Onlayn ictimai-siyasi qəzet
Bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşahidə olunub. Lakin axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buz bağlaması gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev xəbərdarlıq edib.
“Şaxtalı havada, xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş olunur.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur” - o bildirib.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ