Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, uzun müddətdir müzakirələrə səbəb olan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun parlamentin iclasında III oxunuşda təsdiqlənib. Bununla da Ailə Məcəlləsinə dəyişikliklər edilir və dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Qohum evliliyində ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır:
- Qan xəstəlikləri;
- Ürək damar xəstəlikləri;
- Şəkər xəstəliyi;
- Əqli zəiflik;
- Fiziki çatışmamazlıqlar.
Dünya təcrübəsinə görə, qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Amma qohumlar arasında evlənmə faktlarına Avropa ölkələrində az rast gəlinir. Məsələn, Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir.
Ərəb ölkələri, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan ailələrin 30-35 faizi qohum nikahların payına düşür.
Tacikistanda isə bu günlərdə yaxın qohumlar arasında evlilik qadağan edildi. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən yaxın qohum evlilikləri bundan sonra qadağan edilir və nikaha girməzdən əvvəl cütlüklər mütləq həkim müayinəsindən keçməlidirlər.
Qanuna əsasən, bundan sonra qardaş, bacı uşaqları, eyni zamanda, xala (bibi), dayı (əmi) uşaqları bir-biriləri ilə evlənə bilməzlər. Bununla yanaşı, VVAQ orqanları tibbi arayış olmadan nikah mərasimini təşkil etməyəcəklər.
Bir müddət öncə Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan 30 mindən çox əlil uşaqların dünyaya gəldiyini bildirmişdi.
Azərbaycana gəldikdə, istər böyük şəhərlərdə, istərsə də bölgələrdə qohum evlilikləri ilə tez-tez rastlaşırıq. Araşdırmalara görə qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakı kəndlərində geniş yayılıb. Bu gün də qohum evliliklərinin qadağan olmasına etiraz edib, “əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib” kimi ifadələr səsləndirənlər var.
İslam dini əmi, dayı, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur. Ancaq bəzi hədislərdə məsləhət görülür ki, insanlar uşaqlarının sağlamlıqları üçün uzaq biri ilə evlənsinlər.
Katoliklər isə 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəsilə qədər evlilik insest, yəni, ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur.
Bəs evlilikdə qohumluq əlaqəsi necə müəyyən olunacaq?
Millət vəkili Fazil Mustafa deyir ki, qohumluq əlaqəsini müəyyən etmək üçün arayış tələb olunacaq:
“Həmin arayışda qohumluq əlaqəsinin olub-olmadığı məlum olur. Əgər arayışda yanlış informasiya verilərsə, bunun üçün qanunda məsuliyyət nəzərdə tutulub. Bütün bunlar vətəndaşın sağlamlığı üçündür. Dövlət bunu tibbi nöqteyi-nəzərdən zərərli hesab edir. Ona görə də vətəndaşın rəyinə görə davranılmır. Bu, hökumət tərəfdən epidemiya və yaxud sağlamlığın təhlükəsi kimi görünür”.
Millət vəkili həmçinin qeyd edib ki, yeni qanun 1 ildən sonra qüvvəyə minir və bu bir il ərzində yaşı 18-dən yuxarı olan hər bir kəs öz qohumu ilə nikaha girə bilər.
“Ondan sonra artıq maneə qoyulacaq. Bütün hallarda qanunvericilik ən ciddi formada məsələyə öz müdaxiləsini edəcək”, deyə Fazil Mustafa qeyd edib.
Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında yeni qanunu alqışladığını deyib:
“Uzun illər idi ki, belə bir qanunun olmasını tövsiyə etmişəm. Bu qanunla razılaşmayan adamlarla bir qədər söhbət aparmaq lazımdır. Həyat belədir ki, haradan təhlükə gəlirsə, onun qarşısını almaq lazımdır.
İkinci tərəfdən, qohumla evlilik haramdır. Bunu əslində din xadimləri deməlidir, amma mən deyirəm. Görünür ki, din xadimləri sona qədər təhlil etmirlər ki, haramın fəlsəfəsi, mahiyyəti nədir. O şeydən ki, təhlükə gəlir, islamda onlar haramdır. Diqqət edək, su, çörək müqəddəsdir, amma onları çox yemək haramdır. Bu məntiqlə təbii ki, qohumla evlənmək haramdır.
Hamı bilir ki, qohumla evlənmək gələcəkdə şikəst, qüsurlu uşaqların doğulmasına gətirib çıxarır, yenə də buna gedirlər. Hətta bu cür evlilikdən uşaq sağlam dünyaya gəlsə belə tez sevinməyə dəyməz, ola bilər ki, uşaq 2, 3, 5 yaşına gəldikdə artıq fəsadlar üzə çıxır. Hətta onda fəsadlar olmayanda övladlarında fəsadlar ortaya çıxır. Bu cür faktlarla tez-tez rastlaşırıq.
İnsanlar necə öz əmisi qızı və yaxud bibisi qızı ilə evlənə bilər? Axı əmiqızı-əmioğlu, bibiqızı-dayıoğlu, xalaqızı-xalaoğlu, onlar bacı-qardaş sayılırlar. Xristianlarda bu, qəbuledilməzdir.
Beləliklə, illərdir davam edən bu adət-ənənəni unutmaq lazımdır. Bu, yeni nəslin gələcəyinə zərbədir. Buna görə də qanunu müsbət qiymətləndirir, ona qarşı çıxanlara isə dərindən düşünməyi tövsiyə edirəm.
Hazırladı: Xalidə GƏRAY
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ