İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın bələdiyyə uydurması

14 fevral təkcə ümumdünya sevgililər günü olaraq tarixə yazılmadı, həmin gün Mərkəzi Seçki Komissiyamızın sədri Məzahir müəllim də brifinq yaparaq bələdiyyə seçkisinə yekun vurdu. Ərz etdi: “Ümumilikdə 685 bələdiyyə üzrə 8071 nəfər bələdiyyə üzvü seçilməli idi. Bununla bağlı 2 dəfədən çox müraciət olub. 26 siyasi partiyanın 24-nün namizədləri seçkidə iştirak edirdi. 23 siyasi partiya isə rəsmi şəkildə iştirak edib. 16511 namizəd imza vərəqi götürmüşdü. Onlardan 16 238 nəfəri qeydə alınıb. Onların yarıdan çoxu 23 siyasi partiyanın nümayəndələri idi. Bələdiyyə seçkilərinə ictimaiyyətin marağı yüksək olub”. Sitatın sonu.

Başa düşürəm, hörmətli oxucularımız da ola bilsin məni qınayacaqdır ki, bu nə mövzudur yazırsan, işin-gücün yoxdurmu və sairə. Haqlı görünəcəklər. İctimaiyyətin bələdiyyə seçkisinə marağı əslində heç yox idi. Bu “eksperimenti” də batırmışıq.

Eyni zamanda, biz nəhayət anlamalıyıq ki, azadlığın, demokratiyanın, insan hüquqlarının, o cümlədən dövlətçiliyin əsasında cəmiyyətin, insanların özlərini idarə edə bilmək hüququ və qabiliyyəti durur. Özü-özünü idarə edə bilməyən cəmiyyət yaxşı nə qura bilər? Gəlin papağımızı qabağımıza qoyaq, fikirləşək. Sanki hər bələdiyyə seçkisində uca millətimizə işarə vurulur ki, səni özbaşına qoysaq, “ya keçələ ərə gedəcəksən, ya zurnaçıya”. Folklorumuzda daha kəskin misallar da var, bunda dayandım.

Əlbəttə, mən iddia etmirəm ki, bizim özümüzün özümüzü idarə eləmək, hətta hansısa məhəllə və ya kənd şəklində - qabiliyyətimiz fısqırıqdır. Adama deyərlər qabiliyyətiniz var, qabağa çıxın. Azadlıq və özünü idarə etmək məsuliyyətdir axı, eyni zamanda. Məsuliyyət daşımaq istəyən nə qədərdir? Özünə, ailəsinə, küçəsinə, obasına, şəhərinə, ölkəsinə məsul olmaq, cavabdeh olmaqdan söhbət gedir. Yəqin bizdə cavabdehlik hissi formalaşmalıdır. (“Malıdır”, “məlidir” sonluqlu fikir və cümlələrdən zəhləm gedir və bunun çıxılmaz dalan olduğunu anlayıram).

Demokratiya təkcə vəzifələr deyil, həm də hüquqlardır. Bunun biri olmayanda, o birisi də olmur. Qəliz oldusa misal çəkim. Biz istəyiriksə hökumət uşağımıza yaxşı baxsın, həmin hökumətin vergisini ödəməli və formalaşmağında iştirak etməliyik. Ayrı üsul yoxdur. Müftə pendir ancaq siçan tələsində olur.

Həftə sonu bələdiyyə temasında aktivləşmə Milli Məclisdən də yan keçməmişdi. Orada Ədliyyə Nazirliyinin bələdiyyələr üzrə illik hesabatı müzakirə olunurdu. Yenə minnətin biri bir qəpikdən idi: “bələdiyyəyə filan qədər dotasiya verilir, lakin işi yarıtmırlar, vergi düzgün toplanmır, bələdiyyə aktları pis gündədir” və sairə. Əlbəttə. Camaat özü seçmədiyi bələdiyyə üzvlərinin fəaliyyətiylə niyə maraqlansın? Kim təyin edir, zəhmət çəksin o da qiymətləndirsin.

Həmin iclasda bir deputat isə yumşaq yazsam, düzgün olmayan məlumatı xalqa sırımaqla məşğul idi. (Deputatın adını da yazardım, sadəcə, əmin deyiləm ki, heç olmazsa öz adı düzgündür). Sitat: “Bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur. Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Rumıniyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə və eləcə də şəffaflığına təsir göstərir”. Sitatın sonu.

Yəni, demək istəyir bu 685 bələdiyyə də uca millətə çoxdur, ləğv edək, gedib dombalaq aşsınlar. Ancaq biz jurnalistlərin vəzifəsi ağ yalanları ifşa etməkdir.

Çexiyada 205 yox, 6253 bələdiyyə var. Sadəcə, onların səlahiyyətləri kənd, şəhər və sairədən asılı olaraq fərqlənir və bu deputat səhv oxuyub, yalnız böyük şəhərləri sayaraq 205 rəqəmini “çıxarıb”. Eyni şey Bolqarıstana da aiddir, orda bələdiyyə “kmet” adlanır, böyük şəhər bələdiyyələri ilə kənd bələdiyyələrinin statuslarında müəyyən təbii fərqlər var, ümumilikdə Bolqarıstanda 5 min 200-dən çox bələdiyyə subyekti var.  

Rumıniyada da vəziyyət aşağı-yuxarı eynidir, yazıb oxucuları yormaq istəmirəm, dərhal keçirəm Türkiyədəki vəziyyətə. Bizim bu əldəqayırma millət vəkilinin uydurmasına görə, guya Türkiyədə cəmi-cümü 1389 bələdiyyə var. Halbuki, Türkiyədə təkcə “köy muxtarlarının” (oxu: kənd bələdiyyəsi sədri) sayı 50 mindən artıqdır! Türkiyədə bələdiyyə, yerli özünüidarəetmə necə yüksək səviyyədədir, ona uyğun olaraq bələdiyyə seçkiləri də nə cür rəqabət şəraitində, nə cür ictimai maraqlı keçir, bunu yazmağıma ehtiyac yoxdur – hamınız bilirsiniz.

 

  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR