İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan prezident seçkiləri ilə bağlı ÇAĞIRIŞ 

Qloballaşan dünyamızda baş verən geosiyasi proseslərdə daha uğurlu olmaq üçün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənimiz naminə sıx birləşməsi böyük önəm daşıyır.

Dövlətimizin diaspor təşkilatlarımıza davamlı dəstəyi nəticəsində xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi yarandığı gündən müşahidə edilib. Bu gün 30 illik diaspora təşkilatlarımız inkişaf edib, nüfuz qazanıb, vətənlə möhkəm bağlar qorunub. Şanlı Qələbəmizdə həm sevinən, həm dəstək verən eyni zamanda Azərbaycan diasporası idi. Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərdilər. Bütün dünya azərbaycanlıları cənab Prezident İlham Əliyevin çağırışı ilə Dəmir Yumruğun ətrafında sıx birləşdi. “Qarabağ Azərbaycandır” şüarı bütün dünya azərbaycanlılarının uşaqdan böyüyə dediyi şüara çevrildi. Bu gün isə Qələbəmizin sayəsində xaricdə fəxr və qürur hissi ilə biz Azərbaycanlıyıq deyirik.

Diasporumuzun əldə etdiyi uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı və xarici ölkələrdə yaşayan həmyerlilərimizin təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi dövlətimizin prioritetlərindən birinə çevrildi. Beləliklə, Azərbaycan diasporu tarixdə ilk dəfə inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərin siyasi irsinin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün dünya azərbaycanlıları arasında təşkilatlanma özünün ən yüksək səviyyəsindədir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti sayəsində azərbaycançılıq ideyası ətrafında sıx birləşən soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, zəngin mədəni irsimizin təbliğində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında qətiyyət nümayiş etdirirlər.

Xaricdə yaşayan soydaşlarımızın növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq  təşəbbüs qrupunu yaratması bizim birliyimizin növbəti təzahürüdür. Cənab Prezident İlham Əliyevin uğurlu diaspor siyasəti və onun göstərişi ilə atılan addımlar nəticəsində ölkədən kənarda yaşayan soydaşlarımız Azərbaycan Evləri, həftəsonu məktəbləri və yay düşərgələri kimi layihələrdə iştirak edərək milli dövlətçilik ənənələrimizə sadiqliklərini nümayiş etdirirlər. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz seçkilərdə Müzəffər Liderimizi dəstəkləyəcəklərini bəyan edirlər. Bütün bunlar isə bir daha Prezident cənab İlham Əliyevin bütün dünya azərbaycanlılarının lideri olduğunu göstərir.

Artıq respublikamızdan kənarda daimi əsaslarla və ya müvəqqəti yaşayan 22102 vətəndaşımız üçün 49 seçki məntəqəsi təyin olunmuş, onların siyasi iradəsini ifadə etmələri üçün əlverişli şərait yaradılmışdır. Dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə fevralın 7-də keçiriləcək prezident seçkilərində bütün dünya azərbaycanlılarını, diasporumuzun üzvlərini bizə böyük zəfərlər yaşadan cənab İlham Əliyevə səs verməyə dəvət edirəm!

Emin Hacıyev - Milli Məclisin deputatı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR