İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Qərbi Azərbaycan icması bizim üçün bir şansdır”

Azərbaycanda dövlət dəstəkli ‘’Qərbi Azərbaycan İcması’’ yaradılıb. Musavat.com xəbər verir ki, yeni təşkilat “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin bazasında qurulub. Belə ki, “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri artıq həll edilib.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.

329594.jpg (108 KB)

Musavat.com-a verilən məlumata görə, icmanın rəhbəri millət vəkili Əziz Ələkbərli seçilib.

Yayılan rəsmi məlumatlardan ortaya çıxan nəticə budur ki, Azərbaycana qarşı daim ərazi və başqa iddialarda bulunan Ermənistan üçün bundan belə mənəvi-psixoloji və siyasi təzyiqlər ciddi olacaq. Musavat.com-a çatan məlumata görə, yeni yaradılan təşkilatın nəzdində televiziya, radio, internet resursları olacaq və bunun üçün lazımi qədər vəsait ayrılacaq. Bütün bunlar o deməkdir ki, bundan belə Ermənistan adlanan məkanın Azərbaycanın və həmin məkandan sürgün- qaçqın edilən azərbaycanlı əhalinin ciddi və davamlı iddiaları olacaq. Bu, çox lazımlı və zamanında ortaya atılan bir prosesdir. Bundan belə, Ermənistanla danışıqlar masasında Qərbi Azərbaycan icmasının yer almasını da diplomatik çevrələrdə, beynəlxalq təşkilatlarda aktuallaşdırmaq lazımdır.


Azərbaycan bu addıma da boşuna getmir. Demək ki, Ermənistanın qarşıdakı danışıqlarda və sülh müqaviləsinin imzalanması prosesində bir sıra ‘’ev tapşırıqları’’, təxribatları gözlənilir. Azərbaycan həm onlara hazılr olmaq, həm də gerçəkdən Zəngəzurdan İrəvana qədər tarixi və gerçək iddialar irəli sürmək haqqına sahibdir. Bu haqqı təşkilata çevirmək və üstəlik, hətta bu təşkilatın davamı olaraq, Qərbi Azərbaycan hökuməti qurmaq dövlətimizə bir sıra üstünlüklər qazandırır.
Musavat.com-da olan məlumata görə, ‘’Qərbi Azərbaycan İcması’’ elə indidən ölkənin ən yüksək potensiallı təşkilatıdır. İcmada Qərbi Azərbaycan əsilli 24 millət vəkili, 300 nəfərdən çox tanınmış ziyalı və ictimai-siyasi xadim, yüksək səviyyəli mütəxəssislər var. İcmanın potensial sayının 1 milyon nəfərə yaxın olacağı gözlənilir.
Bu təşkilatın girişdə sadalanan və burada göstərilməyən əhəmiyyəti barədə İcma üzvlərindən rəylər aldıq.

etibar.jpg (280 KB)

İcmanın yaradılmasında iştirak edən deputatlardan biri olan Etibar Əliyev məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Bu cür icmanın yaradılmasını alqışlayıram. 44 günlük Vətən müharibəsindən, zəfərimizdən sonra əlbəttə ki, biz tarixi torpaqlarımız barəsində də düşünməliyik. Əvvəllər bu ideologiya olub, lakin çox dağınıq formada.

Qərbi Azərbaycanın bütün toponimləri öyrənilib, bu zaman bir dənə də olsun erməni toponiminə rast gəlinməyib. Çünki Qərbi Azərbaycanın bütün bölgələrində həmişə azərbaycanlılar üstünlük təşkil edib. Ora bizim tarixi torpaqlarımızdır.

Hesab edirəm ki, bu icma möhkəm ideoloji quruma çevriləcək, eyni zamanda öz strukturları ilə digər ölkələrdə yaşayan azərbaycanlılar arasında da böyük maarifçilik işləri aparılmasına nail olacaq.


İcmada Azərbaycanın tanınmış ziyalı və ağsaqqalları, elm və təhsil adamları, eyni zamanda deputatlar təmsil olunur. Ümid edirəm ki, bizim rasional davranışımız və işlərin rasional formada ardıcıl olaraq həyata keçirməsi nəticəsində öz istəklərimizə çata biləcəyik”.


Etibar Əliyev qeyd etdi ki, təkcə Qərbi Azərbaycandan olan insanlar deyil, ölkənin digər bölgələrindəın olan şəxslər də bu proses dəstək olmalıdır:

“Hesab edirəm ki, bu qurum sırf bir regiondan olan insanlardan ibarət olmamalıdır, çünki bu bizim ümumi problemimizdir.

Ermənilər hər zaman “dənizdən-dənizə böyük Ermənistan” xülyasını önə çəkiblər. Onlar bunu dərsliklərə salıb, digər tədbirlərə həyata keçiriblər. Amma artıq biz bu icma vasitəsi ilə təşkilatlanaraq, haqlı hüququmuzu beynəlxalq səviyyədə qaldırmağa çalışacağıq. Daha böyük sübut və dəlillər sayəsində bu torpaqların bizim olduğunu dünyaya çatdırmağa çalışacağıq.

Beləliklə, düşünürəm ki, bu qurum kifayət qədər funksional bir quruma çevriləcək və qərbi azərbaycanlılar öz istəklərinə çatacaqlar.
Ermənistanla danışıqlarda masada Qərbi Azərbaycan icmasının da olmasını istərdik. Qurumda beynəlxalq hüququ bilən şəxslər də təmsil olunur. Mütəmadi olaraq bir hüquq çərçivəsində və ideoloji planda bu işləri aparmalıyıq ki, bəli bu icma da danışıqlarda təmsil olunsun. Düşünürəm ki, buna çox qısa zamanda nail ola biləcəyik”.

FotoJet - 2021-12-31T120403.870.jpg (36 KB)
Deputat Fazil Mustafa qeyd etdi ki, Qərbi Azərbaycan icmasının yaradılması ideyası çoxdan olub:

“Bildiyiniz kimi bundan əvvəl “İrəvan”, “Zəngəzur” və digər bu kimi müxtəlif cəmiyyətlər olub. Lakin onları ictimai siyasi faktor kimi təqdim edə bilməmişik. Burada dövlətin də dəstəyi lazımi səviyyədə olmayıb. Lakin biz indi artıq müəyyən dərəcədə problemlər yaşayan xalqdan, dövlətdən problemlər yaradan dövlətə çevrilirik. Çünki problemlərimizi həll etdikcə düşmən qarşısında daha ötkəm, məqsədyönlü siyasət yürütmə imkanı əldə edirik. Bunun da çevik, vaxtında doğru istiqamətlərini müəyyən edə bilsək, düşmənin ideyalarını zərərsizləşdirmək imkanını da əldə etmiş olarıq.

Ermənilər kifayət qədər iddialar ortaya qoyublar və bu iddialar başlarından böyükdür, onu həyata keçirmək şansları yoxdur. Bununla belə ideyaları, iddiaları ətrafında müəyyən qədər ajiotaj, toz-tozanaq yarada bilirlər. Amma bizim haqqımız olduğu halda Qərbi Azərbaycan iddiamızı bir qədər arxa planda saxlamışdıq, çünki daha çox Qarabağ üzərinə kökləyib, fikrimizi addımlarımızı bu istiqamətdə cəmləmişdik. Lakin indi elə bir şərait yaranıb ki, Qarabağla bağlı çözüm istiqamətimi tapmışıq və problemləri ən azı sənəd əsasında çözməyə çalışırıq.

İndiyə qədər yaradılmış bu cür təşkilatların müəyyən dərəcədə kadr potensialı o qədər yetəli olmadığından, yaxud maddi bazası, təşəbbüskarlıq imkanları aşağı olduğundan məlum missiyanı üzərinə götürə bilməmişdi. Xatırladım ki, bir müddət əvvəl Qərbi Azərbaycan hökuməti də yaradılmışdı, amma aktivləşə bilmədi. Hamı bu məsələdə daha çox dövlətdən köməklik gözləyir, lakin insanların ciddi təşəbbüskarlığı olarsa, onda dövlət daha həvəslə dəstək verər. Yoxsa ki, dövlət büdcəsindən vəsait ayrılır, sən də 5-10 məmuru yığ kabinetə, kabinetlərdə oturub vaxtını itir, beləliklə məsələ öz həllini tapmır və mümkün də deyil. Ona görə də hesab edirəm ki, yaradılan Qərbi Azərbaycan icmasında ictimai təşəbbüskarlıq genişlənməlidir. Bu bölgədən olan insanların aktivliyi çox böyük rol oynaya bilər. Və bir də təmənnasız yanaşma öz sözünü deyə bilər. Çünki adətən kimsə status alandan sonra düşünür ki, dünyanın ağasıdır və arxasınca bu işi inkişaf etdirməkdə maraqlı görünmür, bu zaman bura digər təşəbbüskar insanlar daxil ola bilmir. Ona görə də Qərbi Azərbaycan icması bizim üçün bir şansdır. Biz Ermənistan ərazisində azərbaycanlıların məskunlaşma siyasətini artıq aktiv siyasi hədəf kimi ortaya qoymalıyıq. Yəni, biz artıq Xocalı, Şuşa mərhələsindən çıxıb, daha böyük hədəfə doğru işimizi gücləndirməli, Ermənistanı psixoloji cəhətdən məşğul etməli, bizim iddialara cavab verən ölkəyə çevirməliyik. Hər dəfə bu daşı Ermənistanın qabağına çıxarmalıyıq ki, artıq öz daxilindəki problemləri ilə məşğul olsun və xaricdə işğalçı düşüncəsini, zehniyyətini daşmaqdan usansın.

Borçalıda siyasətimiz yarıtmaz siyasət oldu. Bu gün Borçalı Azərbaycan, türk Borçalısı deyil, bir fars Borçalısına çevrilməkdədir. Bunun da günahkarı bilavasitə özümüzük, yarıtmaz anlamsız və düşüncəsiz siyasətdir. Biz eyni səhvi Qərbi Azərbaycan üçün etməməliyik. Heç olmasa burada daha sağlam düşüncələri müzakirəyə çıxardıb qəbul etməliyik ki, bunun da faydasını yaxın zamanda görmək mümkün olsun”.


Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR