Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.
Qanuna əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Qanunda, həmçinin xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.
Milli Məclisin deputatı Fariz İsmayılzadə Musavat.com-a şərhində qanunun mütərəqqi olduğunu bildirib:
“Qanunu parlamentdə ətraflı müzakirə etdik. Bundan öncəki qanun 2001-ci ildə qəbul edilmişdi. Uzun illər keçib, zaman dəyişib. Azərbaycanın reallıqları, xarici siyasət vəzifələri, məqsədləri dəyişib. O cümlədən Qarabağın azad edilməsi, regionda baş verən dəyişikliklər yeni qanunun qəbulunu zəruri etmişdi. Eyni zamanda yeni qanun çox detallı işlənib: terminlər ətraflı izah olunur, diplomatların rotasiya qaydaları, sosial öhdəliklər, sosial müdafiə sistemi daha möhkəm göstərilir. Köhnə qanunda göstərilməyən müəyyən məqamlar da ətraflı əhatə olunub”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ