdırılmayan məqamaları müzakirə olunacaq, artıq bundan sonra Rusiya ilə atəşkəsin yaxud sülh sazişinin perspektivləri və şərtləri müzakirə olunacaq. Əsas məsələ təhlükəsizliyin təminatıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR