İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomun itməsi  

Ali məktəblərə qəbul başa çatdı, kimlərsə sevindi, kimlərsə məyus oldu. Tələbə adı qazananları, xüsusilə jurnalist övladlarını təbrik edirəm. Bu il bəxti gətirməyənlər də məyus olmasınlar, hələ illəri qarşıdadır...Diplom da elə bir sənəddir ki, bir gün lazım ola bilər, nə olsun 5 il oxumusan, axtararsan, amma tapmazsan...Yəni əsas cansağlığıdır, zehin açıqlığı və bir də həvəsdən düşməmək.       

Biz SSRİ-nin son illərində (1988) ali məktəbə qəbul olunduq və indi uşaqlarımızla iki tam fərqli sistemində təhsil almış sayılırıq. O sistemdə mənfilər o qədər idi ki, saysan vaxt itkisidir. Amma sovet təhsil sisteminin üstünlükləri də vardı. Xüsusilə müəllim-şagird münasibətləri haqda xeyli xoş xatirələr qalır. Dərsini pis keçən müəllim görmədim, dərsə qulaq asmayan şagird(içi mən qarışıq) isə nə qədər desən. Bir də hər fəndən “axsayan” da olmurdu. Birimiz ədəbiyyatı yaxşı oxuyur, cəbr-həndəsədən “axsayardıq”, o biri kimyanı bilib, bir şeiri əzbərləyə bilməzdi. Ona görə məktəbi yarımçıq qoyanlar az olardı, hamı tam orta təhsil almağa çalışırdı.          

Düzdür, o vaxtlar müəllim yanına getmək yox idi, indiki şagirdlər müəyyən sinifdən sonra məktəb üzü görmürlər, ancaq repetitor yanında hazırlaşırlar. Məncə, valideyn-övlad münasibətlərində ən böyük “əmma” da elə burdan başlayır. Niyəsini qısaca izah edim. 

DIPLOM.jpg (218 KB) 

Biz imtahana hazırlaşanda valideynlərimizin bir qayğısı olardı- bizə hazırlaşmaq üçün rahat şərait yaratmaq, vaxtı-vaxtında yuxudan oyatmaq, çay vermək, səhər-günorta və axşam yeməyi hazırlamaq. “Uşaq imtahana hazırlaşır” deyib, heç televizoru da çox vaxt işlətməzdilər. Ona görə bizim vaxtlar “imtahandan kəsilib” qayıdanda valideyn “sənə bu qədər zəhmət çəkdim, pul xərclədim, amma hamısı heçə getdi” deməzdi. Bu indiki təhsil sistemini, valideyn-övlad münasibətlərini zədələyən ən ciddi problemdir. 

Deyim ki, o vaxt da “imtahandan kəsilməyi” özünə ağır dərd edən valideynlər də vardı. Elə bil dünya dağılmışdı: “Filankəsin uşağı qəbul oluna bilmədi...” 

Qəbul oluna bilməyəndə valideynin əsas narahatçılıq da bu idi ki, “qapı-qonşu, işlədiyi kollektiv, qohum-əqrəbaya nə deyəcək”. Ona görə SSRİ vaxtında az-az valideynlər “uşağı imtahandan kəsdilər” deyərdi. Hamının uşağı  o vaxt Bakıdan daha çox “konkursa düşüb” qayıdardı. Əlbəttə, o vaxt konkursa düşənlər də olardı, amma imtahandan “2” alıb arzusu 1 il gözündə qalanlar da az deyildi. 1 il nədir, elələri var idi 5 il dalbadal bir ali məktəbə imtahan verərdilər...  

İndi bizim bildiyimiz konkurs yoxdur, şükür ki, ali məktəblər də, ixtisaslar da çoxdur. İndi hamı öz arzuladığı ali məktəbə, ixtisasa düşməyə də bilər, amma o vaxt belə geniş seçim imkanı yox idi. Mən yenicə bilmişəm ki, ali məktəbə iki dəfə imtahan vermək olar. Vallah, yaxşı sistemdir...         

SSRİ təhsil sisteminin də əyər-əskikləri çox idi, yaxşı oxuyanlar, ortabablar və “sürünənlər” vardı. Sürünənlər ali məktəbə getməzdilər, ortabablar “gedim bəlkə  özümü sınayım” deyərdilər. Oxuyanlar isə sanki mütləq qəbul olunmalı idilər. İndi yaxşı oxuyanlar, ortabablar və “sürünənlər” heç düşünmədən ali məktəbə imtahan verə də, qəbul oluna da bilir. O zamankı qəbul prosesi bəllidir, 100 nəfərdən bəlkə də 10 nəfər öz biliyi ilə qəbul olunardı. Bir də “yekə yerdə”(ən azı nazirliklərin birində) dayın olsaydı, tapşırıqla da mümkün idi. Qəbul olunandan sonra yenə dedi-qodu başlayardı: “Yox əşi, dədəsi filan qədər verməsə, kimdir onu instituta götürən...” Dədəsi filan qədər verənlər də çox idi, amma öz biliyinə qəbul olunanlar da vardı. İndi hamı öz biliyinin çörəyini yeyir, hər halda, kasıb uşağı sovet vaxtı hüquqa qəbul oluna bilməzdi, indi isə hüquq hamı üçün əlçatandır... 

Bakıya qəbul imtahanına gəlmək başqa bir mərəkə idi. Şəxsən mən imtahan verəndə atam-anam Bakıya gəlmişdi. İstidə onlar da əziyyət çəkirdilər, üstəlik hər imtahanda da mənimlə bərabər nə qədər həyəcan...Rayondan-şəhərdən özü imtahana gedənlər olardı, onlar da qohum evlərində qonaq qalardılar.  O qohumlar da uşaq imtahan verənə qədər həyəcan keçirər, bir az əziyyət çəkərdilər. “Uşaq azar, metroda yıxılar” deyə onun da yanında kimsə olmalıydı. İnsanlar o zaman daha qayğıkeş idi, daha qohumcanlı, daha səmimi. O vaxt da “Bakı adamları korlayır” deyərdilər, amma paytaxta yaşayan hansı qohumun qapısını döyərdin, sənin üçün ürəyini də verərdi. Bir çoxları hətta Bakıda oxuduğu 5 ildə qohum evində də qalardı. İndi qardaş evində 5 gün qalmaq adamı sıxar...      

dovl-t-qulluguna-q-bul-imtahaninda-1134-n-f-r-ugur-qazanib_1671473359-b.jpg (64 KB) 

Hə, qəbul olumayanlar şəhərə qayıdanda başqa bir “istoriya” başlayardı. Əsasən də oğlanlar. Çünki 8-9 ay sonra əsgərliyə getmək lazım idi. Sovet dövründə tələbəni 1-ci kursdan əsgərliyə aparmaq kimi debil qanun olub. İki il əsgərlikdən sonra qayıdıb gəlirdin ki, sənin gözaltı elədiyin qız indi 4-cü kursa keçir, sən hələ ikinci kursu oxumalısan. Bildiklərin də yadından çıxıb. 1988-ci ildə Qorbaçov bu qanunu dəyişdi, ali məktəblərdə hərbi dərs keçirdilər və yalnız təhsilini başa vurduqdan sonra xidmətə gedə bilərdin. 1988-ci ildə həmin qanun çıxanda Gürcüstanda cəmi 5-10 faiz qızlar ali məktəbə sənəd veribmiş, bunu çox sonralar bir gürcü mənə danışdı. Dedi ki, bunu qəsdən elədilər ki, gürcü oğlanları sovetin əsgərliyinə getməsinlər...

O zaman ali məktəbə qəbul prosesi o qədər çətin idi ki, indiki gənclərə adam qibtə edir. Qəbul olunduqlarını hətta cib telefonundan öyrənirlər. Biz bir neçə ( üç) imtahan verirdik, hələ neçə gün də gözləməli idin ki, qəbul imtahanının nəticələrini biləsən. Sonra ali məktəbin qarşısından bir siyahı asardılar, oradan bilərdik. O siyahını oxuyub ürəyi gedən də olurdu, sevindiyindən yanındakı tanımadığı adamı öpən də...

Diplom vacibdirmi? Məncə, həyatdan dərs almaq, yaxşı təhsil almaq qədər vacibdir. Yəni diplom texniki məsələdir. Bu yaxınlarda bir iş üçün məndən diplomumu istədilər. Dedim gətirərəm. amma axtardım tapmadım. Gördüm, diplomumu istəyənlər bir az da şübhəyə düşdülər. Diplomun dublikatını almaqla maraqlandım, uzun bir prosedur... BDU-nun mətbuat xidmətinin xanım rəhbəri sağ olsun, onun problemə diqqəti və köməkliyi ilə bir arayış aldım. İndi o arayış mənim diplomumu əvəz edir. 

Amma düzü, o diplomun başqa bir mənəvi mənası da vardı.  93-cü ildə BDU Məhəmməd Əmin Rəsulzadə adına idi, diploma da elə yazılmışdı...

Nazim SABİROĞLU,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR