İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərinləşən sülh danışıqları - İrəvan bu dəfə antisülh havadarlarını iqnor edə biləcəkmi...

Avropa İttifaqının bölgədə pozuculuq fəaliyyəti Ermənistanın siyasətinə təsir göstərə, vəziyyət gərginləşə bilər; ekspertlərdən bədbin proqnozlar

Azərbaycanla Ermənistan arasında, nəhayət, sülh sazişinin yaxın vaxtlarda imzlanacağına ümidlər artıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının münasibətlərin normallaşdırılmasını, hər iki tərəfdən saxlanılan şəxslərin azad edilməsi barədə razılaşmanı, sülhə yönəlik prosesin aparılmasını özündə ehtiva edən birgə açıqlamasından sonra yeni bir pozitiv vəziyyət yaranıb.

Azərbaycan birmənalı olaraq bu prosesdə səmimi şəkildə mövqeyini ortaya qoyub. Ermənistanda da, deyəsən, vəziyyəti anlayır, sülhün alternativi olmadığını dərk edir və buna hazırlaşırlar. “Ermənistan Azərbaycanla sülh müqaviləsi ilə bağlı dərin danışıqlar prosesindədir, bu gün saziş və ondan irəli gələn addımların ardıcıllığı bizim gündəliyimizdədir”. Bunu Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Vaqarşak Akopyan deyib. “Hesab edirəm ki, biz sülh müqaviləsinin və sülhün bərqərar olmasının danılmaz reallığa çevrilməsi üçün bütün mümkün platformalardan istifadə etməliyik”, - deyə o bildirib. “Bu yaxınlarda Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq saxlanılanların mübadiləsinə dair birgə açıqlaması və Ermənistanın COP29 forumuna dair razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi”. Bunu isə Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var. Eyni zamanda 13 dekabrda heç bir vasitəçinin iştirakı olmadan iki ölkənin sərhədində əsirlərin dəyişdirilməsi prosesinin həyata keçirilməsi münasibətlərin 0-dan başlanması istiqamətində ciddi addımdır. Amma bir sıra hallarda rəsmi İrəvan ayrı-ayrı paytaxtlardan verilən təlimatlar əsasında hərəkət edir ki, bu da prosesin uzanmasına səbəb olur. Ermənistan, nəhayət, bu dəfə qeyd edilən siyasi iradəni praktik icraya yönəldə biləcəkmi? Regionda sülhün olmamasında maraqlı olan Ermənistanın tətikçiləri - Fransa, erməni lobbisi, ABŞ Konqresindəki erməniyanlı güclər, Rusiya dairələri İrəvanı növbəti dəfə sülhdən imtinaya sövq edə bilərmi?

Üzeyir Cəfərov ordudan ehtiyata buraxıldı – “Hərbi ekspert kimi ...”

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan artıq başa çatmaqda olan 2023-cü ili də özünəməxsus şəkildə yola verdi: “Az qala hər gün, bəzən hər həftə sülh müqaviləsi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bəyanatlar verməklə Ermənistan rəsmiləri bir daha sübut etdilər ki, onlar vaxt uzatmaqla həm ölkədaxili, həm də kənardan gələn təzyiqləri bir qədər yumşaltmaq üçün söz oyununu bundan da sonra davam etdirməkdə maraqlı görünürlər. Yəqin ki, 2024-cü ildə də ermənilər çalışacaqlar ki, öz havadarlarından müəyyən hərbi və siyasi dəstək əldə etmək üçün manevrlər etsinlər. Siyasi iradə olmadığına və bəzi maraqlı qüvvələrin müdaxiləsinə görə məsələ uzanır. Düşünürəm ki, bu istiqamətdə yaxın aylarda da hər hansı ciddi irəliləyiş gözlənilmir”. 

Ü.Cəfərov qeyd etdi ki, sülh müqaviləsinin təxmini hansı platformada imzalanacağı da bəlli deyil: “Ona görə də proses uzanacaq. Ara-sıra görüşlər, müzakirələr olacaq, amma real nəticənin olması real görünmür. Bu arada, ermənilərin 31 kənd söhbətini də dövriyyəyə buraxması onu deməyə əsas verir ki, Azərbaycan-Ermənistan arasında gələn aylarda müəyyən gərginliklər yaşanacaq. Söz ritorikası, ola bilsin güc ritorikasına da keçsin. Bir sözlə, regionda dayanıqlı sülhün yaxın vaxtlarda olması ehtimalı çox zəifdir”. 

Polkovnik istisna etmir ki, Azərbaycanın hələ də azad olunmayan kəndləri ilə bağlı sərt addımlar atılsın: “Azərbaycanın 8 kəndi tez bir zamanda qaytarılmasa, düşünürəm ki, ordumuz mütləq hərəkət etməli olacaq. Elə Avropa İttifaqının missiya üzvlərinin daha 73 nəfər artırılması da ona hesablanıb ki, tərəflər arasında gələn il məhz o 8 yaşayış məntəqəsi üzərindən gərginlik yaşanacaq və onlar da bundan öz məqsədləri üçün istifadə edəcəklər. Avropalıların özləri üçün regionda daha əlverişli bir məşğuliyyət və komfortlu bir iş yeri tapdıqlarını nəzərə almaq lazımdır. İki ölkə arasında münasibətlərin tam qaydaya düşməsi isə bu cənablara heç cürə sərf etmir. Onlar öz yüksək məvacibli iş yerlərini və ciddi maliyyə qazanclarını itirməmək üçün çalışırlar ki, proses uzansın”.

Akif Nağı QAT-ın partiya olmasından danışdı: “Hədəfimiz təşkilatlanmaq,  seçkilərdə iştirak etməkdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı bu barədə qəzetimizə açıqlamasında vurğuladı ki, son üç ildə sülh müqaviləsi ilə bağlı xeyli təşəbbüslər olub, təkliflər verilib, amma nəticə əldə olunmayıb: “Həmçinin sülh perspektivləri ətrafında dramatik hadisələr hamımızın gözümüzün qarşısında baş verib. Ümumi şəkildə yanaşsaq, Ermənistan əsasən nəticənin əldə olunmasına yox, manipulyasiyalara üstünlük verib. Bu müddət ərzində Azərbaycan nəticələrə, o cümlədən Xankəndi fəthinə güc yolu ilə nail olub. İndi də vəziyyət müsbət mənada o qədər də dəyişməyib. Ermənistan manipulyasiyadan real hərəkətə, sözdən konkret işə keçmək istəmir. Ona görə də bu amili nəzərə almalıyıq”. 

A.Nağı xatırlatdı ki, İrəvan sülh deyir, digər tərəfdə isə sürətlə silahlanır, mülki müşahidəçiləri hərbləşdirir: “Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən Zəngəzur dəhlizinə əngəl törətməkdə davam edir, Azərbaycana qarşı Başkəndlə bağlı ərazi iddiaları irəli sürür. Xarici amillərlə bağlı da nikbinliyə əsas yoxdur. Qərblə Rusiya arasında sərt qarşıdurma davam edir. Rusiya hətta açıq hədələrdən də çəkinmir, Qərbin təşəbbüsü ilə əldə olunacaq sülhlə razılaşmayacağını açıq deyir. Biz Ermənistanı sülhə məcbur edə bilərik, amma ya Rusiya, ya da Qərb həmin sülhü pozmaq üçün əlindən gələni edəcək. Biz regionun lider dövlətiyik, amma xarici dövlətlər, birinci növbədə Rusiya təxribat imkanları ilə təhlükə mənbəyi olaraq qalır. Bir həqiqəti qəbul etməliyik ki, regionda bu və ya digər dərəcədə davamlı sülhün əldə olunması Rusiya ilə Qərb arasında əldə olunacaq konsensusa bağlıdır. Bu isə yaxın perspektivdə görünmür. Ona görə də sülh istəklərimizin üzərində qalmaqla müharibəyə də hazır olmalıyıq”.

Tural İsmayılov: “Ermənistanın Qarabağa hərbi texnikalar daşınması  Azərbaycanın antiterror əməliyyatlarını zəruri edir” | 1news.az | Xəbərlər

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə bu qənaətdədir ki, Ermənistan sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər irəli sürsə də, ümumi prosesə hər hansı formada təsir etmək imkanına malik olmayacaq: “Hər birimiz hazırda tarixi anların yaşandığı dövrün şahidləriyik. İlk dəfədir ki, iki münaqişəli ölkə - Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün perspektivlər yaranıb. Sülh tərəfdarı olan Azərbaycan regionda hər zaman əmin-amanlığın hökm sürməsi üçün səy göstərib. Yaşanan təxribatlara baxmayaraq, Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər sülh müqaviləsinin imzalanması prosesini daha da sürətləndirir. Hazırda sülh müqaviləsinin imzalanması yönündə böyük işlər görülür. Ermənistan hər zaman olduğu kimi indi də müqavilənin imzalanması prosesinə mane olan, yaxud vaxtı uzadan fəaliyyətini davam etdirir. İrəvan sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər irəli sürsə də, ümumi prosesə hər hansı formada təsir etmək imkanına malik olmayacaq. Ermənistan münasibətlərin normallaşması istiqamətində davam etdirilən proseslərə mane olan addımlardan çəkinərsə, sülh müqaviləsinin tezliklə imzalanması realdır”. 

Ekspert bu qənaətdədir ki, Rusiya hazırda İrəvanı sülhdən yayındırmaq istəməz: “Əksinə, Rusiya istəyir ki, sülhlə bağlı iki ölkə arasında irəliləyiş Qərbin vasitəçiliyi olmadan baş versin. Bunun üçün də ən məqbul variant Moskvanın vasitəçiliyidir. Lakin burada Ermənistana təsir etmək imkanları kifayət qədər məhduddur. Ona görə də iki ölkənin vasitəçi olmadan dialoqu ikinci variant kimi Rusiyaya daha cəlbedici gəlir”. Avropa İttifaqının Ermənistandakı missiyasına gəldikdə, T.İsmayılov ilk günlərdən bunun bir kəşfiyyat missiyası olduğunu söylədiyini xatırlatdı: “Mülki müşahidə missiyasından bəhs edilsə də, faktiki olaraq burada alman, fransız, Kanada polis kəşfiyyatının nümayəndələri yer alır. Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası adı altındakı komandasının qrup rəhbəri Markos Ritteri özü köhnə kəşfiyyatçı hesab edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu missiyanın konkret olaraq hədəfləri və məqsədləri bəlli deyil. Hazırda orada fəaliyyət göstərən missiya nə məqsədlərlə o ərazilərə gəlib, aydın deyil. Çünki Azərbaycanla Ermənistan arasında hələ ki sərhədlər delimitasiya olunmayıb və delimitasiya olunmamış sərhədlərdə hansı müşahidənin aparılacağı özü çox ciddi sual işarələri ilə doludur. Biz görürük ki, bu mülki müşahidə adı altındakı kəşfiyyat şəbəkəsinin əvvəlcə müəyyən müddətə gəldiyi vurğulansa da, sonra müddətsiz olduğu açıqlandı. Dayanmadan Ermənistanın müxtəlif şəhərlərində onlara nümayəndəlik ofisləri açırlar. Artıq sayları da artıb. Əlbəttə ki, burada onun hansı missiyanı apardığı bəlli deyil”. 

Politoloq qeyd etdi ki, uzun müddətdir Azərbaycan-Ermənistan şərti sərhədlərində, ümumiyyətlə, hər hansı gərgin vəziyyət hökm sürmür: “Ölkələrarası münasibətlərdə də kifayət qədər pozitiv məcralar, tendensiyalar müşahidə edilir. Bu zamanda həqiqətən də bu mülki müdafiə missiyası adı altındakı qrupun məhz Ermənistan ərazisi altından Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti həyata keçirdiyi aydın olur”.

Aşkar görünür ki, kövrək sülh təşəbbüslərinin olması şəraitində Avropa İttifaqının bölgədə nümayiş etdirdiyi pozuculuq fəaliyyəti Ermənistanın siyasətinə təsir göstərə bilər. Hər halda, erməni ekspertlər belə Aİ-nin onlara xoşbəxtlik gətirmədiyini açıq mətnlə dilə gətirirlər. Lakin Qərbin təsir dairəsində olan Paşinyan hökumətinin Aİ-nin masaya qoyduğu təlimatları icradan imtina edəcəyi inandırıcı görünmür, bu isə növbəti dəfə münasibətlərin gərginləşməsinə aparan siyasətdir...  

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR