İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Hacıbala Abutalıbova sərt ittihamlar - “Satıblar, zəbt ediblər”

Deputat Etibar Əliyev Milli Məclisdə bələdiyyələr və torpaq sahələri ilə bağlı məsələlərin müzakirəsi zamanı ilginc fikirlər söyləyib.

“Seçildiyim Suraxanı rayonunda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda İcra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa, hamısını satıblar və zəbt ediblər”,-deyə deputat ciddi ittihamlar səsləndirib.

Musavat.com xəbər verir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat deyib ki, bələdiyyələrlə bağlı çox mühüm fərman və sərəncamlar icra olunmur: “15 yanvar 2001- ci ildə “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezident fərmanı olsa da indiyə kimi əmlak Bələdiyyələrə verilməyib. Bakı Bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib”.

E.Əliyev bildirib ki, adını çəkdiyi şəxslərə qoşulanlardan biri də 30 il Suraxanı rayon Mənzil kommunal təsərrüfatı birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir: “Bir rayonu 4 nəfər işğal edib”. Deputatın sözlərinə görə, 222 min əhalisi olan bir rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var: “Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır”.

Deputat deyib ki, belə adamların əlindən elə əvvəldən bələdiyyələr zəlil günə qalıblar. Bu adamların əlindən ölkəyə böyük zərbələr dəyir: “Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb. Reytinqə tək Azərbaycan daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?”

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR