Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan 30 illik işğala öz gücü və potensialı hesabına son qoymasına baxmayaraq, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına təşəbbüs və səy göstərən bir ölkə kimi qlobal məsuliyyətini bir çox güc mərkəzlərindən daha çox dərk etdiyini ən yüksək səviyyədə göz önünə sərgiləyir”.
Bunu Musavat.com-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
Millət vəkili vurğulayıb ki, Ermənistanla sülh təşəbbüsünün müəllifi və əsas təminatçısı Azərbaycandır:
“Bu günə qədər həm sərhədlərin delimitasiyası, həm sülh müqaviləsinin mətninin razılaşdırılması, həm də digər razılaşmaların əldə olunmasında rəsmi Bakının əsas və həlledici rolunun olduğu kimsəyə sirr deyil.
Zənnimcə, Rusiya Bakı ilə İrəvan arasındakı münasibətlərin normallaşması barədə növbədi dəfə təşəbbüs göstərməzdən öncə hərbi bazasının mövcud olduğu və hələ də eyni hərbi-siyasi blokda təmsil olunduğu ölkədən – Ermənistandan atəşkəsi hansı səbəblərdən pozduğu barədə izahat almalıdır”.
Elçin Mirzəbəyli deyib ki, digər tərəfdən, Moskvanın Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nə üçün yerinə yetirmədiyi barədə izahat tələb etmək üçün hətta hüquqi əsasları da var:
“Çünki dəhlizin açılması ilə bağlı Ermənistanın öhdəliyinin yer aldığı sənəd, bilavasitə Rusiyanın iştirakı ilə imzalanıb. Moskva, həmçinin Azərbaycanın Ermənistan konstitusiyası ilə bağlı tələblərinin tamamilə haqlı olduğunu da, əgər sühyaratmaya meyllidirsə, İrəvanın diqqətinə çatdıra bilər. Sənədin isə harada imzalanmasından daha çox önəm daşıyan məqam Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə hazırda və gələcəkdə üçüncü hər hansı bir tərəfin müdaxiləsinə imkan verilməməsi, bunun üçün ipucunun olmamasıdır”.
E.Paşasoy,
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ