Onlayn ictimai-siyasi qəzet
Avropa, Yaxın Şərq, Avrasiya, Afrika... ümumən Yer üzü günümüzdə çətin dönəmdən keçir. Sanki 3-cü Dünya müharibəsi gedir – elan olunmasa da, arası kəsilərək davam etsə də... Rusiya-Ukrayna, İsrail-”Həmas” savaşları, Suriyada, Qırmızı dənizdə, Afrikanın ayrı-ayrı bölgələrində yaşananlar, hələ də bitməmiş “Ərəb baharı” və b...
Ayrı-ayrı coğrafiyalarda, ayrı-ayrı dövlətlər, qurum-quruluşlar arasında getsə də, bu müharibələr sanki vahid “məqsəd”ə xidmət edir: bu “məqsəd”in ən ümumi adı, şərti və ya mahiyyəti bir anlamda “Yeni Dünya düzəni”, digər planda “köhnə-yeni hesablaşmalar” şəklində ifadə oluna bilər. XX yüzilin əvvəllərinə aid rus devrim sloqanı ilə desək, haqları tapdanmış ölkələr öncəki düzəndə yaşamaq istəmir, o düzəni quranlarsa öncəki kimi idarə edə bilmir. Əgər Yer üzündə yeni düzən yaranmalısa, bu ancaq müharibə ilə olmalıdımı? Başqa yolu yoxmu artıq?.. Əgər başqa yolu yoxdursa, deməli, biz uzun illər, qərinələr boyu ədalətsiz bir Dünya düzənində yaşamışıq – bəli, bu, elə belədir. – Bunu şəxsən bizə sübut etməyə ehtiyac yoxdur: hər tərəfdən öz torpaqları ilə həmhüdud olan bir ölkənin vətəndaşları olaraq, parçalanmış xalq olaraq ədalətsizlik nədirsə, onu öz canımızda, iliyimizdə hiss edirik... Hələ-hələ bu qədər küncə - Qafqazın və Xəzərin qoynuna “sıxışdırılmış” ölkənin 20 faizi də üç on il boyunca işğal altındaydı. Tanrıya çox şükürlər olsun, əgər illa yeni Dünya düzəni qurulacaqsa, biz o düzənə qalib ölkə olaraq qoşulacağıq! Bununla belə, təsəvvür edin: heç kəsin torpağında, haqqında gözü olmayan nəcib, barış sevər, xeyirxah Azərbaycan xalqı, bütün olmuşlara-olmamışlara baxmayaraq, 44 günlük müharibənin həmən ardından Ermənistana barış anlaşmasının baza prinsiplərini təqdim etdi. Xocalı Soyqırımı, Bağanis-Ayrım, Qaradağlı, Ağdaban və b. soyqırımı aktlarını törətmiş, 4 minə yaxın əsir-girov soydaşımızın taleyi haqqında hələ də bir düz-əməlli bilgi verməyən Ermənistana barış əli uzatmaq özü bir hadisədir və dünya birliyi bunu dəyərləndirməlidir. Bu hadisə, daha yaşanıla bilər bir dünyanın mümkünlüyünə inamdan, ərdəmdən xəbər verir. Qardaş Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın tam da belə bir inamı, ərdəmi ifadə edən “Daha adil bir dünya mümkün” adlı kitabı var. Azərbaycanla Türkiyənin arasına qara zolaq kimi sırınmış Ermənistan Respublikasına barış anlaşmasının baza prinsiplərini göndərmək, yalnız Ermənistanı deyil, onun bütün havadarlarını da qayğılandırmışdır. – Bəli, bəli, düşünmək, təqdir, qəbul etmək yerinə qayğılandı bizim “qonşu” və onun böyük bacısı da, nə bilim “forpost” yiyəsi də, daha kimlər də... Nə üçün? Çünki nə Ermənistana, nə arxasındakılara ədalətli dünya, barışcıl siyasət əl vermir... Əgər əl verirsə, açıq-gizli dəstək görən dövlət terrorçuluğu, vandalizm, neokolonizm, ksenofobiya, islamofobiya, türkofobiya, azərbaycanfobiya nə üçün “çiçəkləyir”? Ermənistan Ermənistan olsa, arxasındakılardan üzülüşə bilsə, gerçəklikləri bəlkə də idrak edərdi. Ancaq dövlət qurama, siyasət asılı, büdcə asılı, xarakter pozuq... olunca, olmur ki olmur...
Bu gün Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış törəni oldu. Açılışda çıxış edən Azərbaycan Prezidentinin sözləri ilə desək, “Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Qlobal Bakı Forumu artıq özünəxas gələnəklərə, bəsbəlli təcrübəyə malikdir. İlk Forumun keçirildiyi 2013-cü ildən bəri Bakı çox önəmli mövzuların geniş, dərin və üfüqügeniş müzakirə ocağı olub:
Güney Qafqaz Forumu (2013), II Qlobal Açıq Cəmiyyətlər Forumu (2014), “Yeni dünya düzənində etimadın bərpa olunması” (2015), “Çoxqütblü dünyaya doğru” (2016), “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” (2017), “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” (2018), “Dünyanın yeni xarici siyasəti” (2019), “COVID-19-dan sonrakı dünya” (2021), “Qlobal dünya nizamına təhdidlər” (2022), “Dünya bu gün: Çağırışlar və ümidlər” (2023)... Və nəhayət, bu il: “Parçalanmış dünyanın bərpası”! Bir parçalanmış dünya necə bərpa oluna bilər? – Ədalətlə! Ədalət yalnız bir ev, bir nəsil, bir şəhər, bir ölkə miqyasında deyil, ümumdünya miqyasında da mülkün təməlidir! Ədaləti bir mücərrəd anlamlı söz olmaqdan çıxarıb, genişləndirmək, dərinləşdirmək, insanlıq bayrağı tək göy üzünə ucaltmaq, üfüq ötəsinə ismarlamaq lazımdır! Cəmiyyətlər, ölkələr arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar vermədən, həqiqəti “mənim həqiqətim”, “sənin həqiqətin” deyə parçalasaq, Dünya parçalanar, hələ bir az o tərəfə də keçər... Ədalət əxlaqi-hüquqi, sosial-siyasi şüur kateqoriyası olaraq bütün coğrafiyalarda, hər bir beyin mərkəzində, qərarvermə məntəqəsində təcalla etməli, qaranlıqlara Günəş kimi doğmalıdır. Bakı bunu deyir, Bakı belə istəyir, Bakı bununçün çalışır. Bakının bu istəyi, “o ikilistandartları, o ayrı-seçkiliyi ki, mən görmüşəm, siz görməyin” ərdəmidir; “bizim yaşadığımız, bizə yaşadılmış haqsızlıqlar daha heç kimin başına gəlməsin” comərdliyidir!
Parçalanmış dünyanı düzəltməkçün insan zəkasının icad etdiyi ən əlverişli üsullardan biri, bəlkə birincisi dialoqdur. Dialoq anlaşmanın açarıdır. O açar ədalət müəssisəsində tasarlanarsa açmadığı kilid qalmaz...
Qoy, beynəlxalq aləm insaflı yanaşmalarla, birlik-bərabərlik içində irəli getsin. Biz, bunu öz ərazi bütövlüyün, suverenliyini bərpa etmiş ölkə olaraq deyir, istəyirik! Bu qiymətbiçilməz böyüklükdür! Bunun qarşılığında, tam da XI Qlobal Bakı Forumu ərəfəsində (13.02.2024) “Avropa Birliyi və Ermənistan arasında daha yaxın ilişkilər və Azərbaycanla Ermənistan arasında barış anlaşmasına ehtiyac” adlı ilə Avropa Parlamentində qəbul edilmiş Qətnamə ölkəmizə qarşı ikili standartların növbəti bariz örnəyidir. Bu, əsassız, qərəzli Qətnamə Avropa İttifaqının nəinki Avropada, ümumən Yer üzündə parçalayıcı funksiyasından xəbər verir... _ Azərbaycan XİN-nin Qətnaməyə dair açıqlamasında vurğulandığı kimi, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu Qətnamə, “barışın təşviq edilməsi” kimi tanıdılmasına və guya Avropa Birliyi-Ermənistan bağlarına həsr olunmasına baxmayaraq, bütün faktların saxtalaşdırılması ilə diqqəti cəlb edir və Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi sayılmalıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ